BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qusar Ana Vətənin çağırışına qoşuldu

13 oktyabr 2020 16:45:58

Ataların gözəl bir məsəli var: "Varını verən utanmaz". Bu gün Qusarda bu el məsəli lap yerinə düşür. Cəbhə bölgəsinə gedən 5  yük avtomobili məhz qusarlıların öz varlarını verməsi nəticəsində dolub.

 

Səhər saat 9.30. Qusar şəhərinin general Mahmud Əbilov adına mərkəzi meydanındayıq. Rayon ictimaiyyətinin nümayəndələri, rayon rəsmiləri, İH başçısı Şair Alxasov cəbhəyə gedən avtomobilləri yola saldı. Öyrənirəm ki, qusarlılar əsgərlərimizə hər cür ərzaq, geyim, meyvə-tərəvəz, tibbi ləvazimat, məişət əşyası göndərib. Qusar İH başçısının müavini Elman Mustafayev deyir ki, əsasən ləzgilərin yaşadığı Qusarın camaatı döyüşlər başlayandan yenə də əsgərin, hərbçilərimizin yanındadır. Hamı Ordumuza kömək etmək istəyir. Neçə-neçə qusarlı öz avtomaşını ilə döyüş bölgəsinə gedib, öz yardımını edib. Proses davam edir".

 

"Orduya dəstək" kampaniyasına həvəslə qoşulan Qusar sakinləri Milli Ordumuza həmişə dəstək olacağını deyirlər. Müsahibum olan sadə insanlar deyir ki, biz cəbhəyə sovqat göndərəndə rahat oluruq, qələbəyə gedən yolda əsgərlərimizə bu yolla dəstək olmaq istəyirik. Bu, həqiqətən belədir, müşahidələrimizə görə 5 yük avtomobili sadə qusarlıların, vəzifəli şəxslərin, ziyalıların köməyilə dolub. Kimin nəyə gücü çatıb, cəbhə üçün əsirgəməyib. Yun ləzgi corabından tutmuş tonlarla alma və kartof, ləzgi şirniyyatatları, isti geyimlər və hər cür ərzaq döyüş zonalarına göndərilib. Hamı da yaxşı bilir ki, Ali Baş Komandan İlham Əliyevin birbaşa qayğısı və diqqəti sayəsində Şanlı Ordumuzun təminatı yüksəkdir, hər şey boldur. Sadəcə, camaat bu yardım və sovqatları hərbçilərimizdən qələbə xəbəri gözləyərək ürəkdən edir. Halal xoşları olsun. Qələbə bizimdir!. Qarabağ Azərbaycandır!(Modern.az)