Prezidentin köməkçisi mədəniyyət xadimləri ilə görüşdü - FOTOLAR
19 avqust 2020 11:49:27
Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalılar ilə görüş keçirilib.
Zəfər.az-ın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak edib.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən çoxsaylı mədəni layihələrin icrası davam edir. Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq olduğunu bildirib.
O, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği, mədəniyyət obyektlərinin yenidən qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb. Anar Ələkbərov bildirib ki, bundan sonra görüləcək işlər də artıq müəyyənləşdirilib. Bunlarla bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq.
Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov yeni yaradılan İctimai Şuranın ictimaiyyət nümayəndələri ilə münasibətlərin genişləndirilməsində faydalı olacağını bildirib. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov belə görüşlərin yaradıcı təşkilatların fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə təmsil etdiyi qurumun Rusiyada keçiriləcək “Tarixi irsin saxlanılması və istifadəsi” festivalında Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrimizin vəziyyətinə dair sərgi ilə iştirak edəcəyini deyib. Anar Kərimov isə diqqətə çatdırıb ki, tarixi memarlıq abidələrimizin reyestri sonuncu dəfə 2001-ci ildə aparılıb. Ötən 19 ildə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində yeni abidələr tapılıb. Ona görə də yeni siyahının müəyyənləşdirilməsi istiqamətində artıq işlərə başlanılıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Son vaxtlar cəbhə bölgəsində ordumuzun düşmən təxribatlarının qarşısını almaq üçün göstərdiyi hünər və rəşadət xüsusi qeyd olunub. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb.
Tədbir iştirakçıları belə görüşlərin əhəmiyyətini vurğulayıblar, müzakirələr üçün seçilən bu formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər.