“Prezident və Birinci vitse-prezident şəhid övladlarının hər biri ilə maraqlandı” - Şəhid Raquf Orucovun xanımı - FOTOLAR
04 dekabr 2019 00:58:32
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva BakuTel sərgisində şəhid övladlarının startaplarını izləyiblər.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bununla bağlı bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hələ 3 ay əvvəl 15 nəfər şəhid övladı olan şagird kurslara cəlb olunub:
“Məktəblilərin üç şirkətdə robot idarəetməsi, dron uçuşları, kompüter mühəndisliyi və digər sahələrin öyrənmənməsinə dəstək göstərdik. Nəticədə həmin şəhid övladları bugünkü sərgidə kiçik startaplar ilə iştirak etdilər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da sərgidə iştirak edirdilər. Orada şəhid övladlarının əyləşdiyi stendə böyük maraq göstərildi. Mehriban xanım onların startap layihələrinin hər biri ilə maraqlandı. Cənab prezident də təşkilatımızın fəaliyyəti ilə maraqlandı və işlərimizdə uğurlar arzuladı.
Sonda 6 şəhid övladı hərbi geyimdə “Lələtəpəyə zəfər yürüşü” adlı dron uçuşları həyata keçirdi”.