BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Xocalıya niyə kömək edilmədi... I HİSSƏ

27 may 2020 16:59:21

I HİSSƏ

 

1991-ci ilin oktyabrın 30-dan etibarən Xocalıya avtomobil yolu ermənilər tərəfindən bağlandı. Şəhərlə əlaqə helikopterlər vasitəsilə saxlanılırdı. Lakin helikopterlər ermənilər tərəfindən daim atəşə tutulurdular. Dağlıq Qarabağda erməni işğalı nəticəsində 1991-ci ilin yayında və payızında xocalılıların demək olar ki, yarısı şəhəri tərk etməyə məcbur olmuşdu. Erməni yaraqlı dəstələri Xocalını hər tərəfdən mühasirəyə aldığından, yolları, keçidləri tutduğundan şəhərin quru yolla əlaqəsi hərtərəfli kəsilmişdi. 1992-ci ilin əvvəlindən Xocalıda elektrik enerjisi də kəsildi. Yerli əhalinin xarici aləmlə yegana əlaqəsi ratsiya ilə (generatorla) işləyirdi və gediş-gəlişi vertolyotla idi.

 

Zəfər.Az bildirir ki, 1992-ci ilin yanvarın 28-də Şuşa üzərindən uçan mülki vertolyotumuz ermənilər tərəfindən vurulandan sonra Xocalıya hava uçuşlarımız dayandırıldı. Həmin tarixdən fevralın 13-ə qədər isə Gəncədə yerləşən rus hərbi vertolyotlarının mühasirədə olan şəhərə uçuşları davam edirdi. Lakin fevralın 13-dən etibarən bu uçuşlar da dayandırıldı. Köməksiz düşmən mühasirəsində hər yerdən ümidi kəsilən şəhər əhalisi xilas üçün ölkə rəhbərliyinə dəfələrlə teleqramlarla müraciət etmişdi.

 

Bütün vasitələrdən əli üzülən respublika rəhbərliyi Xocalının, eləcə də döyüş gedən bütün rayonların müdafiəsini təşkil etmək üçün vahid komandanlığın yaradılmasının zəruri olduğunu anlayırdı. Ölkədə hakimiyyət uğrunda AXC-Mütəllibov qarşıdurması, siyasi anarxiya, ordu quruculuğundakı obyektiv və subyektiv çətinliklər Qarabağı öz taleyi ilə baş-başa qoymuşdu. Beləliklə, prezident A.Mütəllibov 14 Fevral 1992-ci ildə Qarabağ zonası ərazisində vahid komandanlığın yaradılması haqqında fərman imzalayır və döyüşən bütün batalyonların, özünümüdafiə dəstələrinin Daxili İşlər Nazirinin müavini polkovnik Tahir Əliyevə tabe edilməsi haqqında əmr verir.

 

Qarabağ zonasında vəziyyətin gərginləşməsi ilə bağlı

ƏMR edirəm:

1. Qarabağ zonasında bütün silahlı birləşmələrin komandanı Daxili İşlər Nazirinin Müavini polkovnik T. Əliyev təyin edilsin.
2. Ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələri ona tabe edilsin.
3. General-mayor D. Rzayev mövcud hərbi bölmələrdən hərbi hissə təşkil etsin və yaşayış məntəqələrinin möhkəm müdafiəsini təşkil etmək üçün dərhal Goranboy rayonuna çıxsın.
Müdafiə Nazirliyinin bütün tədbirləri polkovnik T. Əliyevlə sıx qarşılıqlı əməkdaşlıqda aparılsın.
4. Şuşanin mudafiəsi R. Qazıyevə tapşırılsın və xüsusi təyinatlı batalyondan başqa rayonun bütün silahlı dəstələri onun sərəncamına verilsin.
5. Bölmələrin idarəetməsini təşkil etmək üçün Müdafiə Nazirliyi T. Əliyevin sərəmcamına bir qrup zabit göndərsin.
6. Bu əmrin icrasına nəzarət Müdafiə Nazirinin birinci müavini, Baş Qərargahın rəisi general-mayor Ş. Musayevə tapşırılsın.

 

A.Mütəllibov
Azərbaycan Respublikasının Ali Baş Komandanı

 

Prezident A.Mütəllibovun sərəncamına əsasən Qarabağ zonasında fəaliyyət göstərən silahlı birləşmələr komandan Tahir Əliyevin sərəncamına verildi. Bununla da, Ağdam rayonundakı yerli özünümüdafiə batalyonları Xocalı şəhərini mühasirədən çıxartmaq və Əsgəranla Ağdam arasında dəhliz yaratmaqla yerli əhalini evakuasiya etməli idi. Həmin dövrdə Ağdam rayonunda yerləşən silahlı birləşmələr haqqında rəsmi məlumatı nəzərinizə çatdırmağı lazım bildik.

 

Qatır Məmməd adına Qarabağı özünümüdafiə şahinləri batalyonu – komandir Yaqub Rzayev (Ala Yaqub). Şəxsi heyət 250 nəfər, silah sursat: 2 ədəd T-72 tankı, 2 ədəd KS-19 topu (100 mm), 40 ədəd avtomat, 2 ədəd RPQ, 2 ədəd PKM və 1 ədəd DSK pulemyotu (12.7 mm);

Müdafiə Nazirliyinin 18112 saylı hərbi hissəsi – komandir Xudu Xuduyev, silah-sursatla.

Ağdam Daxili İşlər Şöbəsinin milis batalyonu, silah-sursatla;

Papravənd, Əliağalı, Gülablı, Şelli, Şotlanlı və Əsgəran yolunun üstündəki 19-cu postda dayanan 6 vzvod;

Faiq Baxşəliyevin sərəncamında olan 1 vzvod;

859 saylı Ağdam Mühəndis İstehkam batalyonu – komandir Asif Məhərrəmov (Fred Asif). Şəxsi heyət 100 nəfər, silah-sursat: 58 ədəd avtomat, 1 ədəd RPQ, 2 ədəd PKM, 2 ədəd DSK pulemyotu, 1 ədəd BRDM zirehli maşını, 1 ədəd KS-19 topu (100 mm), 2 ədəd 76 mm-lik PTP-ZİS-3 top, 1 ədəd PKM, 1 ədəd RPQ-76;

Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) – komandir Rövşən Cavadov. Şəxsi heyət 40 nəfər, silah-sursat: 40 ədəd avtomat, 12 ədəd AK-74, 3 ədəd RPQ-76, 1 ədəd AQS-17;

Müdafiə Nazirliyinin hərbi hissəsi – komandir Tahir Həsəsnov, silah-sursatla;

836 saylı Ağdam özünümüdafiə batalyonu – komandir Şirin Mirzəyev. Şəxsi heyət 540 nəfər. Silah-sursat: 200 ədəd AK-74 (5.45 mm), 280 ədəd AKM (7.62 mm), 5 ədəd RPQ, 3 ədəd RKM, 6 ədəd qumbaraatan, 3 ədəd DSK pulemyotu, 1 ədəd pulemyot (14.5 mm), 3 ədəd T-72 tankı, 2 ədəd KS-19 topu (100 mm), 1 ədəd minaatan (82 mm), 1 ədəd ZOU-23-2 zenit qurğusu (23 mm);

 

845 saylı Ağdam özünümüdafiə batalyonu – komandir Allahverdi Bağırov. Şəxsi heyət 150 nəfər, silah-sursatla.

 

Xocalıda soyqırım ərəfəsində şəhərin müdafiəsində dayanan hərbi qüvvələrin, silah-sursat və hərbi texnikanın sayı barədə şəhərin İH başçısı Elman Məmmədov deputat-istintaq komissiyasına aşağıdakı məlumatı vermişdir.

 

"Bu zaman Xocalının müdafiəsi üçün aşağıdakı qüvvələr var idi. 254 nəfərdən ibarət yerli Xocalı özünümüdafiə batalyonu. Silahları 150-ə qədər avtomat, 2-3 ədəd pulemyot, 1 ədəd əl qumbaraatanı, 2 iriçaplı 12.7 mm-lik DŞK pulemyotu, 1 ədəd zirehli maşın, hansı ki, heç bir silahı və hərbi sursatı yox idi. Batalyonun komandiri Hüseynov Tofiq Mirsiyab oğlu idi, hansı ki, həlak olub.

 

Xocalı Milis Bölməsi. Şəxsi heyəti 50 nəfər. Silahları 30-35 ədəd avtomat silahı və tapançaları. Rəisi milis mayoru Məmmədov Sabir Surxay oğlu.

 

Aeroport milisi. Şəxsi heyəti 25 nəfər. 20-ə qədər avtomatları, 1 ədəd snayper silahı, 1 ədəd əl qumbaraatanı, 1 ədəd AQS qumbaraatanı və şəxsi tapançalar. Rəisi Hacıyev Əlif Lətif oğlu.

 

Milli Müdafiə Nazirliyinin 24 nəfər əsgəri. Silahları avtomatlar, 1 ədəd əl pulemyotu, 1 ədəd BRDM markalı zirehli hərbi maşın. Komandirləri Aqil Quliyev, hansı ki, həlak olub.

 

Bunlardan başqa Xocalı şəhərinin müdafiəsi üçün heç bir silahlı qüvvələr olmamışdır".

 

Yuxarıda göstərilənlərə uyğun olaraq 1992-ci ilin fevralın əvvəlində Xocalıya humanitar dəhliz açmaq məqsədilə MN Baş Qərargahının bir neçə zabiti hücum əməliyyatı hazırlayıb həyata keçirmək üçün Ağdamda yerləşən hərbi qərargaha göndərilmişdi. Onlar Ağdamda olan batalyon komandirləri ilə birlikdə hücum əməliyyatını hazırlayıb işləmişdi. Həmin hücum əmrini hazırlayan şəxslərdən biri MN Baş Qərargahının zabiti podpolkovnik İntiqam Abdullayevin deputat-istintaq komissiyasına verdiyi məlumatlar olduqca maraqlıdır. İ.Abdullayev öz ifadəsində bildirir: “Müdafiə Nazirliyinə müraciətlə yanaşı hücum planı da hazırladıq. Bütün detallar işlənmiş, vəzifələr bölünmüşdü. Əmri olduğu kimi təqdim edirik.

 

23 Fevral 1992-ci ildə Qarabağ zonası üzrə komandanın döyüş əmri tərtib edildi.

Döyüş əmri №1

Qarabağ zonasındakı bütün hərbi birləşmələrə

Ağdam şəhəri. 23.02.1992

Erməni quldur birləşmələrini lokallaşdırmaq və ləğv etmək, Qarabağ zonasındakı bütün hərbi qüvvələrin gücündən istifadə etməklə Xocalı şəhərinin təhlükəsizliyini təmin etmək, hava limanının və yaşayış məntəqələrinin müdafiəsini təşkil etmək məqsədilə ƏMR EDİRƏM:

Ağdam rayonunda yerləşən bütün hərbi birləşmələrin komandirlərinə aşağıda göstərilən istiqamətlərə kəşfiyyat qruplarını göndərməyi əmr edirəm:

1. Motoatıcı batalyon (komandir Xudu Xuduyev) saat 14:00-da Əsgəran istiqamətində hücuma keçsin və ermənilərin atəş mövqelərini ələ keçirsin, Əsgəran şəhərinin müdafiəsini təşkil etsin.

2. Özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov Ağdam-Qasımlı-Naxçıvanik istiqamətində düşmənin atəş mövqelərini tutsun, Naxçıvanikə hücum təşkil olunsun, özünümüdafiə batalyonunun 1-ci tağımı ilə (komandir Mirzəyev) Pircamal kəndini tutsun.

3. Özünümüdafiə batalyonunun komandiri Asif Məhərrəmov Ağdam-Əsgəran-Kətik istiqamətində hücuma keçərək atəş mövqeləri tutsun.

4. Özünümüdafiə batalyonunun komandiri Yaqub Rzayev Ağdam-Xanabad istiqamətində hücuma keçərək erməni birləşmələrinin atəş mövqelərini tutsun, müdafiəni təşkil etsin və sonra Nerkin-Qılıçbaq istiqamətinə çıxsın.

5. OMON komandiri Rövşən Cavadov və milis batalyonunun komandiri Telman Hətəmov (faktiki Faiq Baxşəliyev) Ağdam istiqaməti boyunca hücuma keçsin, sonra Ağdam-Xocalı istiqamətinə çıxsın, Xocalı şəhərinin müdafiəsini təşkil etsin və lazım gələrsə düşmənin Xankəndi istiqamətində hücumunun qarşısını alsın.

6. Malıbəyli özünümüdafiə dəstəsi Ağdam-Kətik istiqamətində hərəkət edərək atəş mövqeləri tutsun və hücumu saxlasın.

7. DİN milis batalyonu Xocalı şəhərinin müdafiəsini saxlayıb Yeni Noraguh istiqamətində aktiv əməliyyatlara başlasın.

8. Ağdam rayonunun özünümüdafiə batalyonları Ağdam rayonunun müdafiəsini təşkil etsin və döyüşə girməzdən əvvəl 1 tağımla birlikdə 1 BTR və 1 T-72 tankını ehtiyatda saxlasın, həmçinin döyüşə hazır vəziyyətdə olsun.

 

Təşkilati işlərdən sonra T. Əliyev, F. Hacıyev və mənim aramda söhbət oldu. Onlar dedi ki, F. Hacıyev MN-nin səlahiyyətli nümayəndsi kimi T. Əliyevin addımlarını kordinasiya edəcək. Daha sonra T. Əliyev Qubadlıda vəziyyətin pisləşməsini səbəb göstərərək oraya getdi və Xocalı faciəsinə qədər Ağdamda görünmədi. Ərazi üzrə rəhbərin yoxluğu vəziyyətə öz təsirini göstərdi və Xocalıya dəhlizin açılması əməliyyatının həyata keçirilməsini imkansız etdi. Planla əlaqəli əmr hazırlandıqdan sonra onu həyata keçirmək üçün Qarabağ qərargahının komandanının imzası lazım idi. Tahir Əliyev isə hələ də Ağdama qayıtmamışdı. F.Hacıyevdən soruşdum ki, əmri kim imzalayacaq, cavab verdi ki, mən imzalayacam. O zaman mənə səlahiyyətlərini təsdiq edən bir sənəd göstərməsini istədim. O sənədi axtardı, lakin tapa bilmədi. Sonra dedi ki, onu bu gün soyublar, pulunu və sənədlərini götürüblər".

 

Qeyd edək ki hücum əməliyyatının icrası təkcə Qarabağ üzrə komandanın döyüş əmrini imzalamadığı səbəbindən təxirə salınmadı. Həmin dövrdə istər Ağdamda, istərsə də Xocalıda müdafiədə dayanan hərbi qüvvələrimiz ermənilərin tərəfində iştirak edən Xankəndindəki 366-cı alaya qarşı döyüşdə həm döyüş hazırlığı, həm də canlı qüvvə, silah-sursat və texnika cəhətdən çox zəif idi. Buna görə də 23 fevral 1992-ci ildə hazırlanan döyüş əmrinin icrası həm bu, həm də digər səbəblərdən baş tutmadı. Fevralın 24-də Xocalıya bir istiqamətdən yeni hücum planı tərtib olundu.

 
Elbrus Vahidov