Gəncə üsyanı – 100: Şərəf və namusumuzun paytaxtı
26 may 2020 14:07:14
28 Aprel işğalından sonra ilk həftə XI Qırmızı Orduya xalqı incitməmək tapşırılmışdı. Bolşeviklər özlərini elə aparırdılar ki, guya onların istədikləri təkcə Azərbaycanda fəhlə-kəndli hakimiyyəti qurmaq və bir də neftdir. Qalanıyla işləri yoxdur. Rusiyanın rəhbəri Lenin mayın 5-də Bakıya təbrik teleqramında şəxsən şüar deyirdi: “Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!” Amma ölkədə diviziyalarının sayını artırdıqca, bolşeviklər azğınlaşır, iqtisadiyyatı talayır, xalqı soyurdular. Kütləvi həbslər başlanmışdı. Qəzetlər hər gün güllələnən “əksinqilabçılar”ın siyahılarını dərc edirdilər. Milli Ordu hissələrini “yenidən qurmaq” adı ilə ya buraxır, ya rus diviziyalarının tərkibinə qatırdılar. Bakıda özünü təhlükəsizlikdə hiss edən sovet komandanlığı əsas diqqətini Gəncəyə və Qarabağa yönəltmişdi. Çünki Azərbaycanın Milli Ordu hissələri Ermənistanla Qarabağ müharibəsi səbəbindən bu bölgələrdə cəmlənmişdi. Doğrudur, indi həmin qüvvələr sovet hökumətinə tabe idilər, amma Azərbaycanla “müstəqillik” oyununu birdəfəlik bitirmək üçün ilk növbədə onun ordusunu bitirmək lazım idi. Xüsusilə Cavad xanın ruhunu yaşadan üsyankar Gəncə ram edilməliydi…
***
Gəncə qubernatoru Xudadat bəy Rəfibəyliyə bu bəd xəbəri Bakıdan həmyerlisi, sosialist millət vəkili Aslan bəy Səfikürdski çatdırdı. Zəng edib dedi ki, parlament artıq hakimiyyəti bolşeviklərə təslim edib və Hərbi-İnqilab Komitəsinin qərarına əsasən, Gəncə qubernatorunun fəaliyyətinə xitam verilıb.
Xudadat bəy müavini, polkovnik Hüseynqulu xan Xoyski ilə hazırlıq işlərini gördü və mayın 1-də quberniyanı yerli bolşeviklərin lideri İbrahim Əliyevə təhvil verdi.
XI Ordunun “Mixail Ulyantsev” zirehli qatarı, 20-ci atıcı diviziyası və 28-ci diviziyasının desant dəstələri artıq Gəncə stansiyasını tutmuşdular. Mayın 2-də 2-ci süvari korpusu və Taman süvari diviziyasının alayıarı da şəhərə çatdılar və ətraf əraziləri nəzarətə götürdülər.
HAŞİYƏ
Ruslar bir ucdan qərbə qoşun daşıyırdılar. Azərbaycanın sürətli işğalından dişlərinin dibində şirə qalmışdı. Sərhəddə insident yaradıb, bir bəhanə ilə Gürcüstana girmək, Tiflisi də ələ keçirmək istəyirdilər. Mayın 6-da Britaniya hökumətinin Tiflisdəki nümayəndəsi, komissar Lyuk Londona “əlahiddə təcili”, şifrəli teleqram göndərmişdi: “…100-minlik bolşevik ordusu Azərbaycan istiqamətində cəmləşdirilib… Plan üzrə əvvəlcə Gürcüstana Poyludan hücum olacaq… Birləşmiş Ştatların bütün hərbi ofisi də dünən müttəfiqlərin missiyalarına və yerli hökümətə xəbər vermədən, qəflətən Tiflisi tərk edərək Batuma köçüb”. Amma arxadan, xüsusilə Gəncədən hər zaman təhlükə gözləyən rusların tərəddüdləri bu planın icrasını gecikdirirdi. Gəncədə isə general Cavad Şıxlinskinin komandanlığı altında Azərbaycan Milli Ordusunun 1-ci diviziyası dayanmışdı.
Hələ aprelin 29-da Azərbaycan Hərbi-İnqilab Komitəsi – Azrevkom – milli ordunun operativ qaydada XI Qırmızı Ordunun tabeçiliyinə verilməsi barədə qərar çıxarmışdı. Bütün rütbələr, milli fərqlənmə nişanları ləğv olunmuşdu. Ancaq bu, kifayət etmirdi. Mayın 7-də Azrevkom yeni qərarı ilə silahlı qüvvələrimizi nəinki operativ, həm də inzibati, təşkilatı qaydada, təchizat məsələlərində XI Ordunun ixtiyarına verdi. Bolşeviklər hərbi hissələri “yenidən formalaşdırmaq” adı ilə onları tərksilah etməyə, komandirləri ermənilərlə, ruslarla əvəzləməyə başladılar. Artıq görünürdü ki, məqsəd Azərbaycan diviziyalarını Rusiya ordusunun içərisində əridib, yox etməkdən ibarətdir.
Azərbaycan hissələrində narazılıq artırdı. Həm də bu, təkcə ordunun öz vəziyyəti ilə bağlı deyildi, əsgər və zabitlərimizi dövlət müstəqilliyinin əldən verilməsi, bolşeviklərin əhali ilə günü-gündən daha kobud davranması hiddətləndirirdi. İlk vaxtlar camaata toxunmayan “qırmızılar” indi insanların malını-mülkünü zorla müsadirə edir, repressiyaların dairəsini genişləndirirdilər. Sovet əsgərlərinə güvənən ermənilər də bir tərəfdən ayaq almışdılar. Gəncənin müsəlman əhalisinin hörmətli adamlarını, başbilənlərini şərləyib tutdururdular. Mayın 10-da Qırmızı Ordu diviziyasının Xüsusi şöbəsi bir qrup erməninin donosu əsasında gəncəlilərin sevimlisi, şəhər xəstəxanasının direktoru, keçmiş qubernator Xudadat bəy Rəfibəylini həbs etdi. Mayın 12-də onu Bakıya apardılar və 8 gündən sonra xəlvəti güllələdilər…
Gəncə zabitləri və ziyalıları əvvəlcə Bağmanlar məhəlləsində evdə, sonra Kürqırağı meşələrdə gizli yığıncaqlara toplaşırdılar. Hiylə ilə ölkəyə soxulmuş bolşeviklərin iç üzü açıldıqca, silaha sarılmaq tərəfdarlarının sayı artırdı. Mayın 16-da ilk dəfə üsyan planı müzakirə olundu. Gözlənilmədən hücuma keçib şəhərdəki Qirmizi Ordu hissələrini tərksilah etmək, sonra Qarabağdakı Milli Ordu alayları və Gürcüstan qoşunu ilə birləşmək, ölkəni azad etmək qərara alındı. Bu təkliflə Tiflisə və Tərtərə adamlar yola salındı.
HAŞİYƏ:
Tiflisə kimlərin göndərildiyi barədə həmin toplantıda iştirak edənlərin xatirələrində iki versiya söylənir. Üsyan rəhbərlərindən biri, diviziyanın alay komandiri, polkovnik Cahangir Kazımbəyov bunların iki gürcü zabiti olduğunu yazır. ADR-in Əksinqilabla mübarizə əşkilatının keçmiş rəhbəri Nağı bəy Şeyxzamanlı isə həmin missiyanın ona həvaləolunduğunu deyir. İstənilən halda, “gəncəlilərlə gürcülər ümumi düşmənə qarşı mübarizədə nə üçün birləşə bilmədilər?” sualının cavabı eyni ünvandan gəlir. Gürcüstan Silahlı Qüvvələrinin Baş Komandanı, general Giorgi Kvinitadzenin xatirələrində oxuyuruq: “Qırmızı körpü-Sadaxlı cəbhəsində qoşunlarımız hücuma hazır idilər… Mən kəşfiyyatımızdan, Azərbaycandan qaçmış gürcü zabitlərindən və hökumətin keçmiş üzvlərindən məlumatlar alırdım. Onlar göstərirdilər ki, Azərbaycanda… əhalinin işğalçılara qarşı etirazı artır, passiv ordu məqam gözləyir, bəzi hissələr artıq fəallıq nümayiş etdirir… Əmin idim ki, bir qığılcıma bənd Azərbaycan qalxacaqdı… Hökumətimizin sədri isə hərbi əməliyyatları davam etdirməyə meylli deyildi. Nəhayət, razılaşdı… Mayın 19-da ordumuz hücuma başlamalı idi. Hərbi nazir və mən Sadaxlıya getdik. Ancaq həmin gün hökümətimizin sədrindən hərbi əməliyyatları dayandırmaq və rəqiblə sülh danışıqlarına başlamaq haqqında qısa teleqram aldım. Biz Tiflisə qayıtdıq və mən istefa verdim… Bir həftə keçməmiş, mayın 25-də Yelizavetpolda (Gəncədə – red.) üsyan qalxdı və bolşeviklər tərəfindən amansıızlıqla yatırıldı… Mayın 19-da biz hücuma keçsəydik, belə olmazdı”.
General Giorgi Kvinitadze
Ancaq Rusiya-Gürcüstan danışıqları gizli aparılırdı və Gəncədə bundan təbii ki, xəbərsiz idilər. Qarabağa göndərilən zabitlərin də Yevlax yolunda saxlanılıb güllələndiyini bilmirdilər. Böyük ümidlərlə üsyana hazırlıq davam edirdi. Rusları duyuq salmamaq üçün “təlim” adı altında diviziyada hər gün atıcılıq üzrə məşğələlər keçirilirdi.
Bununla belə, XI Ordu qərargahında Gəncədə vəziyyətin gərgin olduğunu bilirdilər. Mayın 18-də ordu komandanı Levandovski Gürcüstanla sərhəddə cəmləşmiş hərbi hissələrdən bir neçəsinin Azərbaycanın içərilərinə köçürülməsi əmri verdi. Onların çoxu Gəncə ətrafında yerləşdirilməli idi. Mayın 20-də şəhər komendantı Məhəmməd Mirzə Qacar vəzifəsindən üzaqlaşdırıldı. Diviziya komandiri Cavad bəy Şıxlinski çıxarıldı, yerinə ruslardan Şevelyov soyadlı birisini təyin etdilər. Əfsanəvi 1-ci piyada diviziyasının bazasında “Birləşmiş Qırmızı Fəhlə-Kəndli Diviziyası” yaratmaq üçün Bakıdan XI Ordunun inspektoru Melnikov da Gəncəyə gəldi. Bu, diviziyada böyük həyacanla qarşılandı. Artilleriya briqadasının komandiri, polkovnik Daniyal bəy Həlləcovun qızı Leyla Həlləcova xatirlayır:
“Həmin axşam atam evə gələndə özündə deyildi. Şəhər komendantı Məhəmməd Mirzə Qacarın və diviziya komandiri Cavad bəy Şıxlinskinin çıxarılması onu çox əsəbiləşdirmişdi. Atama demişdilər ki, XI Ordu qərargahından gələnlər bizim komandir heyəti ilə kobud davranırlar… Bütün əsgərlərimiz və zabitlərimiz bir səslə etiraz edirlər”.
Bu hadisə üsyanın sürətləndirilməsinə təkan verdi. Mayın 22-də Cahangir Kazımbəyovun təşəbbüsü ilə hərbçilər şəhərdən 20 km aralıda, Nüzgar kəndində toplaşdılar. Kəndə qaçaqlar nəzarət edirdilər. Taktiki plan hazırlandı. Dəmir yolunu tutmaq, Bakı ilə qərb bölgəsinin əlaqəsini kəsmək, oradakı Qızıl Ordu birləşmələrinin Azərbaycanın içərilərinə hərəkətinin qarşısını almaq, nəhayət, bolşevik hakimiyyətinə son qoymaq qərara alındı. Üsyana ümumi rəhbərliyi generallar Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar və polkovnik Cahangir bəy Kazımbəyov həyata keçirməli idi. Şıxlinski artilleriyanı, Kazımbəyov Gəncə alayını və partizan dəstələrini idarə edəcəkdi, Mirzə Qacar müdafiə qurğularına cavabdehlik daşıyırdı. Sarı Ələkbər, Qaçaq Qənbər, digər qaçaqlar üsyana dəstək verəcəkdilər. Gürcü ordusuna və Qarabağdakı dəstələrimizə də böyük ümid bəslənilirdi.
HAŞİYƏ:
Üsyan ərəfəsində Gəncədə və şəhər ətrafında qüvvələr nisbəti, xüsusilə silah sarıdan düşmənin xeyrinə idi. Üsyançıların sərəncamında Gəncə piyada alayı, Şəki süvari alayının təlim komandası, bir top batareyası və qərargahın komendant hissəsi – cəmi 1800 əsgər vardı. Rusların əsas güvvələri – 20-ci diviziyanın iki atıcı alayı şəhərin ermənilər yaşayan cənub-şərqində məskunlaşmışdı, 3-cü briqadanın rabitə batalyonu və qərargahın komendant hissəsi isə şimal-qərbdə azərbaycanlıların yaşadığı hissədə yerləşmişdi. Onların cəmi 2000 əsgəri, 30 pulemyotu, 1 artilleriya divizionu, bindan başqa, Zurnabadda 450 süvarisi, səkkiz pulemyotu, bir top batareyası, Helenendorfda artilleriya qərargahı və hərəsinin 2 topu olan 2 batareyası var idi.
25 may
Üsyan mayın 25-dən 26-na keçən gecə şəhərin müsəlman hissəsində başladı. Milli Ordu 3-cü briqadanın komandiri Şirmaxeri qərərgahı ilə birlikdə həbs etdi, 600 nəfərdən ibarət şəxsi heyəti əsir götürdü, 20-ci diviziyanın üç artilleriya batareyasını ələ keçirdi. Gecə ikən bolşeviklərin tutduqları adamlar həbsxanadan buraxıldı və şəhər əhalisi silahlandırıldı. Ancaq Gəncə alayının batalyonları sovet alayları ilə qızğın döyüşdən sonra şəhərin ermənilər yaşayan hissəsindən geri çəkilməli oldu.
26 may
Gün ərzində davam edən döyüşlərdən sonra milli ordu dəmir yolu vağzalını, ardınca, demək olar, bütün şəhəri ələ keçirdi. Üsyan planının birinci mərhələsi uğurla başa çatdırıldı. Bu, böyük qələbə idi və rusları həm qəzəbləndirmiş, həm də qorxuya salmışdı. Həmin gün XI Ordu komandanlığının bütün hərbi hissələrə göndərdiyi 60 saylı məxvi-operativ direktivdə deyilirdi:
“Azərbaycan ərazisi hərbi rayonlara bölünür, üsyanların qəddarlıqla yatırılması həmin rayonların məsul rəislərinə tapşırılır… Üsyanı yatırarkən rayon rəisləri ləğvetmə əmri gözləməməlidirlər, çünki rabitə hər an pozula bilər… Bütün şübhəli ünsürlər məhkəməsiz güllələnməlidir… Kiçik qığılcımlar sərtlik və amansızlıqla yatırılmalıdır, əgər üsyanlar… kütləvi fövqəladə hal xarakteri alarsa, o zaman hamımız Bakıya çəkilməli və şəhəri bütün ziyanlı ünsürlərdən təmizləməliyik. Daha sonra respublikanın digər ərazilərində üsyanlar amasızcasına yatırılmalıdır”.
