Qarabağ qazisinin müraciəti həllini tapdı
11 sentyabr 2020 10:47:37
Bir neçə gün əvvəl təşkilatımızın facebook səhifəsinə Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş və yaralanmış qazi Elçin Tağıyevin sosial və mənzil şəraitinin ağır durumda olması ilə bağlı müraciət ünvanlanmışdı. Həmçinin bildirilmişdi ki, internet xəttinin və kompüterinin olmaması səbəbindən ailənin 6-cı sinif şagirdi olan övladı distant təhsilə qatıla bilmir.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Orucova bildirib ki, bu barədə təşkilatımız tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanladıq, qısa bir vaxt ərzində ailənin yaşadığı ünvana "Aztelekom" MMC tərəfindən telefon və rabitə xətti çəkildi, "Azercell" şirkəti isə şagirdə məktəbli ləvazimatı, planşet hədiyyə etdi.
Qazi Elçin Tağıyevin bu günə qədər əliliyinin təyin edilməməsi və pensiya təminatının olmaması ilə bağlı tərəfimizdən ƏƏSMN-nə müraciət edildi. Problem nazirliyin işçiləri tərəfindən nəzarətə götürülüb və ümidvarıq ki, yaxın günlərdə həllini tapacaqdır.
Ailənin yaşadığı mənzilin şəraitinin yaxşılaşdırılması üçün də tədbir görüləcəkdir.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Orucova Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş qaziyə dəstək və həmrəyliyini nümayiş etdirən dövlət qurumuna, sosial birliyini nümayiş etdirən insanlarımıza təşkilat adından təşəkkürünü bildirib.