BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Laçın alayının ləğv olunması və Şuşanın işğalı

25 may 2020 15:09:49

30 aprel 1992-ci il. Səhər tezdən Müdafiə Naziri Rəhim Qazıyevin çağırışı ilə 811 saylı Laçın alayının komandiri polkovnik-leytenant Arif Paşayev Bakıya getdi. Axşama doğru gələn xəbərlər heç də ürəkaçan deyildi. Ermənistanla həmsərhəd olan Yuxarı Cicimli, 29, 30, 31-ci müdafiə mövqelərimiz və Cağazur kəndi ermənilər tərəfindən intensiv atəşə tutulurdu. Buna görə də evə getməkdən vaz keçib alayın qərargahında qaldım. Komandir müavini Şakir Sadıqov da kazarmada qaldı. Bütün məsuliyyət üzərimə düşdüyü üçün soyuqqanlı olmağa çalışırdım. Hər 10 dəqiqədən bir mövqelərlə əlaqə saxlayırdım. 31-ci mövqeyi Cağazur tağımının, 29-cu mövqeyi isə Zabux bölüyünün hesabına gücləndirdik. Gecədən xeyli keçmiş, saat 01:15 radələrində növbətçi polkovnik-leytenant Elbrus Orucovun gəldiyini xəbər verdi. Qərargahın qarşısında vəziyyət barədə ona məruzə etdim. Otağa çay gətirdilər. Çantasını açıb bəzi kağızları çıxartdı. Mənə bir vərəq kağız açaraq bildirdi ki siz artıq ləğv edilmisiz. Əmrdə göstərildiyi kimi sabahdan bütün postlardakı silahları toplayarsız, könüllüləri evlərinə buraxarsız. Diqqətlə əmri oxudum. 30 aprel 1992-ci il tarixli 0151 saylı əmr. Əmrin başlığında 811 saylı Laçın alayının, 816 saylı Şuşa batalyonunun, Qubadlı və Zəngilan batalyonlarının ləğv edilərək onların bazasında 704 saylı briqadanın yaradılması göstərilirdi. Əmrin iç hissəsində isə 30 aprel 1992-ci il tarixdən 811 saylı Laçın alayı ləğv olunaraq, könüllülərdən ibarət şəxsi heyət buraxılaraq qalan bütün silah sursat daxil olmaqla bütün əmlak 04 may 1992-ci il tarixdə Müdafiə Nazirliyindən gələn xidmət rəislərinə təhvil verilir. Mən Orucovdan soruşdumki, biz nə etməliyik? O isə cavabında bildirdi ki, sabahdan silahları yığıb könüllüləri evlərinə buraxın. İstəsən səni də yanımda işə götürərəm. Dedim ki, mən işləmirəm, xidmət edirəm. Əmri özümdə saxlamaq istəyərkən etiraz edib əmr yazılmış vərəqi məndən aldı. Mən ona bildirdim ki, bu əmrə tabe olmayacam. Mənə acıqlananda bildirdimki, əmr rəsmi qaydada ya poçtla, ya da feldeger xidməti ilə mənə gəlməlidir. Mən isə qol çəkib möhür vurduqdan sonra əmrə tabe olub icra etməliyəm. Əmri də götürüb Şuşa istiqamətində getdi.

 

