BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Xalqımıza yeni məhəbbət dastanı yazan cütlükdən birinin - İlhamın ad günüdür

12 iyun 2020 10:13:02

Bu gün Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edərək şəhid olan 20 yanvar faciəsinin simvollarından olan İlham və Fərizə cütlüyündən biri - İlham Allahverdiyevin doğum günüdür.

 

İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdu. Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda işləyirdi.

 

O, 1989-cu il iyunun 30-da sevdiyi Fərizə ilə evlənərək xoşbəxt olmuşdu. Onlar bu xoşbəxtliyin qanadlarında cəmi 6 ay sevgi dolu günlər yaşadılar. Toyun səsi hələ qulaqlarından getməmiş ömürləri bitdi. 1990-cı il yanvarın 19-da gecə Bakıya yeridilən işğalçı, təcavüzkar, qana susamış sovet qoşununun qətlə yetirdiyi yüzlərlə günahsız insanlardan biri də İlham oldu. Onlar Azərbaycanın qəhrəmanlıqlarla dolu şanlı tarixinə öz qanları ilə şərəfli bir səhifə yazdılar.

 

İlham öz ölümü ilə bu tarixə bir ölməz sevgi dastanı da əlavə edə bildi. Bu ölməz sevgi dastanını yazmaqda Fərizə ona öz ölümü ilə kömək elədi. İlhamın ölümünə dözə bilməyən, özünü onsuz təsəvvür belə etməyən gənc Fərizə də intihar edərək sevdiyinə qovuşmağa tələsdi. Tələsdi və beləliklə, əbədiyaşar sevgi dastanı yazdı. Qısa ömürlərin ƏBƏDİ SEVGİSİ! Bu SEVGİ çoxunu mat qoydu, çoxunu yandırdı. Lakin sevənləri YAŞATDI, həmişəlik yaşatdı...

 

İllər gəlib keçəcək, nəsillər bir-birini əvəz edəcək, Azərbaycanda yüzlərlə, minlərlə sevgilər yaşanacaq, sevgi dolu və ya bundan məhrum ailələr qurulacaq, bu ailələrin bəhrəsi olan uşaqlar doğulacaq. İlhamla Fərizə isə doğulmamış körpələri ilə birgə Azərbaycan tarixində qalacaqlar, yaşayacaqlar. Onların məhəbbəti heç vaxt qocalmayacaq, ölməyəcək.

 

Bu SEVGİyə hörmət əlaməti olaraq 30 iyun-onların toy günü qeyri-rəsmi olaraq sevgililər günü kimi qeyd olunur. Gənclər o böyük sevgini yaşamaq, onlara bənzəmək istəyirlər. Öz xoşbəxt günlərində onların məzarlarını ziyarət edirlər. O sevgidən bəhrələnməyə çalışırlar.
Lakin unutmayaq: Fərizə ilə İlhamın sevgisi təkrarolunmazdır, ölümsüzdür. Onun oxşarı, bənzəri yəqin ki, olmayacaq!

 

Bu gün İlhamın ad günüdür. İlhamı Fərizəsiz xatırlamaq mümkün deyil. Fərizənin ad günündə də İlhamı unutmaq olmaz. Onlar bir bütövdür. Əsl sevgi də budur!(Qaziler.az)