BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilər Tovuzun üç kəndini atəşə tutublar

14 iyul 2020 12:37:09

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

 

Müdafiə Nazirliyinindən Zəfər.Az-a verilən məlumata görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

 

Habelə ermənilər sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə, atəşkəs rejimini 74 dəfə pozub.

 

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənilərin sonuncu təxribatlarına Xarici İşlər Nazirliyi də münasibət bildirib.

 

Nazirlikdən vurğulanıb ki, dinc sakinləri hədəf alan Ermənistan ordusu özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirib. Rəsmi Yerevan üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır.

 

Ermənistan rəhbərliyi əmin olsun ki, Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı bölüşür və eynilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.

Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və bu ölkə törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcək.