Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçirilir - FOTOLAR
14 noyabr 2019 11:52:23
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Engineering for kids" MMC-nin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniyaya start verilib.
Zefer.az xəbər verir ki, Kampaniya çərçivəsində bu gün cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Çəmənli kənd tam orta məktəbində şagirdlər üçün informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzuları üzrə təlimlər təşkil edilib.
Təlimlərin keçirilməsində əsas məqsəd kənd yerlərində yaşayan şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının, sosial media marketinqi üzrə məlumatlılıq səviyyəsinin artırılması, şəhər və kənd məktəbləri arasında rəqəmli fərqliliyin aradan qaldırılmasıdır.
Təlimlər İKT LAB və “Engineering for kids”in mütəxəssisləri tərəfindən keçirilib.
Məktəblilərin böyük marağına səbəb olan maarifləndirici tədbirin sonunda onların təlim mövzuları üzrə sualları cavablandırılıb. Keçirilən təlim çərçivəsində məktəblilərə hədiyyələr təqdim edilib.