MN tərəfindən belə bir əmrin olmasını şəxsi heyətdən gizli saxladım. ƏÖMB-nun bazasında Alay yaradıldığı gündən rayonu cənubdan girəcək kəndi olan Güləbird kəndində, Qayğı qəsəbəsində və Laçın şəhərinin Şuşa istiqamətindən girəcək yolunda Nəzarət Buraxılış Məntəqəsi yaratmışdıq. Laçın, Şuşa istiqamətinə gələn hər kəs yoxlanılırdı. Yad şəxslər gələndə Güləbird kədindən qərargaha və Qayğı qəsəbəsinə xəbər verilirdi. Qəsəbədə, baş leytenant Qalib Abdullayev gələn yad adamları hərtərəfli yoxlayandan sonra yanlarında əsgər qoşub qərargaha göndərirdi. Şuşa istiqamətindən gələnlər də həmçinin yoxlanılırdı. 1 may 1992-ci il günortadan sonra Şuşa istiqamətdə olan postdan xəbər verdilər ki, biri zabit olmaqla 8 nəfər silahla Bakıya məzuniyyətə gedirlər. Onları qərargaha gətirmələrini tapşırdım. Qərargahda yoxlama zamanı onlarda möhürlə ezamiyyət vərəqələrinin olduğunu gördüm. Məcburi şəkildə silahlarını alıb möhürlü qəbz verdim. Demək olar ki, 8 Maya qədər iki yüzədək icazəli əsgər və zabit məzuniyyətə buraxılmışdı. İcazəsiz gedənlərin sayı daha çox idi. Silahları Laçında alınacağını bilən bəzi əsgərlər Kurs dağı istiqamətdən piyada keçərək silahla Bakı istiqamətində gedirdilər. 4 Mayda səhər tezdən Bakıdan, MN-dən 8 nəfər zabit gəldi. Əllərində 811 saylı Laçın alayının ləğv edilməsi haqda 30 aprel 1992 ci il tarixli 0151 saylı əmr vardı. Məqsədləri Alayın bütün əmlakını təhvil almaq idi. Həmin zamanlar şəhər və ətraf kəndlər Ermənistan istiqamətindən top atəşlərinə məruz qalırdı. Gələnlərin içində bir nəfər tələbə yoldaşım vardı. Mənə yaxınlaşıb dedi ki, biz burda qala bilmərik, ezamiyə vərəqlərimizə möhür vur qayıdaq Bakıya. Elə də etdim. 5 Mayda Qayğı qəsəbəsindən xəbər verdilərki 4 nəfər silahlı çeçen Şuşaya getmək istəyir. Qərargaha gətirdilər. 5-6 saat qərərgahda qalandan sonra Şuşaya yola saldım. Sonralar öyrəndik biri əfsanəvi səhra komandiri Şamil Basayev imiş.

 

05 mayda Müdafiə Nazirliyinin 4 nəfər yüksək rütbəli zabiti, polkovnik Niçupurenko, polkovnik leytenant M.Cahangirov, polkovnik leytenant Əli Bağırov (əslən Minkəndli idi) və MN kəşfiyat rəisi pplkovnik Ələsgərov qərargahımıza gəldilər. Vəziyyət barədə qısa məruzə etdikdən sonra xəritə üzərində ətraflı olaraq ermənilərin və bizim mövqelərimiz barədə məlumat verdim. M.Cahangirov hansı hərbi təhsilim olduğu barədə sual verdi. Cavabdan sonra bir-birinin üzünə baxdılar. Xəritə üzərində ermənilərin artilleriya qurğularının yerləşdiyi yeri öz xəritələrinə köçürdülər. Məhkəmə prosesində M.Cahangirov bunları təsdiq etdi və bildirdiki, "əslində biz özümüz erməni mövqelərini təsbit etməliydik. Qərargah rəisinin səlist məruzəsindən sonra buna lüzum görmədik". Şuşadan məzuniyyətə göndərilən döyüşçülərin buraxılış vərəqələrində 777 saylı hərbi hissənin komandirinin və əsasən E.Orucovun rabitə rəisi Qafarov Natiqin imzaları vardı. Şuşa-Laçın məhkəməsinin 24.01.1995-ci il tarixindəki prosesində Qafarov öz ifadəsində E.Orucovun göstərişi ilə döyüşçüləri məzuniyyətə buraxdığını bildirdi.

 

06 May gecə Alay növbətçisi iki nəfərin yanıma gəlmək istəməsini bildirdi. Orucovun kəşfiyyat rəisi mayor Abil Hüseynov içəri daxil oldu. Biraz söhbətdən sonra bildirdi ki, Orucov ermənilərin Kəlbəcər istiqamətindən Dağlıq Qarabağa dəhliz açma niyyətlərini əsas gətirərək əmr edib ki, Laçın alayı Laçının Suarası, Fərəcan kəndi istiqamətindən Dağlıq Qarabağın erməni kəndlərinə bu gecə səhərə yaxın hücum etsinlər. Orucovun hal-hazırda Bakıda olmasını deyib, necə əmr verməsinə açıqlıq gətirməsini istədim. Dedi ki, telefonla Bakıdan danışıb. Həyətdə, maşında kimin olmasını soruşdum. Demək istəmədi. Növbətçiyə əmr etdim ki, maşındakı şəxsi buraya gətirsin. Şuşada batalyon komandiri Tofiq Oğuz içəri daxil oldu. Nəsə halı yaxşı deyildi, yuxulu, halsız görünürdü. 7 May səhər saat 3-ə kimi məni əmri icra etməyə təhdid edirdi. Bütün hallarda razı olmadım. Əslində hələ 15 gün əvvəldən tanıdığım mayor Abil barədə məndə mənfi-müəmmalı təsürat yaranmışdı.


