BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Xocalıya niyə kömək edilmədi... II HİSSƏ

08 iyun 2020 19:49:41

Keçən dəfəki yazımızda Xocalının xilası üçün Qarabağ zonasında vahid komandanlığın yaradılmasını, həmçinin Ağdamda yerləşən qərargahda MN Baş Qərargahının zabitləri ilə rayonun batalyon komandirlərinin birgə hücum planı hazırladıqlarını, lakin bəlli səbəblərdən icra olunmadığını faciəni araşdıran deputat-istintaq komissiyasının materiallarına əsasən araşdırıb göstərdik. Məlumdur ki, fevralın 23-də əmri hazırlanan hücum planının icrası Qarabağ üzrə komandan vəzifəsini icra edən Tahir Əliyevin yerində olmaması, Ağdamda yerləşən yerli özünümüdafiə batalyonlarının silah-sursat, canlı qüvvə və texnika cəhətdən erməni birləşmələrindən zəif olması, bütün bunların nəticəsində hücuma keçəcək qüvvələrimizdə yaranan inamsızlıq, məsuliyyətdən boyun qaçırma nəticəsində baş tutmadı.
 
24 fevral 1992-ci ildə Xocalının xilası üçün mövcud hərbi potensila uyğun olaraq yeni biristiqamətli hücum planı hazırlandı. Həmin hücum planını nəzərinizə çatdırmaq üçün MN Baş Qərargahının zabiti, planın hazırlanmasında yaxından iştirak edən podpolkovnik İntiqam Abdullayevin deputat-istintaq komissiyasına verdiyi ifadələrə istinad edirik.
 
“Fevralın 23-də Ali Sovetin sədr müavini Tamerlan Qarayev Ağdama gəldi və bütün günü Qarabağ ərazi qərargahında komandanın kabinetində əyləşərək əhali və vəzifəli şəxslərlə iş aparırdı.
Axşam F.Hacıyev mənə yaxınlaşdı və dedi ki, T.Qarayev bizim işimizə mane olur. Biz hücuma keçməli idik, amma T.Qarayev gəlib burda oturub ki, bizim hücum planımızı pozsun. O, öz fikrini cangüdənləri vasitəsi ilə ötürdü, az sonra mitinq edənlər kabinetə istiqamət aldılar və qərara alındı ki, onların nümayəndələri qəbul edilsin. Mitinqçilərin nümayəndələri ilə bərabər Xocalı şəhərinin prokuroru Atakişiyev də kabinetə daxil oldu. Gərgin söhbətdən sonra Tamerlan Qarayev arxa otağa, yanıma keçib məndən soruşdu: İntiqam, deyirlər, mən sizə mane oluram, belədir? Deyilənə görə, bu gün hücum əməliyyatı varmış və mən mane olmuşam. Bizim bu günə hansısa əməliyyatımız nəzərdə tutulmuşdu? Mən cavab verdim ki, bizdə hər gün hücum əməliyyatı planlaşdırılır, amma hərə bir bəhanəylə irəli getməkdən yayınır. Siz isə komandanın kabinetini tutmaqla bizə mane olursuz. Həm də bu çətin vəziyyətdə yüksək vəzifəlilər buradan qaçır, siz isə məhz Ağdama işləməyə gəlmisiniz. T.Qarayev cavab verdi ki, mən icra başçısının və yaxud polis rəisinin kabinetinə də gedə bilərdim, amma AXC-dən F.Hacıyevlə gərgin münasibətlərimi nəzərə alaraq məhz buraya gəlmişəm. Hamıya göstərim ki, bu çətin anda bütün narazılıqları kənara qoymaq və birləşmək lazımdır.
 
Tamerlan Qarayev qərargahdan getdi.
 
Fevralın 24-də F.Hacıyev burada bizə mane olunması səbəbilə mənə Xaçınstroya, yerli batalyonun qərargahına keçməyi təklif etdi. Həmin gün səhərdən Xaçınstroy batalyonunun qərargahında işimizə başladıq. Yevlax batalyonunun tərkibindən 15 nəfərdən ibarət dəstə hazırladıq. Xocalı batalyonundan mülki geyimdə və silahsız olan gənclər də dəvət edilmişdi. Podpolkovnik Şirin Mirzəyev onlara hərbi geyim tapacağına, həmçinin silah təşkil etmək və kömək üçün silahlı dəstə söz vermişdi.
 
Bundan əlavə Mirzəyev Xocalıya aparılması nəzərdə tutulan silah-sursat və qida məhsulları da təşkil etməliydi. Sonda 36 nəfərdən ibarət bir dəstə təşkil edildi. Bu dəstə Əliağalı - Sərdaraşen - Yeni Noraguh - Xocali istiqamətində hərəkət etməli idi. Əməliyyatın başlama vaxtı axşam saat 9:00-a təyin edilmişdi, onlar gecə hərəkət etməliydi. Axşam 18:30-da 8 əsgərlə əvvəl Xocalıda olan və yenə də əsgərləriylə Xocalıya dönməyə çalışan Şıxov batalyonunun serjantı Məmmədov yanıma gəldi və xəbər verdi ki, Xocalıdan olan dəstə sərxoş haldadır. Onlarla döyüş tapşırığına getmək qeyri-mümkündür. Qarşımızda dağlar var və onların ağ ciyərləri buna dözməyəcək. Sonradan öyrəndim ki, milis leytenantı geyimində bir nəfər onlara yaxınlaşıb, söhbət edib və onları konyaka qonaq edib. Yevlax batalyonundan olan 15 nəfər dedi ki, biz yolu tanımırıq. Beləliklə də bu əməliyyat da pozulmuş oldu”.