"Murov azad olunanda birinci Raquf yada düşdü" – Sevinc Orucova
28 sentyabr 2020 13:00:24
Ötən gün Naftalanda idik, bilirdik ki, nələrsə baş verəcək. Bu, axır-əvvəl olmalı idi. Qisasa doğru yol gedirdik. Bu, bizim haqq yolumuzdur, torpaqlarımızı işğaldan azad etmək istəyirik.
Zəfər.Az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ötən gün cəbhədə baş verənlər haqqında danışarkən deyib.
Sevinc Orucovanın sözlərinə görə, Murovdağın azad olunması Raquf Orucovun ikinci vətəninin azad olunması deməkdir:
“Raqufun vətəni Ağdam idi, amma Murovun onun üçün özəlliyi vardı, qəhrəmanlığı Murovla bağlı idi. Xidmətə Murov dağından başladı və 8 ilə yaxın orada xidmət göstərdi. Məmməd Araz demişkən, Murovdağ əsgərinin bir günü bir ömrə bərabərdir. O qədər çətin şəraitdə döyüşürlər ki...Biz özümüz də orada yaşamışıq, oranın hər çətinliyini görmüşük.
Raquf orada olan kəşfiyyat zirvələrini, oranı addım-addım tanıyırdı. İşğaldan azad olmuş Murovdağ zirvəsinə qədər gedib çıxmışdı. Onun ilk şəhidlik xəbərini də Murovdağda yaşayanlar eşitmişdi. Bizim orada xeyli dostlarımız var, onlar mənə zəng etmişdilər, amma məlumatım olmadığı üçün bildirməmişdilər. Raqufun ruhu o dağlarda dolaşırdı, fikri daima oralarda idi. Mən bilirdim ki, Raqufun qarşısına başımızı dik tutub getməyə haqqımız olacaq. Məzarını ziyarət edəndə onun uğrunda can verdiyi torpaqları azad etdiyimizi deyə biləcəyik, bu, çox böyük təsəllidir”.
Raquf Orucovun qəhrəmanlığını xatırladan Sevinc Orucova belə şücaət göstərən igidlərimizin az olmadığını vurğulayb: “Torpaqlarımız uğrunda şəhid olan, döyüşən hər bir şəxs qəhrəmandır. Onların adlarını da məhz işğaldan azad olunmuş torpaqlarımızda əbədiləşdirək. Gələcək zəfərləri gözləyirik, qulağımız səsdədir. Ağdam, Şuşadan şad xəbər gözləyirik. Yağı düşmənin başı əzilməlidir, onlara aman vermək olmaz”.