BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycanın ilk hərbi naziri - Ermənilər Avropada da ona qarşı təbliğat aparırdılar

26 iyun 2020 14:40:47

Vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Zəfər.Az Modern.az-a istinadən bildirir ki, 28 may 1918-ci ildə Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında Azərbaycanın Müstəqil Dövlət elan edilməsi haqqında qərar qəbul edildi. Müsəlman  Şərqində ilk  dəfə olaraq  Azərbaycan  ərazisində  demokratik dövlət olan  Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.  Azərbaycanı  Müstəqil Dövlət elan etmiş İstiqlal Bəyannaməsini imzalamış  26 tanınmış  ictimai-siyasi xadimdən  biri də Xosrov bəy Paşa bəy oğlu Sultanov olub.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası I müvəqqəti hökumətin  tərkibinin təsdiq  edilməsi haqqında qərar  qəbul etdi. F.X.Xoyskinin sədrlik etdiyi I müvəqqəti  hökumətinin tərkibində (28.05.1918.-17.06.1918.)  Xosrov bəy Sultanov  hərbiyyə naziri vəzifəsinə təsdiq  edildi. O, bu vəzifəni 1918-ci il iyunun 17-dək icra etdi.

Azərbaycan  Xalq Cümhuriyyətinin Milli Şurası  və  Hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən  Gəncəyə  köçdü. 1918-ci il iyunun 17-də Hökumət  tərəfindən  Azərbaycan Respublikası Nazirlər Şurasının ikinci kabinetinin tərkibinin təsdiq edilməsi haqqında qərar qəbul edildi. Hökumət üzvləri arasında nazir portfellərinin  bölüşdürülməsi  haqqında 19 iyun 1918-ci il tarixli qərara uyğun olaraq Xosrav bəy Paşa bəy oğlu  Sultanov ikinci hökumətin tərkibində  Əkinçilik naziri vəzifəsinə təyin edildi və o, bu vəzifəni 06.10.1918-ci il tarixə qədər icra  etdi.

Hökumətin  nazirlər portfelinin bölüşdürülməsi haqqında 1918-ci il oktyabrın 6-da qəbul etdiyi  qərara uyğun olaraq  kabinədaxili  dəyişikliklərdən  sonra Xosrov  bəy Sultanov F.X.Xoyskinin sədrlik  etdiyi  II müvəqqəti hökumət  kabinəsində  Əkinçilik  və dövlət əmlakı naziri vəzifəsinə  təyin edildi və bu vəzifəni 1918-ci il dekabrın 7-dək icra etdi.  Sonrakı dövrlərdə Azərbaycan Respublikası Nazirlər Şurasının üçüncü, dördüncü və beşinci  kabinələrinin tərkibində Xosrov bəy Sultanov yer almamış və o, Azərbaycanın Şuşa, Zəngəzur, Cavanşir  və Cəbrayıl  qəzalarının  qeneral-qubernatoru vəzifəsini uğurla icra etmişdir.

Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Xalq  Cümhuriyyətinin dövlət və siyasi xadimi, Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Qasımuşağı obasının Kürdhacı  kəndində (indiki Laçın rayonunda) dünyaya göz  açıb.  Xosrov bəy  Sultanov  Yelizavetpol kişi gimnaziyasında təhsil almışdı. Onun Yelizavetpol kişi  gimnaziyasında təhsil aldığını təsdiq edən bəzi arxiv sənədləri Azərbaycan  Respublikası Dövlət Tarix Arxivinin f.319 "Yelizavetpol kişi gimnaziyası” fondunda qayğı ilə qorunub saxlanılır.

Xosrov bəy Sultanov  Yelizavetpol  kişi  gimnaziyasını bitirdikdən sonra Odessadakı Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuş və 1903-cü ildə həmin universiteti bitirmişdir. Xosrov bəy Sultanov universiteti bitirdikdən sonra vətəninə  qayıtmış, Zəngəzur və Qarabağda topladığı zəngin müalicəvi bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək  təmənnasız olaraq xəstələri  müalicə etmişdir. Xosrov bəy Sultanov 1917-ci  ildə Müsavat partiyasına daxil olmuş, bir qədər sonra isə Rusiya Müəssislər Məclisinə deputat  seçilmişdir.

1918-ci ilin yanvarında Rusiyanın mərkəzində  hakimiyyəti ələ keçirmiş bolşeviklər tərəfindən Rusiya Müəssislər Məclisi qovulduqdan sonra Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatlar 1918-ci il  fevralın 14-də hakimiyyət orqanı olaraq Zaqafqaziya Seyminin yaradılmasını qərara aldılar. Zaqafqaziya Seyminə üzv seçilmiş deputatların siyahısında Xosrov bəy Sultanovun da adı vardır. Zəngəzur və Qarabağın erməni-daşnak quldur qüvvələrindən  təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Xatırladırıq ki, 1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə  dövlət səviyyəsində azərbaycanlılara qarşı  soyqırımı siyasətini  həyata keçirməyə başlamışdır. Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında erməni-daşnak quldur  dəstələri tərəfindən törədilmiş kütləvi qırğınların, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayıraraq, müvəqqəti Qarabağ general-qubernatorluğu yaratdı. 1919-cu il yanvarın 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti  tərəfindən Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general- qubernatoru vəzifəsinin təyin edilməsi haqqında qərar qəbul edildi. Həmin  qərarla daxili işlər nazirinə tapşırılırdı ki, hökumətin   növbəti  iclasında  baxılması  üçün general-qubernator vəzifəsinə müvafiq namizədi seçsin və onun sərəncamına ayrılacaq məbləğ haqqında fikirlərini  təqdim  etsin.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin 29  yanvar 1919-cu il  tarixli qərarı ilə Xosrov bəy Paşa bəy oğlu Sultanov Şuşa, Zəngəzur,  Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edildi. Lakin Azərbaycan  hökumətinin  Qarabağ general-qubernatorluğunun təsis edilməsi haqqında qəbul etdiyi qərar Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılandı. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə  etməsinin yolverilməz olduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskiyə ünvanladı. Həmin  təcili  diplomatik  məlumatında  qeyd  edilirdi:

