BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İrəvan Ermənistana niyə verildi? – Tarixi sənəd

29 may 2020 12:52:56

1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar verdi.

 

Zəfər.Az xəbər verir ki, Milli Şuranın iclasına Həsənbəy Ağayev sədrlik edirdi.

 

İclasda F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak ediblər.

 

Fətəli Xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür.

 

Daha sonra X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildiriblər ki, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir həqiqətdir.

 

Daha sonra məsələ ilə bağlı səsvermə keçirilib.

 

Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb, digərləri səsverməyə qatılmayıb.

 

Daha sonra isə ermənilərlə konfederasiya yaradılması məsələsi müzakirə olunub. Qısa fikir mübadiləsindən sonra məsələ səsverməyə qoyulub. Səsvermədə iştirak edən hər kəs Azərbaycan və Ermənistan konfederasiyasının yaradılmasının lehinə səs verib. Fətəli Xan Xoyski Teymur bəy Makinskinin müştərək yolla Şuraya qoşulmasını səsverməyə qoyub və bu təklif yekdilliklə qəbul olunub.

 

Azərbaycan Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik".

 

Lakin Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxılaraq, bu qərara protest elan edildi. Onu Şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı.

 

***

İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırım törətdi. İrəvan azərbaycanlıları həm daşnak (1918-20), həm də Sovet (1920-91) hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qaldı, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdıldı, onların erməniləşdirilməsi tədbirləri həyata keçirildi. 1980-cı illərin sonlarından başlayaraq azərbaycanlılar İrəvan şəhərindən tamamilə çıxarıldı.(Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.56).

 

Bəs Azərbaycan, Gürcüstan və Ermənistan milli şuralarının qarşısına hansı şərt qoyulmuşdu? Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev elmi araşdırmasında bu məsələlərə aydınlıq gətirib.

 

Erməni tarixçisi və kahin Hovannes Şahxatunyan yazır: "390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olub. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı Erməni Sovet Ensiklopediyasında öz əksini tapıb".

 

Çikaqo Universitetinin siyasi elmlər kafedrasının professoru Ronald Qriqor yazır: "İrəvan Batumi konfransına qədər müsəlman şəhəri idi". (Stephen Holmes, "Collapse Legacies Cultural or State? The Dilemma probing Postcommunist", in Michael Mandelbaum (ed), Postcommunism: Four Perspectives (New York): Council on Foreign Relations, 1996, p. 5.)

 

Polkovnik S.Burnaşev 1787-ci il 8 iyul tarixli məktubunda general P.S.Potyomkinə bildirirdi ki, Osmanlı sultanı Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaq. Bundan əlavə, sultan Ərzurum paşasına və digər həmsərhəd paşalara, nəyin bahasına olursa-olsun, rus qoşunlarının qarşısına çıxmağı əmr etmişdir. Regionda siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları İrəvanı qəti surətdə gürcülərin təzyiqlərindən xilas etmək üçün birləşmişlər. (Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топогравическом и финансовом отношениях (ОРВЗ), (Составил Легкобытов). IV. СПб., 1836.)

 

Əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. Hələ 1776-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamış, 1802-ci ildə çar I Aleksandr general Sisyanova yazdığı məktubda ermənilərə münasibətini belə ifadə etmişdi: "Nə olursa-olsun, ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır".

 

Bu siyasət sonrakı illərdə də davam etdirildi. 1828-ci il martın 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti "erməni vilayəti" yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə "hədiyyə" edildi. Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa, 40 min erməni isə İrəvan xanlığının ərazisinə köçürüldü.

 

İrəvanın güzəşti

İrəvanın Azərbaycandan alınaraq Ermənistana verilməsi ideyası 1912-ci ildə yaranıb. Türkiyə ərazisində dövlət qurmaqla bağlı onlara verilən vədlərin arxasından böyük dövlətlərin qaçması və Azərbaycan torpaqlarında paytaxt qurulması söhbəti ermənlərə məhz bu tarixdə təklif edilmişdi. "Mışak" qəzetinin redaktoru A.Arakelyan yazırdı: "Elə bir məqam gəlib çatmışdı ki, bütün sivilizasiyalı dünya, xüsusilə də Rusiya "erməni məsələsi"nin həllini öz üzərinə götürməliydi. 1912-ci ildə erməni burjuaziyası və ziyalıları Tiflisdə toplanaraq "erməni məsələsi"nin dünya siyasətçilərinin diqqət mərkəzində olacağını və Rusiya hökumətinin ermənilərə xoş niyyətlərini bildirəcəyini nəzərə alaraq, qarşıda dayanan ümummilli məsələlərin həll edilməsi üçün bir araya gəlməyi təklif etdilər. Oktyabrın sonunda ermənilərin I ümummilli qurultayı çağırıldı. Bu qurultaya Tiflisdən, Bakıdan, Naxçıvandan, Axalkələkdən, İrəvandan, Armavirdən, Batumidən nümayəndələr gəldilər. Qurultay qərara aldı ki, ermənilərin yaşadığı bütün ərazilərdən nümayəndələr seçilsin və yeni qurultay çağırılsın. Qurultayda "erməni məsələsi" ilə əlaqədar daimi işlək orqan yaradıldı: 7 nəfərdən ibarət müvəqqəti büro seçildi (S.Arutyunyan, A.Xatisyan, A.Kalantar, A.Arakelyan, A.Poqosyan, O.Tumanyan, N.Aqbalyan). Büro gündəlik cari işləri və noyabrın 25-də Tiflisdə keçiriləcək yeni qurultaya hazırlıq işlərini həll edəcəkdi. ("Известия Бакинского Совета" 1912, №: 220).

