BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Pensiya sistemində mühüm dəyişikliklər ediləcək - NAZİR

16 iyun 2020 15:29:44

Sosial təminat sistemində aparılan islahatların mühüm bir istiqaməti bu sistemin, xüsusilə pensiya təminatı sisteminin təkmil və həssas qruplara münasibətdə daha humanist yanaşmalar üzərində qurulması, eyni zamanda bu sahədə proaktiv xidmətlərin dairəsinin genişləndirilməsidir.

 

Zəfər.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiya, müavinət və təqaüd məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında keçirilən iclasında bildirib.

 

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının təzahürü olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atılır:

 

“Sosial ödənişlərin məbləği mütəmadi artırılır. Eyni zamanda, sosial təminatda humanistləşdirmə, sosial təminata əlçatanlığın artırılması prosesi özünü göstərir. Məsələn, ötən il əmək pensiyası yaşına çatan və fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verildi. 2020-ci ilin əvvəlindən ailəyə ailə başçısını itirməyə görə əmək pensiyasını və ya sosial müavinəti seçmək hüququ verilib. Həmçinin, bu ilin əvvəlindən uşaqlar həm sağlamlıq imkanları məhdudluğa, həm də ailə başçısını itirməyə görə hər iki müavinəti alırlar, pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayanlar həmin an da yaşa görə müavinətlə təmin edilirlər və s.”


S.Babayev bildirib ki, ümumilikdə hazırda pensiya təminatı sistemində bir çox mühüm dəyişiklikləri əks etdirən layihə hazırlanır.

 

Nazir diqqətə çatdırıb ki, sosial təminat növləri üzrə yeni e-təyinat sistemlərinin hazırlanması prosesi də davam edir:

 

“Bu ilin sonunadək daha 3 təqaüd və 3 müavinət növünün elektronlaşdırılması nəzərdə tutulub. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılması istiqamətində işlər aparılır. Bununla bağlı məlumat vərəqələrinin elektron forması hazırlanaraq test edilib. Ümumən, əsas hədəf budur ki, sosial təminat sahəsində proaktiv xidmətlərin əhatə dairəsi getdikcə genişlənsin”.