Nazir Ramin Quluzadə Şəhid uşaqları ilə onlayn formatda görüşüb
01 iyun 2020 16:05:59
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn görüş təşkil edib.
Video tədbirə aprel şəhidlərinin və qazilərin övladları, “Birgə və Sağlam” İctimai Birliyində təlim keçən autizm sindromlu uşaqlar qatılıblar.
Onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına olan münasibətinin hamımız üçün örnək olduğunu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də şəhid övladlarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb. Bu kimi görüşlərin əhəmiyyətindən danışan Ramin Quluzadə uşaqlara xoş arzularını söyləyib.
Səmimi mühitdə baş tutan görüşdə uşaqlar da çıxış edərək “Bakutel-2019” sərgisində uğurla iştirak etdiklərini xatırlayıblar. Onlar həyatlarında ən yaddaqalan anlardan birinin robokurslarda öyrəndikləri bacarıqlarını sərgidə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşısında nümayiş etdirdikləri an olduğunu söyləyiblər. Uşaqlar ayrı-ayrılıqda çıxış edərək bütün dünyadakı körpələrə və uşaqlara arzularını, özləri ilə bağlı istəklərini də dilə gətiriblər. Eyni zamanda, uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə onlara göstərilən diqqətə, bir çox İT təlimlərində iştiraka yaradılan şəraitə görə təşəkkür ediblər.
Sonra uşaqlar öz ifaları ilə bütün dünyanı onların hüquqlarını müdafiə etməyə çağırıblar. Sonda nazir Ramin Quluzadə şəhid övladlarına onların vətən uğrunda fədakarcasına döyüşən, öz canlarından keçən insanların yadigarları olduğunu və hər bir azərbaycanlının onları qorumağa borclu olduğunu vurğulayıb.
Qeyd edək ki, fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan uşaqlara, aprel şəhidlərinin və qazilərin övladlarına nazirlik tərəfindən müxtəlif hədiyyələr, eləcə də “Azercell Telekom” MMC tərəfindən “Busuu” – dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar göndərilib. “Busuu” tətbiqi vasitəsilə eyni anda 12 dil – ingilis, rus, italyan, alman, fransız, ispan, portuqal və digər dilləri öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini etmək mümkündür.