BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bu gün Milli Qəhrəmanımızın anım günüdür

31 yanvar 2020 12:47:59

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Xəlilbəyli Təbriz Xəlil Rza oğlunun anım günüdür.

 

Zəfər.Az bildirir ki, Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il fevralın 12-də Bakı şəhərində - xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirir. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirməklə o, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.



Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü.



Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dəfələrlə qəhrəmanlıq nümunəsi göstərib. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə o, DİN-nin “Boz qurd” mükafatına layiq görülüb.



O, 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına şəhid olub.



Ailəli idi.

İki qızı bizlərə əmanət qalıb var.



Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlılbəyli Təbriz Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.



Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.



Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub.