BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Maliyyə naziri: Azərbaycanın builki büdcəsinin problemi yoxdur

02 iyun 2020 17:53:37

“Hazırda Azərbaycanın 2020-ci il büdcəsinin yerinə yetirilməsi ilə bağlı hər hansı bir problem yoxdur”.

Zəfər.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir qeyd edib ki, ötən beş ayın nəticələri mövcuddur və kifayət qədər profisit yaranıb.

“Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib”.

S.Şərifov bildirib ki, valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib: “Biz tələsmirik. Daha çox gözləmə mövqeyi nümayiş etdiririk. Karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi 500 mln. manat profisit yarandığını göstərir”.

Onun sözlərinə görə, bu yaxşı mənzərədir və nəticələr barədə ətraflı məlumat təhlillərdən sonra təqdim olunacaq.

Nazir onu da bildirib ki, dövlət büdcəsinə yenidən baxılmasına Maliyyə Nazirliyi tərəfdən müraciət edilməyib.

"Dövlət büdcəsinə yenidən baxılması üçün müraciət etməmişik. Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk”, - o əlavə edib.

Nazir ölkədə karantin rejiminin tətbiq edildiyini xatırladıb: “Şübhəsiz ki, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ay haqqında artıq məlumatlar mövcuddur. Beş ay haqqında məlumatlar isə yaxın vaxtlarda olacaq”.(Modern.az)