BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycanlı gənc Dağlıq Qarabağ münaqişəsi barədə Amerika ictimaiyyətini məlumatlandırdı

12 oktyabr 2020 13:36:45

Amerikanın Corc Vaşinqton Universitetinin dissertantı Çilənay Səfərli Dağlıq Qarabağ münaqişəsi barədə Amerika ictimaiyyətinin məlumatlandırılması,  erməni mediasının yaydığı yalan məlumatların qarşısının alınması üçün görülən tədbirlər, münaqişənin korportiv şərtlər daxilində izahı və digər aktual mövzular barədə socialsinsider.com portalına ətraflı müsahibə verib.

 (https://www.socialsinsider.com/2020/10/09/nagorno-karabakh-from-a-change-management-perspective-a-view-from-student-activist-chilanay-safarli/

Corc Vaşinqton Universitetində İnsan və Təşkilati Təlimi proqramının dissertantı Çilənay Səfərli Azərbaycanda çoxsaylı milli və dini azlıqların -ləzgilərin, talışların, rusların, kürdlərin, yəhudilərin və digər azlıqların yaşadığını eşidən amerikalı dostlarının təəccüblərini gizlətmədiklərini bildirib. O, Amerikada Azərbaycanla  bağlı  daha çox məlumat yaymaq üçün Corc Vaşinqton Universitetində Azərbaycanlı Tələbələr Assossasiyasını yaradıldığını, mütamadi olaraq Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında dinc etiraz yürüşləri keçirildiyini, Azərbaycandakı mövcud vəziyyətlə bağlı Amerika senatorlarını, konqresmenlərini məlumatlandırmaq məqsədi ilə onlara zəng edildiyini və məktublar ünvanlandığını, erməni mediasının yaydığı yalan məlumatların qarşısının alınması üçün müxtəlif tədbirlər görüldüyünü bildirib. Azərbaycanlı dissertant erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884  saylı Qətnamələrinin bu günə qədər yerinə yetirilməmədiyini təəssüflə bir daha amerikalı oxucuların diqqətinə çatdırıb.

 

Müsahibədə həmçinin Azərbaycanın adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biri olduğu, ümumilikdə 1 milyondan çox qaçqın (Ermənistan ərazisindən qovulan) və məcburi köçkünün (işğal olunmuş ərazilərdən məcburi köçürülən) hələ də sürgün, etnik təmizləmə və soyqırım travmasnı üzərlərindən ata bilmədikləri vurğulanıb. Demoqrafik balans yaratmaq üçün Orta Şərqdən etnik ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirən Çilənay Səfərli Ermənistanın mono-etnik siyasət yürütdüyünü, nə Ermənistan ərazisində, nə də ki, işğal olunmuş ərazilərimizdə bir nəfər belə olsa azərbaycanlının yaşamadığını oxucuların diqqətinə çatdırıb. Ermənistandan fərqli olaraq, Azərbaycanda  hazırda 30  minə yaxın erməninin yaşadığı qeyd olunub. 

 

Çilənay Səfərli bildirib ki, Amerikada yaşayan yoldaşlarına Dağlıq Qabağ müharibəsi barədə məlumat verərkən,  gətirdiyi arqumentlərin  tarixi və sosio-mədəni reallıqlara əsaslanmasına xüsusi önəm verir . Sosial mediada həqiqətləri yalnış təqdim edən və manipulyasiya edən, vəziyyəti daha da gərginləşdirən qərəzli xəbərlərdən, ritorikadan kədərləndiyini bildirən Çilənay Səfərli hər kəsi münaqişə barədə fikir yürütməmişdən əvvəl  həqiqəti yoxlamağa, münaqişənin köklərini beynəlxalq mənbələrə istinad edərək araşdırmağa çağırıb. 

 

 “Azərbaycanın dövlət qurumlarında qadınlarda lider kimliyinin inkişafı” adlı dissertasiya yazdığını bildirən Çilənay Səfərli Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında qadınlara ilk seçki hüququ verən ölkə olduğunu, qadınların iqtisadi və ictimai həyatda iştirakının iqdisadi inkişafı və ədalətli idarəetməni gücləndirdiyini və davamlı iqdisadiyyat  üçün   tövhə olduğunu bildirib. Müsahibəsində münaqişəni daha anlaşıqlı dildə anlatmaq üçün Çilənay Səfərli hətta Dağlıq Qarabağ münaqişəsinin korporativ şərtlər daxilində izahını da verib.