BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Zəngəzur qəzası

07 fevral 2020 14:27:10

Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan ərazisində yaradılmış inzibati-ərazi vahidi. Azərbaycanın tarixi vilayətindən biri olan Zəngəzur ərazisində yaradılmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasəti nəticəsində Qarabağ, Naxçıvan, İrəvan və digər Azərbaycan torpaqları kimi Zəngəzurada İran və Türkiyədən kütləvi şəkildə ermənilər köçürülmüşdü.

 

Zəfər.Az saytı bildirir ki, 1861-ci ildə Zəngəzur qəzası təşkil olunmuşdu. Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda (1867, dekabr) Zəngəzur qəzası (mərkəzi, Gorus) onun tərkibinə daxil edilmişdi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Zəngəzur qəzasının ərazisi 6742,92 kv.verst idi. Gorusda 2201 nəfər (1193 kişi, 1008 qadın) əhali yaşayırdı. Qəzada 224197 nəfər (112780 kişi, 111417 qadm) qeydə alınmışdı. Onlardan 120 min nəfərini (53, 2%) azərbaycanlılar, 3638 nəfərini kürd müsəlmanlar (1,62%) təşkil edirdi. Çar Rusiyasının köçürmə siyasəti nəticəsində qəza ərazisində ermənilərin sayı süni şəkildə artırılmışdı. Onlar qəza əhalisinin 44,3%-ni (99,3 min nəfər) təşkil edirdi. Fevral inqilabı (1917) nəticəsində çar hökumətinin devrilməsindən sonra Zəngəzurda məskunlaşmış ermənilər azərbaycanlılara qarşı qırğınlar törətməyə, qəzada say baxımından üstünlüyə nail olmaqla bu torpaqlara yiyələnməyə cəhd etdilər.

 

Cənubi Qafqazda müstəqil respublikalar yaradılandan sonra ermənilərin Zəngəzura qarşı ərazi iddiaları soyqırımları ilə müşahidə olunmağa başladı. 1918-ci ilin may-avqust aylarında Zəngəzurda Ermənistan Respublikasının azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da genişləndi. Azərbaycan Fövqəladə təhqiqat komissiyasının üzvü Mixaylovun Cavanşir, Şuşa, Cəbrayıl qəzaları və digər Azərbaycan torpaqları kimi Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanlar və başqa zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqında məruzəsində burada 115 kəndin, 10-a yaxın təzəbinə yaşayış məskənlərinin dağıldığı və yerlə-yeksan edildiyi bildirilir. Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində bu azərbaycanlı kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10068 nəfər öldürülmüş və ya şikəst edilmişdi. Lakin ermənilərin Zəngəzur qəzasında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin miqyası əslində bundan da çox idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Zəngəzur qəzasında vəziyyəti sabitləşdirmək, əhalinin müdafiəsini təşkil etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırdı. Hökumətin 1918-ci il 27 iyul tarixli qərarı ilə Zəngəzur komendantına qayda-qanunun bərpası üçün 50 min manat ayrılmışdı. 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Ermənilərin Zəngəzur qəzasının azərbaycanlı əhalisinə qarşı qırğınları 1919-20-ci illərdə də davam etdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra (1920, 28 aprel) ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşmış, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bunu həyata keçirmək mümkün olmuşdu. Sovet Rusiyasının da yaxından iştirakı ilə Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilmiş, Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR-də Zəngəzur qəzası yaradılmışdı. 1920-ci illərin sonlarından həyata keçirilən rayonlaşdırma zamanı həmin ərazilərdə Qafan, Gorus, Mehri və Sisiyan rayonları təşkil edilmiş, Zəngəzur bir tarixi vilayət kimi ləğv edilmişdi.

 

Tarixi Azərbaycan torpaqları olan Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana ilhaq edilməsi ilə birgə Azərbaycana daha bir zərbə vurulmuş, Naxçıvan Azərbaycandan ayrı salınmışdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.459-460