Xocalı faciəsinə gedən yol
11 fevral 2020 17:35:24
1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri başlandı. Sanki sehrli dirijor çubuğu ilə idarə olunan mitinqlər sakit məcrada davam edir, ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. Buna baxmayaraq Azərbaycanın o vaxtkı rəhbərliyi bu mitinqlərin sosial-iqtisadi, mədəni tələblərlə bağlı olduğunu bildirir, həqiqəti ört-basdır edirdilər. Keçmiş sovet hökuməti isə Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin həll edilməsi ilə bağlı qərar qəbul etməklə kifayətlənirdi. Qərarın mürəkkəbi qurumamış Azərbaycanın var-dövləti Stepanakertə daşınmağa başlandı. Ermənilərə də elə bu lazım idi...
1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə, yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb. Hələ hadisələrə qədər erməni daşnaklar 230-a yaxın azərbaycanlı evini, yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər.
Unutqanlıq isə həmişə yeni faciələrə yol açır. O vaxt Yerevanda nəşr olunan "Kommunsit" qəzeti belə bir informasiya dərc etmişdi ki, erməni özünümüdafiə şurasını sədri A.Arturyanın və həmin şuranın üzvü A.Mkrtıçyan Şuşa rayonunun Verdadzor kəndinə səfərdən sonra Yerevana qayıdaraq bütün erməniləri Dağlıq Qarabağa səfərbərliyə səsləyiblər. Və təbii ki, bu çağırış cavabsız qalmadı. Erməni daşnak-könüllülərin Qarabağa axını başladı və Azərbaycanın bu regionu qaynar qazana çevrildi.
1990-cı ilin iyul ayında Azərbaycanın o vaxtkı prezidenti A.Mütəllibov daha "uzaqgörən" bir göstəriş vermişdi: "Azərbaycan və erməni kəndləri arasında barışıq müqaviləsi bağlansın". Bu mənasız göstərişi dəstəkləyən bir çox ziyalılar, əmək qabaqcılları, pedaqoqlar televizorda, qəzet səhifələrində çıxış edərək deyirdilər: "Əgər bir gün də azərbaycanlılar ermənilər kimi qoşun düzəltsələr, onda nə baş verə bilər? İki millət bir qarış torpaqdan ötrü bir-birini qırıb məhv etsinmi?"
Stepanakertdə nəşr olunan "Sovetski Karabax" qəzeti isə 1990-cı il 10 iyul tarixli sayında yazırdı: "Artsax iqtisadi suverenlik qazandı" və bu münasibətlə ermənilər Moskvanın Dağlıq Qarabağdakı Rusiya "canişini" A.Volskinin xidmətlərini xüsusi qeyd edirdilər. Elə həmin il Ermənistan Ali Sovetinin sessiyası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu qərara qədər isə Ermənistanda 140 min nəfərə yaxın üzvü olan silahlı dəstələr yaradılmış və Dağlıq Qarabağa göndərilmişdi. Azərbaycan tərəfi isə Moskvadan kömək umur, nicat gözləyirdi. Nəhayət, erməni-daşnak silahlı qüvvələri Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladılar. 1991-ci ilin oktyabr ayında Mardaket rayonunun İmarət-Qərvənd (Kərəmli) kəndi erməni silahlı dəstələri tərəfindən yandırıldı, onlarla dinc sakin qətlə yetirildi. Bunun ardınca Tuğ, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı kəndləri erməni daşnak ordusu tərəfindən yandırılaraq azərbaycanlı əhaliyə divan tutuldu. 1991-ci ilin oktyabr ayından 1992-ci ilin fevral ayına qədər, yəni beş ay müddətində ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan demək olar ki, "təmizləmişdilər".
