23 şəhid övladı himayəyə götürüldü - AÇIQLAMA
16 sentyabr 2020 17:30:38
“2016-cı ilin aprel döyüşlərində və bu ilin iyul ayında Tovuz rayonunun sərhəd ərazisində erməni qəsbkarlarının hücumlarının qarşısının qəhrəmancasına alınmasında onlarla vətən övladı şəhid olub. Bu şəhid ailələrinin sosial problemlərinə yardımçı olmaq məqsədilə AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, 2-5 aprel 2016-cı il və 12-14 iyul 2020-ci il tarixlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 azyaşlı uşağı himayəyə götürülsün”.
Bu barədə Zəfər.az-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Qeyd edilib ki, şəhid ailələrinin hər bir uşağına onlar 18 yaşına çatana kimi ayda 150 (yüz əlli) manat məbləğində yardım edilməyə başlanılıb. Ödənişlər 2020-ci ilin 1 sentyabr tarixindən həyata keçirilir.
“Bu məsələ ilə bağlı heç bir millət vəkili müraciət etməyib. Bu AHİK-in öz təşəbbüsüdür”,-deyə qurumdan əlavə edilib.
Milli Məclisin deputatı Vüqar Bayramov bundan əvvəl bildirmişdi ki, aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciəti müsbət cavablandırılıb.