"DƏRİN SIZMA" əməliyyatı
08 iyun 2020 12:51:33
1993-cü ilin Dekabrın 26-da Seyfəli poliqonunda keçirilən qırx günlük döyüş təlimlərindən sonra 702 saylı Füzuli briqadası yenidən öz döyüş yerinə - Beyləqan rayonuna gətirildi. Bundan sonra briqadanı çətin və məsuliyyətli günlər gözləyirdi. Uğurlu əməliyyata başlamaq üçün ilk öncə briqadanın kəşfiyyat qrupu Füzuli rayonunun işğal edilmiş ərazilərində düşmən arxasına keçib, mühüm məlumatlar əldə edərək geri qayıtmalı idi. Sonralar “Dərin Sızma” adını alacaq kəşfiyyat əməliyyatına əsasən kəşfiyyat qrupu komandir İlham Ağalarovun rəhbərliyilə düşmənin müdafiə xəttindən 35-40 km içərilərə doğru irəliləyərək Babı-Şükürbəyli ərazisini, eləcə də Kərimbəyli kəndindəki dəmiryol stansiyası ətrafında kəşfiyyat işi aparmaqla düşmənin müdafiə postlarının yerini, atəş nöqtələrini və əsas qüvvələrinin yerləşdiyi əraziləri detallı şəkildə öyrənməli idi. Bu kəşfiyyat yaxın günlərdə milli ordumuzun başlayacağı genişmiqyaslı hücum əməliyyatı üçün çox vacib idi.
1993-cü ilin Dekabrın 30-da 702-ci briqadanın 44 nəfərlik kəşfiyyat qrupu düşmən arxasına keçmək üçün kəşfiyyat komandiri İlham Ağalarovun əmrini gözləyirdi. Onların içində 20 nəfərlik silahlı dəstə gözlənilməz düşmən hücumunu dəf etmək üçün təyin edilmişdi. Silahlı dəstənin beş nəfəri PK pulemyotu, qalan beş nəfər isə RPQ qumbaraatanı ilə silahlanmışdı. Onlardan əlavə qrupa üç nəfər erməni dilini mükəmməl bilən könüllü də verilmişdi ki, bu da kəşfiyyat qrupunun işini asanlaşdırmaq məqsədi güdürdü.
Beləliklə, Dekabrın 30-da dəstə cəbhə xəttini uğurla keçib, düşmən arxasında kəşfiyyat işlərinə başladı. Lakin əməliyyatın ilk günündə erməni dilini bilən könüllülərdən birinin dəstədən ayrı düşdüyü məlum oldu. Kəşfiyyat qrupundan bir neçə nəfər itən könüllünü axtarmaq üçün getsələr də, sonda əliboş yoldaşlarının yanına qayıtmışdılar. Bütün bunlara baxmayaraq komandir İlham Ağalarov geri qayıtmamaq, düşmən arxasında qalıb kəşfiyyatı davam etdirmək haqqında əmr verdi. Beləliklə, dəstə Kərimbəyli kəndi yaxınlğında meşəlik ərazini düşərgə seçib, 1993-cü ilin son gününü orda keçirməyi qərara aldı.
1994-cü ilin ilk günlərində kəşfiyyat qrupu düşmən arxasında öz işini davam etdirirdi. Onlar gündüzlər müşahidələr aparır, ərazini öyrənir, gecələr isə hərəkət edirdilər. Dəstə əldə edilən şifrələnmiş kəşfiyyat məlumatlarını cəbhə xəttindəki artilleriya məntəqəsinə göndərir, oradan həmin məlumatlar Dilağarda kəndində yerləşən səyyar komanda məntəqəsinə, ordan isə briqadanın Daşburun stansiyasında yerləşən qərargahına ötürülürdü.
1 Yanvar 1994-cü ildə dəstə Babı kəndi ətrafında düşmənin mühəndis-istehkam xidmətinin olduğunu aşkarladı. Eyni zamanda onlar “Kərimbəyli zastavası” deyilən obyekti və Kərimbəyli kəndinin ətrafını müşahidə, dinləmə üsullarıyla öyrənməyə başladılar.
2 Yanvar 1994-cü ildə isə dəstə Horadiz qəsəbəsinin 150-200 metrliyində dolaşaraq qəsəbə ərazisini detallı şəkildə araşdırmağa başladı. Axtarış və dinləmə tədbirləri nəticəsində kəşfiyyat qrupu düşmənin əsas bölmələrinin arxüstü qəsəbə və su bəndi ərazisində yerləşdiyini müəyyən etdi.
3 Yanvar 1994-cü ildə dəstədən 7 nəfərlik qrup ayrılaraq Şükürbəyli kəndini və orada yerləşən fermanı tədqiq etmək üçün yola düşdü. Günorta saat 3:30-da həmin yeddi nəfərlik qrup kəşfiyyat işlərini yekunlaşdırandan sonra digər qrup üzvlərilə birləşib yeni hərəkət marşrutundan istifadə etməklə geriyə - cəbhə xəttinə doğru yola düşdü. Kəşfiyyat qrupu öz işini layiqincə yerinə yetirmişdi.
4 Yanvar 1994-cü ildə kəşfiyyat qrupu səhər saatlarında cəbhə xəttini keçib, öz mövqeyinə qayıtdı. Burada onlar dəstədən ayrılaraq itkin düşmüş könüllü haqqında məlumat aldılar. Belə ki, həmin könüllü gözləmə zamanı yatıb yuxuya qalmış, ayılanda isə dəstə üzvlərini görməyib öz bildiyi istiqamətdə yoluna davam etmiş və nəticədə yolu azaraq İran ərazisinə keçmişdi. İranda onu sərhəd jandarması həbs edərək sorğu sual etmiş və sonra Azərbaycan tərəfinə təhvil vermişdi.
Uğurlu əməliyyatın başlamasına isə lap az qalmışdı. Horadiz zəfəri üçün görülən bütün hazırlıq tədbirləri başa çatmışdı. 702 saylı briqada “hücum” əmrini almaq üçün öz mövqeyində hazır dayanmışdı.(http://elbrusvahidov.blogspot.com/)