Sonralar, 1994-cü ildə Bayıl həbsxanasında Abili bir neçə mühüm zabitlərin kamerasına salmışdılar.
Abil əsəbi halda Şuşaya qayıtdı.

 

7 May çox gərgin keçdi. Belə ki, Qayğı qəsəbəsi istiqamətindən yol daima atəş altında idi. Elə saatlar olurdu ki, yol bağlı qalırdı. Ermənistanla 35 km-lik təmas xətti daima atəşə məruz qalırdı. Demək olar ki, bütün qüvvələrimizi sərhəd zonasına cəlb etmişdik. 7 may gecə Şuşadan 777 saylı h/h-nin kəşfiyat bölük komandiri Nəbiyev Adil Nəbi oğlu 20 əsgərlə məzuniyətə getdilər. Bunu 05.12.1994-cü il tarixdə Nəbiyev Adil məhkəmə ifadəsində təsdiq etdi. 08 May səhər saat 08:15 radələrində Mərkəzi teleötürücüdən zəng edib xəbər verdilərki ermənilər üç tərəfdən Şuşaya hücum ediblər, Daşaltı istiqamətidən Şuşa-Laçın yolunu ermənilər bağlayıb, dinc əhalinin çıxarılması mümkün deyil. Bakı, MN ilə birbaşa əlaqəmiz olsada telefonlar susurdu. Təcili olaraq Alayın kəşfiyyat rəisi Vaqif Salmanovun komandanlığı altında 35 nəfər şəxsi heyəti, bir ZTR və bir ədəd BRDM texnikası ilə Şuşaya köməyə göndərdim. V.Salmanovun 09:35-də etdiyi məruzəyə əsasən ermənilər geri oturdulmuş və yolda hərəkətin təhlükəsizliyi təmin olunmuşdur. Bunu Şuşa IH başçısı Nizami Bəhmənov 15.12.1994-cü il tarixində məhkəməyə verdiyi ifadə ilə təsdiq etdi.

 

8 May bütün günü Laçın şəhəri, Qayğı qəsəbəsi top atəşi altında saxlanılırdı. 6 nəfər şəhid oldu, bir neçə nəfər yaralandı. Ermənilər şrapner mərmilərdən istifadə edirdilər. Torpaqdan yüz metrlərlə yüksəklikdə partlayan mərmilərdən xırda iynəli qəlpələr hətda səngərdə olan döyüşçünü məhv edirdi. Laçında həyatı əhəmiyyətli obyektlər sıradan çıxmışdı: rabitə şöbəsi, polis idarəsi, xəstəxana, qaz boruları, çörək zavodu işləməz hala gəlmişdi. Şuşadan gətirilən şəhidlər xəstəxana həyətində yük maşınlarında yığılmışdı. Xəstəxanada yaralılardan yer yox idi. Şuşadan çıxan mülki şəxslər qarışıq döyüşçülərin qarşısı alınmaz halda idi. Bütün bunlara baxmayaraq sərhəd zonasında müdafiə mövqelərimiz möhkəmləndirmişdik. Saat 16 radələrində xəbər gətirdilər ki, xəstəxanada bir yaralı zabit səni görmək istəyir. Getdim. Şuşada döyüşən bir batalyonun komandiri Nail Kazımov idi. Çiynindən deşib keçən güllə yarası almışdı. Bildirdi ki, ermənilər Bala Kurs dağını alıblar. Onları oradan çıxarmasanız Laçın təhlükədədir.


Alay komandiri Arif Paşayevin yeri çox görünürdü. Çox sağ olsunlar, bütün zabit heyəti lazımi məqamlarda müstəqil qərar qəbul edərək düzgün olanını yerinə yetirirdilər.