 

***

İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı paytaxt kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik.

 

O zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt irəli qoyulmuşdu. Batumi konfransında tərəflər dil tapa bilməsəydi, öz aralarında Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya, digər hissəsi isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi.

 

Bu fikrin təsdiqi üçün 1918-ci ilin mayın 28-də Milli Şuranın səhər toplantısında Erməni Xalq Partiyasının nümayəndəsi M.Papacanovun çıxışına baxmaq kifayət edər. O, hərbi əməliyyatların dayandırılması təklifini irəli sürdü. İddia edirdi ki, müvəqqəti sülh xalqı faciələrdən xilas edə bilər və sülh dövründə "erməni məsələsi" ümumavropa konqresində öz həllini tapa bilər: "Sülhün mövcudluğu bizə imkan verər ki, biz kiçik də olsa, öz milli ərazimizi yaradaq. Bu da gələcəkdə millətimizin inkişafına zəmin verəcəkdir" (Киракосян Дж. Младотурки перед судом истории. Ереван. Айастан, 1986, 256 стр).

 

Avropada gedən müharibədən qalib çıxmış, Paris Sülh Konfransını çağıran Prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi – Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu.

 

Bu, sübut edir ki, biz şifahi razılaşma ilə güzəştə getmişik. 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın qəbul etdiyi 3 saylı protokolda bu barədə tam təfsilatı ilə göstərilib. Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Milli Şuranın 44 üzvündən 28 nəfər iştirak edib. Fətəli xan Xoyski iclasda məruzə ilə çıxış edərək, Milli Şuranın nümayəndələri ilə erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar barədə məlumat verib. Deyib ki, Azərbaycan və Ermənistan federasiyaları öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb. Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Çünki o vaxtadək ermənilər özləri üçün indiki Gümrü, o zaman Aleksandropol adlanan şəhəri mərkəz hesab edirdilər. Amma həmin dövrdən Aleksandropol Osmanlıların nəzarətinə keçdiyi üçün ermənilər mərkəzsiz qalır. Ondan da əvvəl isə daha bir hadisə, 1918-ci ilin martında Leninlə almanlar arasında Brest-Litovsk sülh müqaviləsi bağlanmışdı. Bu müqaviləyə əsasən, Qars və Ərdahanla birgə Aleksandrapol da Türkiyəyə verildi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini xahiş etdilər. Fətəli xan da öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirib. Hətta deyib ki, İrəvanın ermənilərə verilməsi qaçılmazdır. Bu mövqeyə etirazlar olsa da, məsələ səsverməyə çıxarılıb və 16 nəfər İrəvanın verilməsinin lehinə olub. Səsvermə zamanı yalnız 1 nəfər əleyhinə, 3 nəfərsə bitərəf olub. Ancaq bir fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq haqqında müzakirə açılıb. Qısa fikir mübadiləsindən sonra Ermənistanla Azərbaycanın konfederasiyada birləşməsi məsələsi yekdilliklə qəbul olunub.

 

Mayın 28-də axşam saat 20:00-da Batumidə danışıqlar başlamışdı. Vehip paşa deyib: "Ermənilərin tələbini az da olsa qane etmək məcburiyyətindəyik. Hər halda, onlara bir ərazi verməyə məcburuq".

 

Ermənilər üçün düşünülən sahə Yeni Bəyazid və Üçmiədzin bölgələrindən ibarət idi. Türk heyəti 1918-ci ilin may ayının 30-da ermənilərlə apardıqları danışıqlar nəticəsində bu şərtləri tətbiq etməyə başladı. Buna qəti etirazını bildirən A.Xatisyan ermənilərə verilən torpaqların az olduğunu, təklif edilən bu sərhədlərin türk və erməni xalqları arasında daimi düşmənçiliyə səbəb olacağını bəyan etdi. O bildirdi ki, Qafqaz müsəlmanlarının yaşadıqları ərazinin çox az bir hissəsi onlara verilərsə, müsəlmanlarla münasibətləri düzələcək və müsəlmanların haqları bu ərazilərdə ermənilər tərəfindən müdafiə ediləcək. Vehip paşa ermənilərə daha çox ərazinin qala bilməsi üçün Ermənistan ərazisində yaşayan müsəlman əhalinin Türkiyəyə köçürülməsini təklif etdi. O, "erməni məsələsi"nin beynəlxalq bir problem olduğunu qəbul edərək, onların müstəqilliyinin Türkiyə tərəfindən tanınacağını bildirdi. Ermənilərin bu şərtləri qəbul etməkdən başqa bir çarəsi qalmadı... (Dövlət arxivi, A.3671, k.2930, d.555, f.15;15-9.)

