BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

AĞDƏRƏ ƏMƏLİYYATI - (17 iyun - 4 İyul 1992-ci il)

17 iyun 2020 16:05:27

1992-ci il Azərbaycan Ordusunun keçirdiyi hücum əməliyyatlarının strateji hədəfi- Qarabağ Hərbi Əməliyyatlar Səhnəsində mühüm hərbi əhəmiyyətə malik, Qarabağ dağ silsiləsinin 1992-ci ilin noyabırına qədər tutulması idi.

Bu, keçmiş DQMV-nin əhalisinin ən çox və sıx yaşadığı Ağdərə, Əsgəran, Xocalı, Xankəndi rayonları üzərində bizim hərbi nəzarətimizi təmin edir, Ermənistanın işğalçı məqsədlərinə çatmasını istisna edir və bununla da, Qarabağ sülh prosesinin Azərbaycan üçün əlverişli hərbi şəraitdə keçirilməsini və nəticələrinin tamamilə Azərbaycanın dövlət maraqlarına uyğun həllini təmin edirdi.

“Hərbi Birlik” rəhbərliyinin düzgün hazırladığı və Azərbaycan əsgərinin şücaətlə həyata keçirdiyi 12-16 iyun 1992 il uğurlu Şaumyan və Əsgəran əməliyyatları, 1991-ci ilin noyabırından sonra, ilk dəfə hücum təşəbbüsünün Azərbaycan Ordusuna keçməsini və Qarabağın şimalını- Ağdərə (Mardakert- ərazisinə görə, Xankəndidən sonra, DQMV-in 2-ci olan) rayonunu azad etmək və komandanlığın strateji planını həyata keçirilməsini davam etmək üçün əlverişli şərait yaratmışdı.

Ağdərə rayonun azad edilməsinin hərbi məqsədləri:
1. Qarabağ dağ silsiləsinin qərb-mərkəz hissəsini tutmaq;
2. Strateji əhəmiyyətə malik əsas Tərtər – Ağdərə – Kəlbəcər yolunu açmaq;
3. Strateji əhəmiyyətə malik Ulubab dağını tutmaq üçün şərait yaratmaq;
4. Kəlbəcərin Laçınla həmsərhəd kəndlərini və Laçını azad etmək;
5. Laçın dəhlizini nəzarətimizə keçirərək, keçmiş DQMV-nin Ermənistanla əlaqəsini kəsmək üçün imkanlar yaratmaq idi.

16 iyun 1992-ci ildə Ağdərə əməliyyatı Tərtərdən 3(üç), Ağdamdan 2(iki) və Kəlbəcər istiqamətlərindən düşmənə döyüş aviasiyası, uzaqvuran və reaktiv artilleriya, sarsıdıcı zərbələr endirilməsi və hücumlarla başlandı.

Əməliyyat planını Sürət Hüseynov, Nəcməddin Sadıxov, Şikar Şikarov hazırlamışdılar. Əməliyyatın bəzi elementlərinin hazırlanmasında alayların və iri özünü müdafiə dəstələrinin komandirləri və təyyarəçi Vaqif Qurbanov iştirak etmişdilər.

Əməliyyata ümumi rəhbərliyi “Hərbi Birliyin” rəhbəri Sürət Hüseynov, bilavasitə rəhbərliyi – Tərtər (əsas) istiqamətində 703-cü briqada komandiri Nəcməddin Sadıkov; Ağdam istiqamətində 708-ci briqada komandiri Elxan Orucov; Kəlbəcər istiqamətində 701-ci briqada komandiri Zaur Rzayev həyata keçirmişdilər.

Ağdərə əməliyyatında iştirak etmiş Silahlı Qüvvələrin hissə və bölmələri:

Tərtər-Ağdərə (əsas) istiqamətdə:
- 703 saylı briqada – komandir Nəcməddin Sadıkov;
- “Milli Qurtuluş” batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev;
- 123 saylı zərbə-həmlə alayı – komandir mayor Mehman Şirinov;
- 778 saylı xüsusi təyyinatlı batalyon – komandir Viktor Mudrak;
- 235 saylı batalyon – komandir Rəsul Süleymanov;
- 224 saylı batalyon – komandir Camal Əliyev;
- OMON – komandir Rövşən Cavadov;
- Bərdə özünü müdafiə batalyonu – komandir Elçin Əliyev;
- “Azadlıq” Bərdə özünü müdafiə batalyonu – komandir Ələmşah Məmmədov;
- Mingəçevir-1(MB-1) batalyonu – komandir Alı Yahyayev;
- Mingəçevir-2(MB-2) batalyonu – komandir Şaiq Mustafayev;
- Göranboy-1 batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov;
- Göranboy-2 batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov;
- Xanlar özünü müdafiə batalyonu – komandir Saleh İlyasov.

Ağdam-Ağdərə istiqamətində:
- 708 saylı briqada – komandir Elxan Orucov;
- 836 saylı Ağdam özünü müdafiə alayı – komandir Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Şirin Mirzəyev;
- Daxili Qoşunlar alayı – komandir Sabir Şabanov;
- “Qatır Məmməd” adına Ağdam özünü müdafiə batalyonu – komandir Yaqub Rzayev;
- Ağdam polis batalyonu – komandir Faiq Baxşəliyev;
-820 saylı Lənkaran alayı – komandir Mikail Hacıyev;

Kəlbəcər-Ağdərə istiqamətində:
- 701 saylı briqada – komandir Zaur Rzayev.

