Azərbaycan-İran sərhədində atışma - ÖLƏN VAR
18 iyun 2020 16:06:59
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
DSX-nın Mətbuat Mərkəzindən Zəfər.az-a verilən məlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmadan, sərhəd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub. Sərhəd pozucularından biri güllə yarası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb və İİR sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılıblar.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.