27 may
Üsyanın yayılmasından qorxan sovet komandanlığı Gəncə rayonuna tələsik əlavə hissələr – atıcı alaylar, süvari dəstələri, artilleriya, zirehli maşınlar gətirməli oldu. Yeni qüvvələr və Qazaxdan qaytarılmış zirehli qatarla bolşeviklər stansiyanı geri aldılar. Bundan sonra şəhərə girmək üçün onlar dalbadal 7 dəfə hücuma kecdilər, amma Gəncə müdafiəçilərinin müqavimətini qıra bilmədilər.
Gəncə şimal tərəfdən aramsız top atəşinə tutulduğu bir vaxtda cənubdan, Yelenendorf istiqamətindən ermənilər bolşeviklərlə birləşərək basqın etdilər, amma böyük itkilərlə geri otuzduruldular.
28 may
Azərbaycanın müstəqilliyinin ikinci ildönümünü Gəncə işğaldan azad qarşıladı.
Polkovnik Kazımbəyov xatırlayır: “Olduqca gözəl bir gün idi. Sanki, təbiət də sevinirdi, üzüntülər içində olan xalqa mərhəmətini göstərirdı. Əvəzində düşmən sübh tezdən canfəşanlıq edirdi. Hər tərəfdən top səsləri gəlirdi”.
Üsyanı məhz mayın 28-də yatırmaqla ruslar Azərbaycana daha bir dərs vermək istəyirdilər. Bu məqsədlə onlar Gəncəyə əlavə olaraq Yefremovun zirehli qatarlar qrupunu, Kurışkonun 18-ci süvari diviziyasını, Velikanovun 20-ci atıcı diviziyasının yeni birləşmələrinı və haubitsa divizionu gətirmişdilər.
Səhər 7-də 2-ci batalyonun komandiri, alman əsilli polkovnik Hauzen şəhər ətrafinda düşmən süvarilərinin toplaşdığı barədə qərargaha xəbər göndərdi. Kazımbəyov özü döyüş mövqeyinə getdi və rəqibin planını dərhal anladı. O, bütün topları və pulemyotları önə çıxarıb atəşi dayandırmağı əmr etdi.
Rus süvariləri 4 eşelona bölünüb hər eşelonda 2 eskadron olmaqla hücuma keçdilər. Gəncə müdafiəçilərinin mövqeyində sükut hökm sürürdü. Eskadronlar sürətlə yaxınlaşırdı. Arada 600 metr məsafə qalanda “atəş” komandası gəldi. Süvari diviziyasının bu həmləsini üsyançıların iki batalyonu yüzlərlə tüfəngdən, 5 topdan, 22 pulemyotdan yaylım atəşi ilə qarşıladı.
“Azərbaycanlılarının tutduğu mövqenin qarşısında meydan insan meyitləri, at cəsədləri ilə, yaralılarla dolmuşdu…”, deyə Kazımbəyov xatirələrində yazır.
Yelenendorf istiqamətindən rus və erməni piyadalarının hücumu da uğursuzluqla bitdi.
Qəzəblənmiş düşmən günortadan sonra şəhəri bir neçə istiqamətdən top atəşinə tutdu. Dörd saat davam edən bombardman axşam 8-də dayandı. Sovet ordusunun Operativ idarəsinin rəisi Voronkovun qərargaha raportunda deyilirdi: “Şəhərin yarısı artilleriya zərbəmizlə dağıdılıb.”
1920-ci ilin 28 may bayramı Gəncədə belə keçdi. Şəhərin müdafiəçiləri Vətən torpağını özlərinin və düşmənlərin qanı ilə bolluca suvardılar.
HAŞİYƏ:
General Şıxlinski bombardmanlar zamanı yaralandığından, onun yerini polyak əsilli zabit Stankeviç tutmuşdu. General Mirzə Qacar xəstələndiyi üçün hərbi əməliyyatlardan kənarlaşmışdı. Düzdür, Kazımbəyov rəhbərlikdə tək qalmamışdı, general Teymur bəy Novruzov var idi, diğər Mirzə Qacarlar, Xoyskilər var idi, polkovnik Daniyal bəy Həlləcov var idi, cəsur batalyon komandirləri, polkovnik Hauzen və kapitan Mirizadə var idi, şücaətlə döyüşən qaçaqlar Sarı Ələkbər, Qaçaq Qənbər, Qaçaq Məmmədqasım, Ramazanoğulları, Tatoğlu Həsən, onlarla başqaları var idi. Amma qırmızılar qərbdə Balçılıya gedən yolu da kəsəndən sonra şəhər tam mühasirəyə düşmüşdü. Gəncəyə heç yerdən yardım gəlmirdi, patron, mərmi tükənmək üzrə idi. Qarabağdan xəbər çıxmırdı. Tiflisdən alınan xəbər isə üsyançılara sarsıdıcı zərbə olmuşdu. Kazımbəyov yazır ki, Gürcüstanla Rusiyanın razılığa gəlməsi haqqında məlumat onlara məhz mayın 28-dən 29-na keçən gecə çatmışdı. Döyüşə yeni-yeni hissələr atan düşmən artıq nəinki gündüzlər, gecələr də hücumlara ara vermirdi. O, şəhər müdafiəçilərinin iradəsini qıra bilmədiyi üçün onları yorub haldan salmaq istəyirdi.
29 may
Dan yeri söküləndə rusların ağır artilleriyası təzədən işə düşdü. Saat 7-də 178-179-cu alaylar şəhərin şimalından və şimal-qərbindən, 18-ci süvari diviziyasının qüvvələri cənubdan və cənub-qərbdən, 180-ci alay və erməni dəstələri şərqdən Gəncəyə soxulmağa cəhd etdilər. Ancaq azərbaycanlıların əks-həmlələri ilə bütün istiqamətlərdə geri otuzduruldular. XI Ordu qərargahının operativ məlumatında həmin günün döyüşləri haqqında deyilirdi: “Mühasirədə olanlar… inadlı müqavimət gəstərdilər və bizə əhəmiyyətli itkilər verdirdilər”. Gəncə müdafiəçilərinin də itkiləri az deyildi. Döyüşlərdə azərbaycanlıların hər iki batalyonunun komandirləri, polkovnik Hauzen və kapitan Mirizadə, Şıxlinskini əvəz etmiş podpolkovnik Stankeviç qəhrəmancasına həlak oldular.
30 may
Bolşeviklər çıxış yolunu say üstünlüyünü artırmaqda görürdülər. Gürcüstanla sərhəddən 175-ci və 176-cı atıcı alayları, bir artilleriya divizionu, ermənilərdən tərtib olunmuş dağ batareyası və Bakıdan zirehli avtomobil divizionu da gəldi. Beləliklə, şəhər üzərinə həlledici hücum üçün Gəncə ətrafında 5 atıcı, 6 süvari alayı, 7 əlahiddə hissə, 57 top, iki zirehli avtomobil divizionu, 6 zirehli qatar toplandı. Sovetlərə 3000 nəfərlik erməni hərbi dəstələri yardım göstərirdilər.
Mayın 30-da şəhərin kənarında ağır döyüşlərdən sonra qırmızılar ermənı məhəlləsinə girə bildilər. Amma oradan müsəlman məhəlləsinə hücuma keçənləri azərbaycanlılar heç aradakı Gəncə çayına yaxın buraxmadılar.
31 may
Gəncəyə son hücum dəmir yolu vağzalı tərəfdən başladı. Bütün artilleriyanın dəstəyi ilə qırmızılar şimaldan şəhərə soxuldular, ancaq irəliləyə bilmədilər. Gəncəlilər hər evi, hər çardağı qalaya çevirmişdilər.