Ağdərə əməliyyatı zamanı, 29 iyun 1992 ildə Həsənqaya yaxınlığında 123-cü alayın 4-cü (Gəncə) batalyonun 144 nəfərlik 1-ci bölməsi və kəşfiyyat qrupu komandir Mehman Ələkpərovun bilavasitə rəhbərlik etdiyi döyüşdə Xocalı, Ağdaban, Qaradağlı qətliamlarını törətmiş ermənilərin elit hərbi bölməsi sayılan 124 nəfərlik “Arabo” dəstəsini müasirəyə alaraq, 5 saat ərzində tamamilə məhv etmişdi. Qüvvələrin təxmini say bərabərliyi, xəndəkdə mövqe tutmuş, düşmən elit dəstəsinin tamamilə məhv edilməsi ilə bizim itkilərin yalnız 11 nəfər yaralı(onlardan biri ağır) olması Mehman Ələkpərovun hazırladığı döyüş planın və Gəncə batalyonu döyüşçülərinin planın dəqiq icrası əsgərlər və komandirlərimizin döyüş qabiliyyətinin və hazırlığının düşməndən qat-qat yüksək olduğunu göstərir.

Azərbaycan əsgərinin yüksək döyüş peşəkarlığını göstərən bir çox faktlardan biri də 235 saylı Mingəçevir batalyonun 1-ci bölməsinin komandiri Əbdül Əbdürəhmanovun öz 6 nəfərlik kəşfiyyat qrupu ilə Ağdərənin Maqavuz kəndi yaxınlığında düşmənin arxasına gecə reydi zamanı Ermənistanın Baş Qərargahının zabiti polkovnik Keroyanın əsir alınmasıdır. Onun sürücüsü və cangüdəni bizm döyüşçülər tərəfindən eyni zamanda və səssiz (bıcaqla) öldürülmüş, polkovnik isə avtomaşınında olan məxfi sənədlər, xəritələr və ABŞ istehsalı olan, müşahidə cihazları ilə 2 iyul 1992-ci ildə əsir götürülmüşdü.

Ağdərə (Mardakert) şəhərini erməni bölmələrilə bərabər, Bakıda 20 Yanvar qətliamını törətmiş rus kazak polku müdafiə edirdi. Ağdərə şəhərində kazak polkunun tamamilə məhv edilməsi məqsədilə Ağdərə şəhəri 2 iyulda müasirəyə alındı.

Ağdərə (saat əqrəbilə) şimaldan 778, 235, 224, MB-1, MB-2; şimal- şərqdən “Milli Qurtuluş”, Gəncə və Xanlar batalyonları; şərqdən 123-cü alay, OMON, Bərdə-Elçin Əliyevin batalyonu, Bərdə “Azadlıq” batalyonu, 1-ci Göranboy batalyonun 1-ci bölməsi; cənub-şərqdən Daxili Qoşunlar alayı, “Qatır Məmməd” batalyonu, Ağdam xüsusi təyyinatlı polis batalyonu və Zaqatala batalyonu; cənubdan – Ağdam 836-cı alayı, 820 saylı Lənkaran alayı, 708-ci briqadanın bölmələri; qərbdən 1-ci və 2-ci Göranboy batalyonları tərəfindən müasirəyə alınmışdı.

Komandanlığın əmrinə əsasən 4 iyul 1992-ci il saat 4:50-də Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınmış Ağdərəyə ilk olaraq şimal- şərqdən – “Milli Qurtuluş” batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev; şərqdən – 123-cü alayın tank batalyonu – komandir kapitan Nazim Bayramov, 123-cü alayın 1-ci batalyonu – komandir (Şəhid) Xosrov Əhmədov və OMON bölmələri – komandir (Şəhid) Rövşən Cavadov daxil olduldar.


Təəssüf ki, rusların kazak polku Ağdərənin mühasirəyə alınmasını başa düşmüş və 3 gün öncə qaçmaqla canlarını qurtara bilmişdilər.
Ağdərə əməliyyatı zamanı, 18 iyun 1992-ci ildə Sırxavənd-Kiçan yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə Aərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Ağdam 836 saylı özünü müdafiə alayın komandiri polkovnik-leytenant Şirin Mirzəyev qəhramancasına Şəhid oldu.

Hər üç istiqamətdə qoşunlarımız qarşılarına qoyulmuş bütün döyüş vəzifə və tapşırıqlarını yerinə yetirdilər. Düşmən xeyli canlı qüvvə və texnika itkiləri verərək, qaçmaqla xilas olunmağa cəhd edir, lakin bizim pusqulara düşərək məhv edilirdi.

9 iyul 1992 ildə Azərbaycan höküməti Roma sülh danışıqlarının 4-cü raundu keçiriləcək ərəfədə xoşməramlı addım ataraq, cəbhədə bir ay müddətinə birtərəfli atəşkəs elan edənə qədər Ağdərə rayonun, Ağdərə(Mardakert) şəhəri və 3 şəhər tipli qəsəbə daxil olmaqla, 43 yaşayış məntəqəsi bizim tərəfimizdən tutuldu. Daha 10 yaşayış məntəqəsi 92-ci ilin avqust-sentyabr ayları ərzində tutuldu.


NAZİM BAYRAMOV

123-CÜ ALAYIN QƏRARGAH RƏİSİ
EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT