BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

General Denstervill Bakı uğrunda döyüşlərdə ERMƏNİLƏR HAQDA

17 sentyabr 2020 16:01:14

(Gündəlikdən parçalar)


19 avqust 1918-ci il

Dünən və bu gün uzunluğu 10 milə çatan cəbhə xəttini bütünlüklə gəzmişəm. Cənubda, dəniz sahilindən şimala qədər sağ cinah açıq qalır. Bu da türklərə qüvvələrini yenidən qruplaşdırmağa, yarımadanın şərqindən arxamızda müəyyən narahatlıq yaratmağa imkan verir. Hər iki cinahın ön xəttində dayanan ermənilərin nəzarət etdikləri mövqelərin mənim Şimali Stafforddan olan əsgərlərim hesabına qüvvətləndirilsə də bu ermənilər son dərəcə boş, fərsiz adamlardır. Aralarında heç bir nizam-intizam və mütəşəkkillik yoxdur. Tədricən erməni batalyonlarına britaniyalı komandirlər göndərməyə başlamışıq. Batareyalarda da bizim zabitlər var.

 

1 sentyabr 1918-ci il

Bakı heç nəyə baxmadan hələ də müdafiə olunur. Bu sadəcə uzun sürən möcüzədən başqa bir şey deyil. Şəhərdə qayda-qanun və nizam-intizam yoxdur. Beş nəfər diktator – Yermakov, Lemlin, Velunts (erməni) və b. yarpaq kimi zəifdirlər. Bakı qoşunlarında heç bir intizam, mütəşəkkillik və tabeçilik nişanəsi görünmür. Ermənilər düşmənin hücum etdiyi hər yerdə geri qaçırlar. Nəticədə əsgərlərim yardımdan məhrum olduqlarına görə asan ova çevrilirlər. Mən ermənilərə az öncə möhkəmləndirilən mövqelərdə yerləşməyi əmr etmişdim. Çünki məhz həmin istiqamətdən zərbə gözləyirdik. Amma onlar düşmən hücumunu əsas gətirib əmrin icrasından boyun qaçırdılar. Dünən erməni hərbi hissələrə cəbhə xəttinə yollanmaq əmr olunub. Lakin yığışıb məsələ ilə bağlı iclas keçiriblər. İştirakçıların 30 faizi cəbhə xəttinə getməyin lehinə olub. 70 faiz əleyhinə çıxıb. Bu 30 faiz həqiqətən də dəyanətli oğlanlardır. Onlar qalan 70 faizin üstünə silah çəkiblər ki, ya cəzalandırsınlar, ya da əmrin icrasına məcbur etsinlər. Güllə səsləri bizim zirehli maşınlardan birinin lap yaxınlığından gəlib. Maşına cavabdeh olan kiçik zabit komandirə zəng vurub. “Əgər atəşi dərhal dayandırmasalar, onları gülləbaran etmək əmrini vercəyəm”. Komandir cavabında deyib: “Buyurun, əmr verin!"


3 sentyabr 1918-ci il

Baş komandan general Dokuçayev yaxşı oğlandır. Amma elə güclü adam deyil, üstəlik də ən çətin sahə üçün cavabdehdir. Onun qərargah rəisi polkovnik Avetisov (ermənidir) zəif, xəstə, tamamən heç bir işə yaramayan adamdır. Generala dedim ki, onu dalına bir təpik vurub qovsun, yerinə də Stouku təyin etsin.

 

5 sentyabr 1918-ci il

Çevrəmdəki əsasən ermənilərdən ibarət Bakı qoşunları həqiqətən də xalis dəhşətdir. Dünən gecə, qaranlıq düşəndə zabitlərimdən biri müdafiə xəttini inspeksiya edirdi. Ən təhlükəli və düşmən hücumunun ən çox gözlənildiyi yerdə ermənilərdən bir nəfərə də rast gəlməmişdi. Əslində isə cəbhə xəttinin həmin hissəsində 1500 əsgər və 2 pulemyot olmalıdır. Bütöv erməni batalyonunun dayanmalı olduğu başqa nöqtədə isə cəmisi 75 nəfər varmış.


12 sentyabr 1918-ci il

Qonşu verfdə qadını aşnası güllə ilə vurub yaralayıb. Onun qulağı deşən fəryadları adama kədər gətirir. Amma belə hallar burada adi şey sayılır. Qəddar ermənilər müsəlmanlara hücumlarına heç ara vermirlər. Dünən gecə yenə də tatar evinə basqın ediblər. Rus əsgərləri qayda-qanun yaratmaq üçün gələndə kapitanın oğlu yaralanıb. Ona örə də gəmidə matəmdir. Dünən bombardman olmayıb. İnsanın zəhləsini tökən sakitlikdir.


15 sentyabr 1918-ci il

Ermənilərdən isə həmişəki kimi bu dəfə də bir fayda yox idi.


16 sentyabr 1918-ci il

Bu erməni qaçqınları əsl fəlakətdir!

(ingilis dilindən tərcümə Vilayət Quliyevindir)

 

(Modern.az)