Bu çətin saatlarda üsyanın taleyini “sapı özümüzdən olan baltalar”ın – Azərbaycan kommunistlərinin satqınlığı həll etdi. Xüsusi missiya ilə Gəncəyə göndərilmiş komissarlar Həmid Sultanov və Sultan Məcid Əfəndiyev Bakıdan gətirdikləri dəstə ilə şəhərin müsəlman məhəlləsində həbsxanaya hücum etdilər. Yerli kommunistlərin köməyi ilə mühafizəçiləri zərərsizləşdirdilər və əsir saxlanılan rus komandiri Şirmaxeri, 2000-dək əsgəri azadlığa buraxdılar, silah anbarını ələ keçirdilər. Gözlənilmədən üsyançıların müdafiə xəttinin arxasında peyda olan bu qüvvə vəziyyəti dəyişdi. Küçə döyüşləri başladı.
Gəncəlilər qadınlı-kişili vuruşurdular. Xİ Ordunun 1 iyun tarixli operativ məlumatında deyilir ki, üsyançıları “hər evdən artilleriya atəşi ilə çıxarmaq lazım gəlirdi”. XI Ordunun hadisələr vaxtı Gəncədə olan inspektoru Melnikov Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasının üzvü Orconikidzeyə raportunda yazırdı: “Üsyançılar, demək olar, bütün müsəlman əhalisindən ibarət idi. Qadınların tüfəng atması halları da olurdu, sonra axtarış zamanı bəzilərinin donunun qatlarından revolver çıxırdı. Hətta bir qırmızı əsgər mənə danışdı ki, qadınlardan birini damda pulemyot arxasında tapmışdılar”.
Ancaq bombardmanlarla viran qoyulmuş Gəncənin müdafiə imkanı tükənmişdi. Axşama üsyan, demək olar, yatırılmışdı. Bununla belə, ayrı-ayrı küçələrdə müqavimət davam edirdi.
3-cü Gəncə alayının sağ qalmış əsgər və zabitlərinin böyük şücaəti nəticəsində şimal-qərbdə mühasirə halqasını yarıb əhalinin bir hissəsini şəhərdən çıxarmaq mümkün oldu. Polkovnik Kazımbəyov Gəncə üsyanı haqqında xatirələrinin yekununda bu son əməliyyat haqqında da məlumat verir: “Sakinlər fasiləsiz axınla şəhəri tərk edib dağ kəndlərinə üz tutdular. Erməni məhəlləsi tərəfdən evakuasiya dəhlizini qoruyan taqımlar mühasirəni yarmış əsas qüvvələrə qoşuldular. Qoşün sakinlərin arxasınca çıxdı…”
HAŞİYƏ:
Mayın 31-də axşam saat 8-də Orconikidze Bakıdan Leninə və Stalinə teleqramında yazırdı: “Altı günlük inadlı döyüşlərdən sonra üsyan ən qəddar şəkildə yatırıldı”. İyunun 10-da silahdaşı Kirovla telefon söhbətində isə o, əlavə edirdi: “Ağlagəlməz qəddarlıqla yatırıldı, şəhər artilleriya atəşi ilə dağıdıldı”. Ən qaniçən sovet rəhbərlərindən birinin dilində bunun nə demək olduğunu təsəvvür etmək belə çətindir.
Şəhərə girən qırmızılar yerli ermənilərlə birləşib Gəncəni tərk etməyə macal tapmamış müsəlmanları qırırdılar. Vəziyyəti yerində öyrənmək üçün Gəncəyə göndərilmiş kommunist Müstafa Sübhi mərkəzə raportunda yazırdı: “Dinc əhalidən 3500-4000 ölü saymaq olur. Meyitlərin çoxu bağlarda, evlərin içində və zirzəmilərdə tapılıb. Bu, onunla izah edilir ki, qırmızılar gələndə əhali bağlara qaçıb, evlərdə, zirzəmilərdə, kim harada bacardı, gizlənib. Bəziləri bunun ermənilərin, digərləri – qırmızı əsgərlərin işi olduğunu təsdiqləyirlər”.