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daşnaklar tərəfindən tam mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin ümidinə buraxılmışdı. Halbuki xocalılar erməni-daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar. Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-göy qan ağlayırdı. Ermənilər qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər. Xocalı sakini Kamil Hüseynov o dəhşətli günləri belə xatırlayır:
Ermənilər Xocalıya girəndən sonra hər tərəfi oda qalayır, qarşılarına çıxan azərbaycanlıları sorğu-sualsız güllələyirdilər. Fevralın 26-da gecə saat 10-11 radələrində meşə ilə Abdal-Gülablı tərəfə yol aldıq. Qocalarda, qadınlarda, uşaqlarda taqət qalmamışdı. Vahimə, soyuq və aclıq bizi heydən salmışdı. Şərqiyyə adlı qadın və bir yaralı əsgər gözlərimin qarşısında keçindi. Ermənilər yaşayan Dəhraz kəndi yaxınlığında mühasirəyə düşdük. Və bu zaman 5-6 nəfər həlak oldu. İki gün bizi Dəhrazda saxladılar. Girov götürülən 12 nəfər cavanı bir qədər aralıda güllələdilər. 35 gün erməni əsirliyində ən dəhşətli, işgəncəli anlar yaşadıqdan sonra Qırmızı Xaç tərəfindən əsirlikdən azad oldum.
Həmin vaxt 15 yaşı olan Salman Qasımov anası, qardaşı və qohumları ilə birlikdə 12 gün ac-susuz meşələrdə qalmış, dəhşətli anlar yaşamışdır. Xocalı soyqırımı zamanı 10 yaşı olan Ədalət isə başlarına gətirilənləri belə nəql edir:
Fevralın 25-i idi. Gecə ermənilər Xocalıya hücum etdilər. Hərə bir tərəfə qaçırdı. Atam, anam və qardaşımla birlikdə meşəyə tərəf qaçdıq. Üç gün meşədə ac-susuz qaldıq. Yanımızda bir neçə nəfər soyuqdan donaraq öldü. Qəflətən ermənilər bizi atəşə tutdular. Atam və anam həlak oldu. Hər ikisinin meyiti qarın üstündə qalmışdı. Gücümüz çatmırdı ki, onların cəsədini kənara aparaq. Sonra bizi xilas etdilər. Atamı və anamı Bərdə rayonunda dəfn etdik.
Erməni vəhşiliyinin iç üzü budur! Türk qanına susayan erməni-daşnaklarının törətdikləri soyqırım, bu dəhşətli faciə Xocalının salamat qalan sakinlərinin gözləri qarşısında baş verib.
Fevralın 26-sı gününü mən də yaxşı xatırlayıram. Soyuq, sazaqlı bir qış günü idi. Şelli dağında ermənilərin əlindən qaçıb qurtulmuş uşaqları, qadınları və qocaları xəstəxanaya yola saldıq. Yaralarından qan axan bu insanlar bir-birindən - ana baladan, ata oğlundan, qardaş bacıdan ayrı düşmüşdü. Onları ovundurmaq mümkün deyildi. Çox dəhşətli, ürəkparçalayan mənzərə idi. Ağdam özünümüdafiə batalyonları döyüşə-döyüşə Xocalı sakinlərinin cəsədlərini dağlardan, dərələrdən toplayırdı. İnsanlığa sığmayan, yalnız erməniyə xas olan faciə ilə üz-üzə qalmışdıq. Sağ qalmış insanlardan kimi dindirsən belə deyirdi: bizim bu sözlərimizi bütün Azərbaycana çatdırın. Respublikanın rəhbərlərini lənətləyirik. Onlar satqın və namərddirlər. Torpaqlarımızı, bizi qumara qoyublar. Ona görə də tələb edirik ki, Heydər Əliyev Azərbaycana gəlsin, bu xalqı qırğından, müsibətdən xilas etsin. Nicatımız yalnız ondadır!
Həmin gün gecədən xeyli keçmiş Xocalıda vəziyyətə dair rəsmi məlumat televiziya və radio ilə oxundu. Belə məlumat verildi ki, hadisələr zamanı guya iki nəfər azərbaycanlı öldürülüb. Bax, bu zaman Xocalı soyqırımını dünyaya çatdırmağa çox ciddi maneçilik törətdi. Əhali arasında çaşqınlıq yarandı. Bəlkə də bütün bunlar qəsdən edilirdi. Çünki qarşıda hələ Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalı dayanmışdı!
Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: "... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir".
Xocalı soyqırımının 28-ci ili tamam olur. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsən, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır!(files.preslib.az)