BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

OPEC-ə üzv olmaq Azərbaycana nə verəcək...

16 iyun 2020 15:02:39

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda OPEC-in baş katibi Mohammad Sanusi Barkindo Azərbaycana təşkilata üzv olmağı təklif edib. Baş katib Azərbaycanın üzvlüyünün OPEC üçün qürur mənbəyi ola biləcəyini deyib. O həmçinin OPEC+ çərçivəsində də Azərbaycanla uğurlu əməkdaşlıq edildiyini vurğulayıb.

 

Zəfər.az bildirir ki, bu təklif haqqında Modern.az-a danışan SOCAR-ın sabiq prezidenti Sabit Bağırov OPEC üzvlüyünün həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləyib:

 

“OPEC üzvlüyünə qəbul olunmaqla bağlı məsələnin müzakirə olunub-olunmadığını bilmirəm. Hər halda yəqin ki, Energetika Nazirliyində və hökumətdə müzakirə olunur.

 

Amma belə təkliflərin ortaya atılması ilk deyil. Hətta son 20 ildə bir neçə dəfə OPEC üzvlüyü ilə bağlı çağırışlar səsləndirilib.

 

Bu məsələnin müsbət tərəfi də, mənfi tərəfi də var. Mənfi tərəfi budur ki, özünü başqa bir beynəlxalq qurumun qərarlarına bağlayırsan. Azərbaycan üçün bu elə də asan mövqe deyil. Çünki Azərbaycanda neftin böyük qismini xarici şirkətlər hasil edir, Azərbaycan həmişə çətin vəziyyətə düşə bilər. OPEC-in bu və ya digər qərarına gərək eyni zamanda digər şirkətlərlə də razılaşdırsın. Ona görə, ölkəmiz üçün belə bir təklifə cavab vermək elə də asan iş deyil. Mən düşünürəm ki, indiki vəziyyətimiz elə ən yaxşı mövqedir.

 

Biz qeyd etdiyim kimi, dəvət olunuruq, bu və ya digər bizə uyğun gələn, maraq kəsb edən tədbirlərdə iştirak edirik. Maraqlarımıza cavab verən qərarlara qoşuluq. Ən yaxşı mövqe budur. Amma OPEC-ə üzv olmaq əl-ayağımızı müəyyən mənada bağlayacaq”.