Avropa Parlamentindən Paşinyanla bağlı BƏYANAT
11 iyun 2020 14:52:08
10 iyun 2020-ci il tarixində Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış ediblər.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, bəyanat Ermənistan baş naziri Nikol Paşinyanın bir nüddət öncə çıxışlarından birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabaı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə Avropa Parlamentinin münasibətini özündə ehtiva edir.
Bəyanatda deyilir:
"Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə Daimi Məruzəçisi xanım Jelyana Zovko tərəfindən
Ermənistanla Dağlıq Qarabağ arasında yeni yolun tikintisi ilə bağlı
B İ R G Ə B Ə Y A N A T
Brüssel, 10 iyun 2020
Keçən il elan edilmişdi ki, tezliklə Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun çəkilişinə başlanılacaq. Yeni yol infrastrukturu Ermənistanın Qafan rayonunu Azərbaycanın işğal olunmuş Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə Dağlıq Qarabağın Hadrut rayonuna birləşdirəcəkdir. Prinsip etibarı ilə biz Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələri və insanlararası təmasları artıran layihələri dəstəkləyirik.
Bununla belə, həmin yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilmişdir. Həmçinin, bu layihə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər.
Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq.
Biz bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəyimizi ifadə edirik. Bu vasitəçilik prosesinin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün yaxşı niyyətli danışıqlarla bağlı öz öhdəliklərini və səylərini artırmağa çağırırıq".