BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Gələn ilin büdcə gəlirləri barədə proqnoz açıqlandı

03 sentyabr 2020 17:27:13

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.

 

Zəfər.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.


Qeyd olunub ki, neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.


2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.