Səhərdən başlayaraq Şuşadan çıxanların hamısı deyirdi ki, axırıncı mən çıxmışam, ermənilər Şuşaya girib. Qayğı qəsəbəsi ərazisində Qalib Abdullayevin komandanlığı altında olan döyüşçülər böyük şücaət göstərirdilər. Üz-üzə ermənistanın Gorunzur kəndini iflic hala salmışdılar. Amma bir neçə dəfə erməni vertolyotları qəsəbəni vurdular. Yaralanlarımız çox idi. Axşama yaxın Orucovun ermənicə bilən rabitəçisi Ismayılov Zülfiqar qərargaha gəldi və bəzi məlumatları verdi. Beləki, 07 May gecə saat 23 radələrində ermənilərin danışığını tutan rabitəçi Orucova bildirib ki, səhər tezdən ermənilər Şuşaya hücum edəcək. Bunu bilən Orucov səhər tezdən ermənilərin artilleriya hazırlığı altında MN Əməliyyat İdarə Rəisinin zabiti Məhərrəm Cahangirovla UAZ maşınla Şuşadan 25 km uzaqda yerləşən Kosalar kəndinə gedirlər. Əslində, ərazinin vahid komandiri Orucovun əsas vəzifəsi, Quru Qoşunların Döyüş Nizamnaməsinin tələbinə uyğun olaraq döyüşü təşkil etmək və onu idarə etmək idi. Çox təəssüf ki, bunların heç biri olmamışdır.

 

Rabitəçi bildirdi ki, 08 May saat 13 radələrində yenidən ermənilərin danışığın tutub. Hücumda olan erməni arxaya bildirir ki, itkimiz çoxdur, geri çəkilirik. Mərkəzdən hücumda olana deyilir ki, Azərbaycan hökuməti Şuşanı bizə satıb, sizlə vuruşanlar tək-tük könüllülərdir. Hücumu davam etdirin, onlar qaçacaq. Bunları Ismayılov Zülfüqar 19.12.1994-cü ildə məhkəmədə ifadəsində təsdiq etdi. 07 May axşam saat 19 radələrində Nizami Bəhmənovun kabinetində müşavirə vaxtı MN-dən Əməliyyat İdarə Rəisinin müavini polkovnik M.Beydullayev zəng edərək bildirib ki, səhər tezdən Stepanakertdən Şuşaya Qırmızı Xaçdan nümayəndə gələcək, yoldakı minaları çıxarıb hərbi texnikaları maskirovka edin. Orucov Mühəndis xidmət rəisi Daşdəmir Məmmədova minaları çıxarmaq əmri verir. 777 saylı h/h-nin komandiri Elçin Məmmədova isə texnikaları gizlətmək əmri verir. Məhkəmə prosesi zamanı E.Məmmədov ifadəsində bunları təsdiq etdi. Orucov 12 may 1992-ci ildə Turşsu qəsəbəsində AzTv-dən Mais Məmmədova verdiyi müsahibədə bildirirki, "07 may saat 17:00-da əmr verdim ki, texnikalar Şuşadan çıxarılsın. 19:00-da əmr verdim ki, bütün şəxsi heyət Şuşadan çıxsın. Amma bu o demək deyil ki, biz Şuşanı tam tərk etmişik. Qüvvələrimizi toplayıb hücum edərək Şuşanı azad edəcəyik". Bu ifadə və video görüntü 1995-ci il 06 Martda Şuşa-Laçın məhkəməsində göstərildi və öz əksini tapdı. 20.02.1995-ci il Şuşa-Laçın məhkəmə prosesində keçirilən üzləşmə zamanı Şuşa icra başçısı N.Bəhmənov, həmyerlimiz Əvəz İbrahimov, 777 saylı h/h komandiri E.Məmmədov Şuşanı tərk etmək barədə Orucovdan əmr aldıqlarını bildirdilər. Axşam saat 22:30-da E.Orucov bizim qərargaha gəldi. Biraz hay-küy salıb Yevlax şəhərinə getdi.
09 May tezdən İsbala Əsgərovun, Şamo Ramazanovun komandanlığı altında bir tağımı Bala Kirsə göndərdim. 4 saat gedən ağır döyüşlərdən sonra yüksəklik ermənilərdən təmizləndi. İ.Əsgərov məhv etdikləri erməni həkimə aid rusca yazılmış xatirə kitabını və 13 mayda DQ ilə Ermənistan arasında açılacaq dəhlizin cızıldığı xəritəni mənə verdi. Arif Paşayevin gecəykən Laçına qayıdışı ən çox məni sevindirdi. Bakıda MN-də ona artıq Alayın ləğv edildiyi və onu tutduğu vəzifədən azad edildiyi barədə əmrin olduğunu bildirmişdilər. Buna baxmayaraq Arif təcili olaraq Laçına qayıtdı və komandanlığı öz üzərinə götürdü. Mənə elə gəldi ki, komandir gəldiyi gündən son anadək bir dəfədə olsun gözünü yumub yatmadı.

 

Laçın alayının qərargah rəisi mayor Rafiq Nağıyev