28 may Respublika günüdür
28 may 2020 18:59:51
102 il öncə vətənpərvər Azərbaycan ziyalıları yoxdan bir dövlət qurublar.
Zəfər.az xəbər verir ki, o dövrdə sahəsi 114 min kvadrat kilometr olan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlamentli demokratik respublika idi.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərindəki Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
102 il öncə - 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin –Məhəmməıd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub.
Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
AXC-nin qurulmasına dair Milli Şuranın İstiqlal Bəyannaməsində deyilirdi:
“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
Azərbaycan Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
Azərbaycan Cümhuriyyətinin milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
Azərbaycan Cümhuriyyətinin öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.(Modern.az)