BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Aprel döyüşləri haqqında uşaqlar üçün cizgi filmi hazırlanır

28 yanvar 2020 16:05:33

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın növbəti iclası keçirilib.

 

Qurumun Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsindən Zəfər.Az-a verilən məlumata görə, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək ötən dövr barədə qısa xatırlatma edib, yanvarın 25-də Bədii Şuranın Sumqayıt ictimaiyyəti ilə baş tutan görüşünə toxunub. Sədr bildirib ki, bu kimi görüşlər vacibdir: “Azərbaycan Televiziyası olaraq tamaşaçı rəyi bizim üçün ən vacib amillərdəndir. Bu baxımdan bu kimi görüşləri biz daha da intensivləşdirməliyik”.

 

Çıxış edən Şura üzvləri Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Faiq Sücəddinov, AzTV-nin Ədəbi-dram verilişləri redaksiyasının Baş redaktoru Flora Xəlilzadə, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Ramiz Quliyev və digərləri Sumqayıt ictimaiyyəti ilə görüşün nəticələrini yüksək qiymətləndiriblər, şəhər ictimaiyyətinin təkliflərini səsləndiriblər. Şura üzvləri Sumqayıt ictimaiyyətinin AzTV-də son bir ildə aparılan ciddi dəyişiklikləri, onlarla yeni verilişləri, Azərbaycan Radiosunda efir dəyişikliyini təqdir etdiyini iclasda diqqətə çatdırıblar.

 

“Bir neçəsi mənə yaxınlaşıb dedi ki, biz artıq 6-7 aydır AzTV-yə baxırıq”, - deyə Mənsum İbrahimov əlavə edib.

 

İctimaiyyətin təqdir və təkliflərinə münasibət bildirən Rövşən Məmmədov vurğulayıb ki, Azərbaycan Radiosunda son vaxtlar 10 canlı veriliş efirə çıxmağa başlayıb.

 

Sədr cizgi filmləri ilə bağlı təkliflərin müzakirəsi zamanı əlavə edib ki, artıq QSC sifariş verib, 2016-cı ildə Azərbaycan ordusunun işğalçı erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri haqqında cizgi filmi hazırlanır: “Biz hətta aprel döyüşlərində fərqlənmiş qəhrəmanlarımızdan sağ qalanların üz cizgilərini də göndərmişik ki, real obrazların simaları filmdə əksini tapsın. Bu, ordumuzun qəhrəmanlığının gələcək nəslə aşılanması üçün bir addımdır”.

Daha sonra gündəlikdəki bir sıra cari məsələlər müzakirə olunub. Bədii Şuranın ictimaiyyətlə növbəti görüşü Bakının Xəzər rayonuna təyin olunub. Görüş fevralın 8-də baş tutacaq.