“Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil” - Samir Şərifov
02 iyun 2020 17:56:24
"Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib".
Zəfər.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, "Bakı Metropoliteni", “Azəristiliktəchizat”, "Azərbaycan Hava Yolları", Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt"a maliyyə vəsaiti ayrılıb:
“Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil”.
Nazirin sözlərinə görə, "Bakı Metropoliteni" QSC-yə gediş haqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilib.
Samir Şərifov qeyd edib ki, “Azəristiliktəchizat” ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır:
“Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır”.(Modern.az)