"Ermənistan  hökumətinə  bildirin  ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X.b.Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi  olan Şuşa, Zəngəzur, Cəbrayıl və  Cavanşir qəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı  tərəfindən aprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin  Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və bunun müzakirəsinə yol verilmir. Şuşa  rayonunda  baş  vermiş  iğtişaşlara gəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi  tədbirlər nəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına  düşmüşdür”.

Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə  öz fəaliyyətlərini  davam  etdirməsinə  baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə  Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər  nəticəsində  erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün  oldu. Lakin 1919-cu il  martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri  daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək  Xankəndi və Şuşanı geri aldı. 

Tarixi mənbələr təsdiq edir ki, Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə  Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsində, sülhün bərqərar olunmasında Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov və onun qardaşı Sultan bəyin böyük xidmətləri olmuşdur. Xosrov və Sultan bəy Sultanov qardaşlarının və digər dəyərli vətən övladlarının  simasında tarix bir daha sübut  etdi ki, Vətənin və  xalqın çətin  günündə ona sahib çıxa bilən oğulları meydanda olmuşdur, var və  olacaqdır!

Təsadüfü  deyildi  ki, həmin dövrdə ermənilər  məhz  Xosrov bəy Sultanovun əleyhinə yalnız  Transqafqazda  deyil, Avropa  və  Amerikada  güclü  təbliğat işi aparırdılar. General-qubernator Xosrov bəy Sultanov  separatçılara  qarşı qətiyyətlə mübarizə aparmışdır. Həmin mübarizənin nəticələrindən biri  idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı  irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan  hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər  nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib  hissəsi olduğunu qəbul etdilər. 2  sentyabr  1919-cu  il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün  davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general  qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq  hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll  etmək istədiklərini bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir:  mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və  müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə  alaraq  Qarabağ ermənilərinin  7-ci qurultayının 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan  Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar  qəbul  edildi. İyirmi altı  bənddən  ibarət  həmin  müqavilədə  o  cümlədən qeyd  edilirdi: "Qarabağın, Şuşa, Cavanşir  və  Cəbrayıl  qəzalarının  dağlıq  hissəsində  məskunlaşmış  ermənilər  özlərinin  Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağ qubernatorluğu nəzdində  6 nəfərdən: üç erməni və üç  müsəlmandan  ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial  məsələlər əvvəlcə  şurada  müzakirə  edilmədən  həyata  keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış  müsəlman  və erməni kəndlərinin tezliklə bərpa edilməsi  işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının  Qarabağda  suveren  hüquqları  bərpa  edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi  adlandırılan  məsələ  qəti  şəkildə  həll  edildi...7-ci  erməni  qurultayında  Qarabağ  ermənilərinin  nümayəndələri  Azərbaycan  hökumətinin  hakimiyyətini  tanımaq  barədə  general-qubernator  Xosrov  bəy  Sultanovla  saziş  bağladılar.” Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirdi.

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Şuşada  ermənilərin ən xəyanətkar  silahlı  qiyamlarından  biri 1920-ci il  martın  22-də,  Azərbaycan  xalqının Novruz bayramı günü baş verdi. Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmış bu qiyam nəticəsində ermənilər Əsgəran qalasını ələ keçirə bildilər. Qarabağda ermənilərin  törətdikləri  separatçı qiyamlar və soyqırımı 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil  dövlət  olan  Azərbaycan Xalq Cümhuriyyətinin  Sovet  Rusiyası  tərəfindən işğal edilməsini sürətləndirdi.

 

Azərbaycan Xalq  Cümhuriyyəti Sovet  Rusiyası tərəfindən  işğal edildikdən  sonra - 1923-cü ildən general Xosrov bəy Sultanov  mühacirətdə yaşamalı olur. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı. Xosrov bəy Sultanov Almaniyada Tibb Universitetində professor vəzifəsində işlədi.

1936-cı ildə Türkiyəyə qayıdan Xosrov Paşa bəy Sultanov Trabzonda məskunlaşdı. O, 1943-cü ildə Türkiyədə vəfat edib.

Əvvəllər onun məzarının Trabzonda olduğu düşünülürdü, lakin bu istiqamətdə  aparılmış  axtarışlar bir nəticə verməyib. 2015-ci ilin avqustunda tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca İstanbulda Azərbaycanın tarixi şəxsiyyətləri barədə sənədli film çəkərkən, Fəriköy məzarlığında olmuş və Xosrov bəyin məzarını da aşkarlamışdır. Xosrov bəy Sultanovun 1943-cü ildə İstanbul şəhərində vəfat etdiyi müəyyən edilib.
      
Azərbaycanın dövlətçilik tarixinə adı qızıl hərflərlə yazılmış Xosrov bəy Sultanovun xidmətləri xalqımız tərəfindən heç vaxt unudulmur. Onun  öz xalqı və dövləti qarşısındakı xidmətləri  daim böyük hörmət və ehtiramla yad edilir.


                                                                                                                                                       
Rafiq  Səfərov
,
Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və
istifadəsi şöbəsinin baş məsləhətçisi