Türkmənçay müqaviləsindən - 192 il ötür
10 fevral 2020 14:57:13
Türkmənçay sülh müqaviləsi — Qacar imperiyasıilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 10 fevral1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırki Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinni bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Peskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlərlə müqavilə imzalanmasa rus qoşunları 5 günə Tehranı tutacaqdır.
Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər istisna olunmaqla birdə 1991-ci ildə müstəqil oldu.
Mahiyyəti
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K.V. Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci II mayın 24-də Cəlaloğlu yanındakı rus düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi. Qaraziədin danışıqlarında A. S. Qriboyedov İran məmurlarına psixoloji baxımdan təsir göstərmək üçün bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalandı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi.
Birinci maddə ilə tərəflər arasında əbədi sülh elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödöyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilir (VII maddə). Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddə ticarət konsulluqları açılmasından, on birinci maddə qarşılıqlı olaraq savaş ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. On beşinci maddə ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə sülh haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu. Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi.
Türkmənçay müqaviləsi XIX yüzillikdə İranın İngiltərə, Fransa, Rusiya və Osmanlı ilə bağladığı müqavilələr içərisində ən ağırı idi.
Maddələr
I maddə - Bütün Rusiya İmperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.
II maddə - Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətiəri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış savaş ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətiəri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.
III maddə - İran şahı həzrətLəri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığının və Naxçıvan xanlığının Rusiya imperiyasının tam mülkiyyətinə güzəşt edir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.
IV maddə - Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Osmanlı torpaqlarının ucundakı kiçik Ağrı dağın zirvəsindən aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə kiçik Ağrı dağın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq barəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatağı üzrə 3 ağac, yəni 21 Rusiya versti uzanacaqdır; sonra sərhəd Muğan düzü vasitəsilə Bolqar çayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsindən 3 ağac, yəni 21 verst aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqar çayın sol sahili ilə yuxarı, adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan İsə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən. Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkuhun zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Zuvand və Ərş dairəiərini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Zuvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velgic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velgic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.
V maddə - İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz adından, həm də öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında, Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.
VI maddə - İran şahı həzrətləri hər iki dövlət arasında yaranmış savaş ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə, ya iyirmi milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı Traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.
VII maddə - İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri İran şahı həzrətlərinə öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.
VIII maddə - Rusiya tacir gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilər; bu səbəbdən də əvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.
IX maddə - Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların (hökumətlərin) səfirlərinin, nazirlərinin və işlər müvəkkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.
X maddə - Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hamilik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentiəri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər birinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətiəri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlığa əməl etməyə vəd verir, İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.
XI maddə - Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və savaş ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.
XII maddə - Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır; onlardan Arazın hər iki tərəfindən tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri, ona aidiyyatı olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.
XIII maddə - Axırıncı və ya bundan qabaqkı savaşın gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa qarşılıqlı əsir düşmüş təbəələri azad edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) qaytarsınlar.
XIV maddə - Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı savaşın başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir. İran hökuməti, bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızılüzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.
XV maddə - Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış savaşda törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan heç kəs öz hərəkətinə və ya savaş ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir (məhz bu maddəyə əsaslanaraq 10 minlərlə erməni ailəsi İran ərazisindən Şimali Azərbaycan ərazisinə köçürülmüşdür. Bunun hesabına da Şimali Azərbaycanda xeyli demoqrafik dəyişikliklər olmuş və gələcək hadisələrin əsası qoyulmuşdur).
XVI maddə - Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımi fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.
İrandakı rus səfirliyində qırğın
Müharibənin bitməsi və müqavilənin imzalanmasından sonra İrandaRusiya əleyhinə abu-hava güclənmişdi. 1829-cu ilin 11 fevralında qəzəbli kütlə Tehrandakı Rusiya səfirliyinə hücum edərək demək olar ki. hamını qətlə yetirdi. Qətlə yetirilənlər içərisində Rusiyanın İrandakı yeni səfiri Aleksandr Qriboyedov da daxil idi. Aleksandr Qriboyedov Türkmənçay müqaviləsinin imzalanmasında aktiv şəkildə iştirak etməklə yanaşı, həmçinin məşhur rus dramaturqu olmuşdur. Məhz onun səyi nəticəsində İran ərazisində yaşayan ermənilərin Şimali Azərbaycanın Naxçıvan, İrəvanvə Qarabağ bölgələrinə kütləvi köçləri təşkil edilmişdir.
Müasir mədəniyyətdə yeri
Müharibənin bitməsindən sonra imzalanan Türkmənçay müqaviləsi XX və XXI əsr boyunca bir millətin ayrılığının simvolu halına gəlmişdir. Azərbaycan ədəbiyyatında xüsusi mövzuya çevrilən bir millətin ayrı düşməsinə onlarla əsər həsr edilmişdir. Bunlara Bəxtiyar Vahabzadənin Gülüstan poemasını, Süleyman Rüstəmin Təbrizim şerini, Sayman Aruzun Yüz il inqilab romanını, Yusif Vəzir Çəmənzəminlinin İki od arasında romanını, Xəlil Rza Ulutürkün əsərlərini misal göstərmək olar.
Bir millətin ayrılığını musiqi sahəsində də göstərmək üçün bəstəkar Əli Səlimi 1958-ci ildə Fərhad İbrahiminin Ayrılıq şerinə musiqi bəstələmışdır.
Şimali Azərbaycanda Cənubi Azərbaycan həsrətini simvollaşdırmaq üçün XX əsrin ortalarından etibarən kişi adı kimi Təbriz adı çox yayılmışdır. Xalq şairi və Azərbaycan azadlıq hərəkatının rəhbərlərindən biri olan Xəlil Rza Ulutürk də Qarabağ müharibəsində şəhid olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan oğluna Təbriz adı vermişdir.
Türkmənçay müqaviləsinin imzalandığı gün hər il Şimali Azərbaycanda və Cənubi Azərbaycanda gizli və ya açıq şəkildə qeyd edilir.