Sevinc Orucovadan koronavirusla mübarizə aparan həkimlərə təşəkkür - FOTOLAR
10 iyul 2020 04:01:02
Bu gün ölkəmiz çox ağır sınaq qarşısındadır. Dünyanı bürüyən koronavirus pandemiyası ölkəmizdə də geniş yayılmış, insanlarımızın sağlamlığı təhlükə altına düşmüşdür.
Əvvəllər çox da əhəmiyyət vermədiyimiz bu virus artık həyatımızı iflic vəziyyətinə gətirmiş, ən dəhşətlisi isə əzizlərimizi, yaxınlarımızı itiririk. Bu qorxulu virus təəssüf ki, bizim təşkilatın üzvü olan şəhid ailələrindən də yan keçmədi. Gözləmədiyimiz halda şəhidimizin ailə üzvləri koronavirusa yoluxdu. Xəstələrin digər ağır formada yanakı xəstəliklərinin də olması bizi çox narahat edirdi. Ağır vəziyyətdə, ümidsiz halda xəstələri dəyərli insanların köməyi ilə yeni klinikaya yerləşdirdik.
Müalicənin ilk günündən həkimlərimiz xəstələrimizə hər mənada dəstək oldular. Həkimlərlə hər əlaqə qurduğumuzda bizə ümid verdilər. Budur, çətin günlər arxada qaldı, artıq əzizlərimiz fədakar həkimlərimizin səyi nəticəsində xəstəliyi məğlub edərək sağalmaq üzrədirlər. Bu fedakar həkimlər, biz ümidimizi itirmişkən, bizə dəstək olub, həyat bəxş etdilər.
Əksəriyyəti gəncdir, amma könüllü olaraq yeni klinikada koronavirus adlı düşmənlə gecə-gündüz müalicə aparırlar. Həyat qurtarır, ömür bəxş edirlər. Xəstə sayı çox olsa da, növbədən artıq işləsələr də bu vəzifə bu gün onlar üçün Vətən qarşısında ən müqəddəs xidmətdir.
Bizlər də, ”Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, yeni klinikanın rəhbərliyinə, şəhid ailə üzvlərinin müalicəsində xüsusi əməyi olan həkimlər-infeksionist Həlimə xanım Səfərliyə, Sürəyya xanım Muradovaya, Hümmət Əhmədova, Rəna xanım Məmmədovaya, tibb bacıları Asifə xanım Cəfərovaya, Rəsmiyyə xanım Əhmədovaya və bütün tibb işçilərinə təşəkkürlərimizi bildirir, şəhid əmanətinə yeni həyat bəxş etdikləri üçün minnətdarlığımızı çatdırırıq.
Arzu edirik, bütün ağır vəziyyətdə olan xəstələriniz şəfa tapsın, koronavirus infeksiyası üçün açılmış xəstəxanalar bağlansın və Sizlər də öz ailərinizə, normal iş yerinizə geri dönəsiniz.
SEVİNC ORUCOVA - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri