BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Xocalı faciəsi

29 noyabr 2019 16:06:55

Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımı antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi 1988-ci ilin əvvəllərində  ermənilər Dağlıq Qarabağı birtərəfli şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladılar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan və 940 kv.km əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.

1991-ci ilin oktyabrından etibarən Xocalı  rayonu tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır. 30 oktyabr tarixində  rayonla yerüstü əlaqə kəsildi. 1992-ci ilin yanvarından etibarən şəhərin elektrik təchizatı dayandı. Xocalını işğal etməklə, Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olan məqsədini güdürdü.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayın köməyi ilə Xocalıya hücum etdi, bəşər tarixində insanlığa qarşı ən dəhşətli vəhşiliklərdən birini törətdi. Erməni silahlı quldurları tərəfindən aylarla mühasirədə saxlanılan Xocalı sakinləri - qocalar, qadınlar, südəmər körpələr amansızlıqla qətlə yetirildilər. Xocalı qətliamı zamanı 613 nəfər öldürülmüşdür, onlardan 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamam məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür.

 

 

Girov  götürülənlərdən  bir çoxunun taleyi bu günədək məlum deyildir. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir. Ermənilər sağ qalmış və yaralı  insanlar üzərində vəhşicəsinə hərəkətlər edirdilər. Onların başının dərisini soyur, başlarını və bədəninin digər orqanlarını kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarnını  süngü ilə deşir, insanları diri-diri yandırır, yaxud torpağa gömürdülər. Bütün bunlar müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı aktı olduğunu təsdiqləyir.

 

 

Xocalı soyqırımının təşkilatçıları Ermənistanın siyası rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motaatıcı  alayının şəxsi heyətidir.

 

 

Xocalıdan əvvəldə də ermənilər dinc  əhaliyə qarşı amansız vəhşiliklər etmiş, kütləvi qırğınlar törətmişdirlər. Xocavənd rayonunun Qaradağlı kəndində 1992-ci ilin fevralın 17-dən 18-nə keçən gecə 77 nəfər dinc kənd sakini qətlə yetirilmiş, 84 nəfər isə əsir götürülmüşdür. Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli kəndlərindəki erməni vəhşilikləri azərbaycanlılara qarşı törədilmiş cinayətlər sırasında amansızlığı ilə seçilir.

 

 

Xocalı soyqırımına parlament səviyyəsində bir neçə dəfə münasibət bildirilib. Faciəyə daha əhatəli hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 24 fevral 1994-cü ildə keçirilən iclasının qərarı ilə verilmişdir. Həmin qərara əsasən,  1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” kimi qeyd olunur. 

Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması  Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir.

Keçən dövr ərzində 13 ölkənin Parlamentində Xocalı soyqırımı rəsmi olaraq tanınıb. 2011-ci ildə Meksika, 2012-ci ildə Pakistan, Kolumbiya, 2013-cü ildə Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya, 2014-cü ildə Sudan və  Honduras, 2015-ci ildə Qvatemala, 2017-ci ildə Cibuti və Paraqvay Parlamentlərində Xocalı faciəsi soyqırımı kimi tanınmışdır. Bundan başqa, ABŞ-ın 22 ştatında və İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul olunmuşdur.