Azərbaycan ordusunun Qarabağda genişmiqyaslı hücumu
25 may 2020 16:25:06
Goranboy (Şaumyan) əməliyyatı 13 - 16 İyun 1992
Əsgəran əməliyyatı haqqında yazımızda qeyd etdik ki, Ağdam rayonunda yerləşən batalyonlar hücuma keçərək Şaumyankənd əməliyyatı üçün ciddi zəmin yaratdı. Belə ki, Azərbaycan ordusunun Əsgərana hücumu düşməni Şaumyan-Gülüstan istiqamətində cəmləşdirdiyi qüvvələrin bəzi hissələrini oraya göndərməyə vadar etdi və düşmənin diqqəti əsas istiqamətdən yayındı. Bu, Azərbaycan ordusuna qəfil düşmən üzərinə hücuma keçməyə real imkan yaratdı. Goranboy əməliyyatına AXC Goranboy rayon şöbəsinin sədri, birinci Goranboy batalyonunun komandiri Maşallah Abdullayev rəhbərlik edirdi.
Qüvvələrimiz üç istiqamətdən hücuma keçərək Şaumyankənd və ətraf yüksəkliklərdə yerləşən düşmən ordusunu darmadağın etdi. Bununla da ermənilərin Gəncəbasar istiqamətinə hücum təhlükəsinə birdəfəlik son qoyuldu. Həmin hücum istiqamətində iştirak edən bölmələrimiz aşağıdakılrdır:
1. 1-ci Goranboy batalyonu - komandir Maşallah Abdullayev
2. 2-ci Goranboy batalyonu - komandir Rasim Əkbərov
3. 123-cü alayın tank batalyonu - komandir Nazim Bayramov
4. Gəncə batalyonu - komandir Mehman Ələkbərov
5. OMON-un Gəncə rotası - komandir Tahir Süleymanov
6. Xanlar batalyonu - komandir Saleh İlyasov
Şaumyan əməliyyatı nəticəsində Gəncə üzərinə hücuma hazırlaşan erməni qüvvələri darmadağın edildi. Göygöl rayonunun Ərkəc, Mənəş, Başqışlaq, Ballıqaya, Başkənd, Buzluq kəndləri, Goranboyun Rus Borisi, Erməni Borisi, Qaraçinar, Şəfəq, Xarxaput, Yuxarı Ağcakənd, Gülüstan kəndləri və Aşağı Ağcakənd şəhəri (Şaumyankənd), həmçinin Ağdərənin Talış kəndi ermənilərdən təmizləndi. Bununla da Azərbaycan ordusu qarşıya qoyduğu bütün döyüş vəzifələrini şərəflə yerinə yetirdi və Ağdərə əməliyyatı üçün ciddi zəmin yarandı. İrəlidə milli ordumuzu Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatı - Ağdərə döyüşləri gözləyirdi.
Ardı var...