Lavrov: “Atəşkəs rejiminə nəzarət mexanizmləri hazırlanır”
13 oktyabr 2020 09:05:19
Oktyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri tərəfindən qəbul edilmiş bəyanatda xüsusilə vurğulanıb ki, atəşkəs rejiminə əməl olunmasına nəzarət mexanizmləri əlavə olaraq hazırlanacaq.
Zəfər.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı ilə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin kəskin xarakterini, hərbi əsirlər və saxlanan şəxslər probleminin kəskinliyini və əlbəttə ki, meyitlərin yaxınlarına təhvil verilməsi zərurətini nəzərə alaraq bu cür yoxlama mexanizmlərinin hazırlanmasını ləngitmək olmaz:
“Hazırda bununla bağlı iş gedir. Rusiya bu prosesdə iştirak edir, həmsədrlər müvafiq yardım göstərir və təmasda olduğumuz Beynəlxalq Qırmızı Xaç Komitəsi də bölgədə vəziyyət sabitləşən kimi qoşulmağa hazırdır”.
Rusiyanın tənzimləmə prosesində gələcək iştirakına gəldikdə nazir vurğulayıb ki, ölkə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi bu məsələ ilə aktiv məşğul olacaq.