 

Batumidə imzalanan bu müqavilə Ermənistanın müstəqilliyini tanıyan ilk beynəlxalq sənəd idi və Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdu. İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), İrəvan quberniyasının 3/5 hissəsi, Üçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisinin 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürd və 11 min digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi.

 

Öz müstəqilliklərini elan edən Qafqaz dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda 4 iyun 1918-ci ildə sülh müqaviləsi imzalandı. Həmin gün Azərbaycanla Osmanlı hökuməti arasında da müqavilə imzalandı. Bu müqaviləylə Osmanlı ilə Azərbaycan, Gürcüstan, Ermənistan arasında sərhəd xətti müəyyənləşdi. Müqavilənin üçüncü bəndinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan tezliklə sərhədlərini müəyyən edən protokol imzalamalı və bu barədə Osmanlı Hökumətinə məlumat verməliydilər. (Arşiv belgelerle ermeni faaliyeti (1914-1918), c.I, II, Ankara,Genelkurmay Basın Evi, 2005. s. 653, 551)

 

Ermənistan-Türkiyə danışıqlarında (may 1918 il, Batumi) Türkiyə tərəfinin bəyanatında maraqlı olan maddələr aşağıdakılardır:

Maddə 5. Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq;

Maddə 6. Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı, eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.

Maddə 11. Ermənistan Respublikasının hökuməti bu Müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik götürür.

 

Azərbaycan üçün ən önəmli olan dördüncü maddədə göstərilirdi ki, Azərbaycan Respublikası hökuməti tərəfindən tələb edildiyi təqdirdə, Osmanlı hökuməti ölkədə qayda-qanunu (intizam) və daxili asayişi təmin etmək və möhkəmləndirmək üçün Azərbaycana zəruri hərbi yardım göstərməyi öz öhdəsinə götürür.( ATASE, A. 4/3671, K. 2917, D. 302, F. 1-166.)

 

Amma qısa müddət sonra Batumidə əldə edilən razılaşmanın şərtləri ermənilər tərəfindən pozuldu – azərbaycanlılara qarşı soyqırım siyasəti davam etdirildi. "Azərbaycan" (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş "Ermənistanda müsəlmanların vəziyyəti" məqaləsində İrəvan şəhərinin azərbaycanlı əhalisinin faciəli vəziyyəti haqqında yazırdı:

 

"Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər… Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınlar öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar… Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir. Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar… Müsəlmanların evlərini zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər. Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınları müsəlman məhəllələrində və evlərində məskunlaşdırır".

 

Bir həqiqət var ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur.

 

Bir faktı da unutmaq lazım deyil. Üzeyir Hacıbəyovun ingilis generalı Tomsonla danışığı. Bu tarixi əhəmiyyətə malik olan dialoq AXC-nin o zamankı daxili siyasətinin milli dəyərlər üzərində qurulduğunu göstərir:

 

Üzeyir bəylə Tomson arasında dialoqdan:

- Cənab general, biz Qarabağa 30 minlik qoşun göndərib torpaqlarımızı azad edəcəyik.

- Bu, mümkün olan iş deyil.

- Qarabağda ermənilər qanuni hökumətə qarşı qiyam qaldırıb. Əgər İngiltərədə bir dəstə dövlətə qarşı qiyam qaldırsa, nə edərsiniz?

- Bu bəllidir, biz qiyamı yatırarıq.

- İcazə verin, biz də gedib qiyamı yatıraq, torpaqları azad edək.

 

Bundan sonra Tomson deyib, gedin, azad edin. Demokratik Cümhuriyyət Andranikin, Dronun qoşununu dağıdıb, onları Qarabağdan çıxartdı, torpaqların azadlığına nail oldu. Ancaq təəssüf ki, 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və noyabrda Zəngəzuru Ermənistana verdilər.

 

Lakin yuxarıda qeyd etdiyimiz maddələrə nəzər salsaq, görərik ki, Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozmuşlar. Ermənistan dövlətinin ərazisi Azərbaycanın torpaqları hesabına 20 min kvadrat kilometr artaraq 29,7 min kvadrat kilometrə çatdı. Və Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47.).

 

Elə buna görə də Azərbaycan Batumi razılaşmasından imtina edə və Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarını ləğv etməklə bağlı məsələ qaldıra bilər.

 

Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılması, həmin qərar qüvvədən salınması ilə bağlı hüquqi baxışlar icra etmək mümkündür.

 

Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı, əslində, öz hüquqi qüvvəsini itirib. Bir faktı nəzərinizə çatdıraq ki, beynəlxalq müqavilələr bir qayda olaraq 99 illik bağlanır.(Axar.az)