BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bugün Milli Qəhrəmanımızın doğum günüdür

28 yanvar 2020 15:23:54

28 yanvar 1962-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Lejbəddin kəndində doğulub. Ailəlikcə Sumqayıt şəhərinə köçüb. 1969-cu ildə Sumqayıt şəhər 10 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1977-ci ildə səkkizinci sinfi bitirərək, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.

 

1980-ci ildə təhsilini başa vurmuş və həmin il Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil olub. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlayıb. 1984-cü ildə leytenant rütbəsi ilə Qazaxıstanın Priozyorsk və Balxaş şəhərlərində yerləşən hərbi hissələrdə çalışmağa başlayıb. O, 8 il burada işlədikdən sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilib. C.Səfərov bir müddətdən sonra zabitlər qrupu ilə birlikdə Dağlıq Qarabağa ezam olunub. Ezamiyyət müddəti bitdikdən sonra o, döyüş bölgəsində qalıb və hərbi hissədə xidmət etməyi daha üstün tutub. O, Şuşa döyüş bölgəsində erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşür, düşmən texnikasına dəqiq və sarsıdıcı top zərbələri endirilməsinə başçılıq edirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsi azad edilmiş, dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsi təmin edilmişdi.


Təcrübəli zabit C.Səfərov 15 may 1992-ci ildə Şuşa rayonunun Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşlərdə iştirak edib, onlarla erməni yaraqlısını məhv edərək, qəhrəmancasına şəhid olub.


Ailəli idi. İki övladı yadigar qalıb.


Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.


Sumqayıt şəhərindəki 10 saylı orta məktəb onun adını daşıyır. Gürcüstan Respublikasının Marneuli rayonunun Lejbəddin kəndində abidəsi ucaldılıb.