Bu gün Nəsib bəy Yusifbəylinin qətlə yetirildiyi gündür
31 may 2020 10:55:10
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 4 və 5-ci hökumət kabinetlərinin rəhbəri Nəsib bəy Yusifbəylinin qətlə yetirildiyi gündür.
Nəsib bəy Yusifbəyli orta təhsilini Gəncə şəhərində yerləşən klassik gimnaziyada başa vurduqdan sonra Novorossiya İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. Buradakı təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə gedərək burada İsmayıl Qaspıralının əsasını qoyduğu Tərcüman qəzetində fəaliyyət göstərir. Bağçasarayda olarkən İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur. Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub.
1909-cu ildə İstanbuldan Gəncəyə geri dönən Nəsib bəy burada şəhər dumasında fəaliyyət göstərir. Bununla yanaşı, müəllim olaraq da çalışan Nəsib bəy maarifçilik işləri ilə məşğul olur. Fevral inqilabından sonra 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyində Türk-Ədəmi Mərkəziyyət Firqəsinin əsası qoyulur. Firqə Müsavatla birləşdikdən sonra da Nəsib bəy burada aparıcı simalardan birinə çevrilir. 1918-ci ilin 23 fevralından sonra yaranan Zaqafqaziya Seyminə seçilən və Azərbaycanı təmsil edən 44 nümayəndədən biri də Nəsib bəy olur. Nəsib bəy daha sonra seymin əsasında yaranan Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsinə seçilir.
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra etmişdir. O, yaradılan kabinetlərdə müxtəlif nazir postlarını tutduqdan sonra 3-cü və 4-cü kabinetlərdə Baş Nazir vəzifələrini yerinə yetirib. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən sonra Tiflisə doğru hərəkət edərkən Göyçay qəzasına bağlı olan Kürdəmir yaxınlığında 31 may tarixində müəmmalı şəkildə həyatını itirmişdir.