Gəncə hadisələri barədə Qafqazda Fransa missiyasının məxfi hesabatında deyilirdi: “Şəhərin bütün müsəlman hissəsi dağıdılıb, ölənlər arasında 2-3 yaşlı uşaqlar var. Zorakılığa məruz qalmış qadınlar arasında 8 yaşlı qıza da rast gəldik”. Şahidlərin söylədiklərinə görə, qız-gəlinlər namusunu qorumaq üçün özlərini çaya atırdılar. Gəncə çayı da, Qoşqar da iki gün davam edən güclü yağışlardan sonra daşmışdı. Qaçaq Məmmədqasım xatirələrində tükürpədici səhnələr təsvir edir: “Şəhərin su hovuzları qanla dolmuşdu”, “daş-qaya, nə vardısa sürükləyib gətirən Qoşqarı belə görən olmamışdı, dalğalar içi insalnlarla dolu arabaları beşik kimi atıb-tutur, sulara qərq edirdi”…
İlk günlər meyitləri basdırmağa icazə vermirdilər. İyunun 4-də fövqəladə komissar Mirzə Davud Hüseynov Gəncədən Azrevkoma yazırdı: “Şəhərin küçələrində meyit qalaqları indiyədək durur!” Yalnız epidemiya təhlükəsi qarşısında, məsələ Bakıda müzakirə edildikdən sonra, Gəncə Vilayət Komitəsi “öldürülənlərin meyitlərinin qohumları tərəfindən maneəsiz basırılmasına dair” göstəriş verdi.
Gəncə qurbanlarının sayı barədə müxtəlif rəqəmlər söylənir. XI Ordunun arxiv sənədlərində 1000 şəhər müdafiəçisinin öldürüldüyü göstərilir. Amma həmin günlərdə ABŞ-in “New York Times” qəzeti Dövlət Departamentinə istinadən Gəncənin bütün müsəlman əhalisinin “qəddar vəhşiliklə” məhv edildiyini yazırdı. Britaniyanın “Vestern Gazette” və “Çeltenham Kronikl” nəşrləri qırğında 15 min insanın qətlə yetirildiyini xəbər verirdi. Qafqazda fransız hərbi missiyası “şəhərə azı 8 min mərmi atıldığını, öldürülmüş müsəlmanların sayının 10 min nəfər təşkil etdiyini, Gəncədə faktiki olaraq, müsəlman qalmadığını” bildirirdi. Müasir tarixi ədəbiyyatda da əsasən 10-12 min arasında rəqəmlər gətirilir…
HAŞİYƏ:
…Onların arasında dünyadan bixəbər körpələr də, ahıl generallar da, Firudin bəy Köçərli, Məhəmməd Hadi kimi görkəmli şəxsiyyətlər də var idi. Amma Gəncə üsyanının qiyməti bir şəhərin həyatı deyildi, bir millətin şərəfi və namusu idi.
“Nə oldu ki, biz, Azərbaycan türkləri, belə asanlıqla, müqavimət göstərmədən, etirazlar etmədən, zəngin və çiçəklənən məmləkətimizi barbarlara buraxırıq, özümüz isə onların köləsi oluruq?!”
Bu, üsyandan əvvəl Cahangir bəy Kazımbəyovun verdiyi sualdır.
“Gəncə üsyanı Şərəf və Namusun yenidən etibar qazandığı bir dastandır! Gəncədə may ayında axan türk qanı 27 aprel hadisəsi zamanı millətimizə atılan ləkəni silib götürdü”. Bu isə “Azərbaycan” qəzetin redaktoru Ceyhun Hacıbəylinin üsyandan sonra verdiyi cavabdır. Bu gün onu təkrar etməyə haqqımız çatdığı üçün biz Gəncə şəhidlərinə, Milli Ordu zabitlərimizə və əsgərlərimizə əbədi borcluyuq.(pressklub.az)