BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hikmət Hacıyev QHT rəhbərləri ilə onlayn görüş keçirdi - FOTO

28 avqust 2020 10:14:05

Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.
 
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından "Qafqazinfo"ya verilən məlumata görə, görüşü giriş sözü ilə açan Şura sədri Azay Quliyev bildirib ki, Prezidentin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir. Şura fəaliyyəti dövründə bu kateqoriyadan olan təşkilatların layihələrinə davamlı olaraq maliyyə ayırmış və onların bu sahədə olan təşəbbüslərini daima dəstəkləyib:
 
"Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin bu istiqamətdə çalışan QHT-lərlə ayrıca görüşü dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyini bir daha sübut edir".
 
Hikmət Hacıyev ilk olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib və onlara Allahdan rəhmət diləyib. Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib. Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H. Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib:
 
"Cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu şəhidlərə verilən yüksək qiymət idi. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. 8018 şəhid ailəsi və müharibədə əlil olmuş şəxs mənzillərlə təmin edilib, onlara 6900 avtomobil verilib. Dövlət cari ildə 1500 şəhid ailəsi və müharibədə əlil olmuş şəxsi mənzillərlə təmin edib və ediləcəkdir. Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə isə onu vurğulamaq istəyirəm ki, bu il ümumilikdə 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək”.
 
Hikmət Hacıyev bildirib ki, Böyük Vətən Müharibəsi və Əfqanıstan müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər də daim ölkə başçısının diqqət mərkəzindədir.
 
Prezidentin köməkçisi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qeyd olunan kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Aprel döyüşləri şəhidlərinin ailələrinə, həmin döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin, Tovuz döyüşlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları da Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nəzarətinə götürülüb.
 
Prezidentin köməkçisi bugünkü görüşün xüsusi əhəmiyyətinə toxunaraq QHT rəhbərlərinin fəaliyyət göstərdiyi istiqamətlər üzrə fikir və təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.
 
QHT rəhbərləri fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndirərək Hikmət Hacıyevin iştirakı ilə keçirilən QHT-hökumət dialoqunu yüksək qiymətləndiriblər.
 
Yekunda çıxış edən H.Hacıyev görüşdə fəal iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür edərək bildirdi ki, onların fikir və təklifləri diqqətlə araşdırılacaq və imkan daxilində nəzərə alınacaq. Bununla yanaşı Prezidentin köməkçisi onu da xüsusi olaraq vurğuladı ki, şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lər ölkəmizin milli maraqlarının qorunmasında, vətəndaş həmrəyliyinin və hərbi vətənpərvərliyin gücləndirilməsində, cəmiyyətin ümummilli maraqlar ətrafında birləşməsində, ölkəmizə qarşı yönələn təhdid və təxribatların qarşısının alınmasında və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə effektiv şəkildə çatdırılmasında daha fəal olmalı və bu işdə bütün potensiallarını səfərbər etməlidirlər.