BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid komandirin xanımı KİV-lərə müraciət etdi

14 yanvar 2020 14:19:40

Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə mediaya müraciət ünvanlayıb.

Zəfər.az xəbər verir ki, S.Alızadə medianı şəhid ailələrinin ailə problemini ictimai müzakirə mövzusuna çevirməməyə çağırıb:

“Bizlər ən əziz, yaxın, doğma insanlarımızı vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələrik. Güman edirəm ki, sizə, mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqqımız var.

Biz Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə şəhidlərimizi və onların döyüş yolunu nümunə göstəririk. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşadır və təbliğ edirik. Çox istərdik ki, bu müqəddəs dəyərləri təbliğ etməkdə bizim arxamızda olasınız. Cəmiyyəti düzgün və sağlam informasiya ilə təmin etməkdə yardım edəsiniz.

Lakin bəzi KİV-lər sosial şəbəkələrdə bizim müqəddəs bildiyimiz dəyərlərimizi müzakirə obyektinə çevirərək, şəhid adına yaraşmayan ailə-məişət problemlərini gündəmə gətirir və geniş müzakirə mövzusuna çevirir. Xatırladım ki, şəhid ailələrinin daxili ailə problemi ictimai müzakirə mövzusu ola bilməz! Bu zaman biz cəmiyyət olaraq dəyərlərimizə və sayğı duyduğumuz insanlara inamı itirəcəyik”.

S.Alızadə bildirib ki, əsas müzakirə edilən mövzu Qarabağ olmalıdır:

“Gəlin qəhrəmanlarımızı təbliğ edək, onların uğrunda can verdikləri vətənimizi tanıdaq, Azərbaycanımızı 30 ildir didib-parçalayan Qarabağ problemini gündəmdən düşməyə qoymayaq.

İnanıram ki, müraciətimizə diqqət və sayğı ilə yanaşacaqsınız”.

Qeyd edək ki, bir neçə gündür şəhid pilotumuz Təbriz Musazadənin ailəsində olan bəzi məişət məsələləri arzulanmayan səviyyədə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.