BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarının Ankara texno-düşərgəsinin ikinci günü yekunlaşıb!

27 mart 2025 10:24:15

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Komitəsi və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə Azərbaycandan olan məktəbli şəhid övladları üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən texno-düşərgənin ikinci günü geridə qalıb.
 
25 məktəbli şəhid övladının qatıldığı düşərgənin ikinci günündə iştirakçılar ilk olaraq Ankara şəhərində yerləşən Türk Aerokosmik Sənayesi (“TUSAŞ”) və “ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və aviasiya sistemləri barədə biliklər əldə ediblər.
 
Daha sonra Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət edən şəhid övladlarını qarşılayan millət vəkili, Türkiyə-Azərbaycan dostluq qrupunun sədr müavini Orhan Erdem Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən şəhidlərimizin övladlarını TBMM-də görməkdən qürur duyduqlarını bildirib. Görüş zamanı iştirakçılar parlamentin tarixi və fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
 
Günün ikinci yarısında isə Prezident Milli Kitabxanasını ziyarət edən düşərgə iştirakçıları burada Türkiyənin zəngin ədəbi irsi və tarixi arxiv materialları ilə tanış olublar. Kitabxana nümayəndələri tərəfindən iştirakçılara kitabxananın fəaliyyəti, nadir əlyazmalar və müasir rəqəmsal resurslar haqqında ətraflı məlumat verilib.
 
Qeyd edək ki, 27 mart tarixinədək davam edəcək bu düşərgə ərzində iştirakçılar Türk Aerokosmik Sənayesi (“TUSAŞ”) və “ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və peyk texnologiyaları barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.