Azərbaycan ordusunun Horadiz əməliyyatı
25 may 2020 14:40:59
1993-cü ilin Noyabrın 10-da 702-ci briqadanın komandiri Heydər Piriyev Füzuli rayonunun işğalında təqsiriləndirilərək vəzifəsindən azad edildi və onun yerinə polkovnik Şair Ramaldanov komandir təyin edildi. Ardıcıl ağır məğlubiyyətlərdən sonra ruhdan düşmüş şəxsi heyəti yenidən döyüş vəziyyətinə gətirmək, əmrə tabe olmayıb döyüş mövqelərini tərk edən döyüşçüləri yenidən hərbi hissəyə qaytarmaq və onları komplektləşdirib, hücum əməliyyatı üçün hazırlamaq məqsədilə Noyabrın 13-də briqada Seyfəli təlim mərkəzinə aparıldı. 702 saylı hərbi hissə 40 gün ərzində Seyfəli təlim mərkəzində hərbi təlimlərə cəlb edildi, şəxsi heyətin döyüş ruhu yüksəldildi, yaralılar təxliyyə edildi. Həmin ərəfədə 702 saylı hərbi hissənin döyüş mövqeyini Sərhəd Qoşunları və 777 saylı hərbi hissə müdafiə edirdi.
26 Dekabr 1993-cü ildə 702 saylı hərbi hissə Seyfəli təlim mərkəzindən öz döyüş mövqeyinə, Daşburun stansiyasına gətirildi. Bu zaman düşmənlə cəbhə xətti Əhmədbəyli və Böyük Bəhmənli kəndlərindən keçirdi. Erməni işğalçıları hələ Noyabrın əvvəlində Böyük Bəhmənli kəndinə hücuma keçmiş və kəndin bir hissəsini işğal etməyə nail olmuşdular. İtirilmiş əraziləri azad etmək məqsədilə Azərbaycan Ordusu 1994-cü ilin ilk günlərində üç istiqamətdə (Kəlbəcər, Tərtər və Füzuli istiqamətlərində) hücuma başlamalı idi. Füzuli istiqamətində həyata keçiriləcək hücum əməliyyatına 4-cü operativ istiqamətin komandiri polkovnik Arif Salahov rəhbərlik edirdi. Hərb tariximizə “Horadiz əməliyyatı” kimi daxil olan olan bu döyüşdə 702 saylı hərbi hissə, həmçinin Sərhəd Qoşunlarının, Daxili Qoşunların, XTMD-nin bir neçə bölüyü iştirak edirdi. Daxili Qoşunlara ümumi komandanlıq general Ramiz Məmmədova həvalə edilmişdi. Daxili Qoşunların komandir müavini Sabir Şabanov, qərargah rəisi isə Zahid Teymurov idi.
Əməliyyat planına əsasən hücum 5 Yanvar səhər saat 7:00-da 3 istiqamətli desant əməliyyatı ilə başlamalı, bundan sonra cəbhə xəttində yerləşən hərbi hissələr (702-ci briqadanın 4 batalyonu, SQ, DQ və OMON-un bölükləri) hücuma keçərək Horadiz qəsəbəsini azad etməli idi.
Birinci desant istiqamətində Adil Balaşov və Vahid Balakişiyevin atıcı-piyada bölükləri düşmən qüvvələrinin yerləşdiyi Araz Yağlıvənd kəndini və Ocaq daşı yüksəkliyini azad edərək, orada möhkəmlənməli idi. Bu bölüklər Füzuli rayonunun yerli batalyonlarının döyüşçülərindən təşkil edilmiş və 40 gün Seyfəli təlim mərkəzində hücum əməliyyatı üçün hazırlanmışdı.
İkinci desant istiqaməti kimi 702-ci briqadanın kəşfiyyat bölüyünün xidmət rəisi baş leytenant Kamal Zülfüqarovun komandanlığı ilə 90 nəfərlik dəstə Şükürbəyli döngəsi adlanan ərazidə müdafiə yaradaraq, Horadiz-Şükürbəyli yol qovşağının nəzarətdə saxlamaqla düşmənin arxa cəbhəsində ehtiyat qüvvələrinin müdafiə üçün qruplaşdırmasına mane olmalı idi.
Üçüncü desant istiqaməti isə Horadiz qəsəbəsində planlaşdırılırdı. Belə ki, briqadanın kəşfiyyat bölüyünün komandiri İlham Ağalarovun sərəncamında olan 120 nəfərlik dəstə (onların 20 nəfəri kəşfiyyatçılar, digər 100 nəfəri isə Zəngilan bölüyünün döyüşçüləri idi. Zəngilan bölüyünə leytenant Səhyəddin Namazov rəhbərlik edirdi) Yanvarın 4-də gecə gizli yolla düşmən arxasına keçib, Horadiz qəsəbəsindəki yüksəkliklərdə yerləşən səngərlərdə mövqe tutmalı, səhər saat 7-də isə qəsəbədə yerləşən düşmən mövqelərinə atəş açaraq əməliyyata başlamalı və cəbhə xəttindən hücuma keçəcək qüvvələrimizin Horadizə daxil olmasına qədər oradakı düşmən qüvvələrinə qarşı döyüşməklə qəsəbəni əldə saxlamalı idi. Onlara həmin vaxt cəbhə xəttindən Nizami Mirzəməmmədovun rəhbərliyilə 702-ci briqadanın artilleriya divizionu atəş dəstəyi verməli idi. Bununla da dəstə Bakı-Laçın yolunu nəzarətə götürməklə düşmənin döyüş mövqeyinə göndərəcəyi ehtiyat qüvvələrinin hərəkətinə mane olmalı və düşmən arxasında panika yaradıb onların əsas qüvvələrini pərən-pərən salmalı idi. Cəbhə xəttindən Horadizə hücuma keçən əsas qüvvələrimiz isə 4 saat sonra, yəni səhər saat 11:00-da oraya daxil olub, qəsəbəni düşməndən azad etməli idi.
Beləliklə, döyüş vəzifəsinə uyğun olaraq İlham Ağalarovun, Kamal Zülfüqarovun və Adil Balaşovun desant qrupları 4 Yanvar 1994-cü ildə, axşam saat 8-də Araz Dilağarda kəndində Quruçayın Araz çayına qovuşduğu yerdən cəbhə xəttini keçərək düşmən arxasına keçdilər. İlham Ağalarovun 120 nəfərlik dəstəsi düşmənin müdafiə-istehkam postlarını keçərək Horadiz qəsəbəsinə yollandı. Dəstə səhər saat 7:00-da qəsəbənin “POST QAİ” adlanan hissəsində səngərlərdə müdafiə mövqeyi tutub, burada yerləşən düşmən bölmələrinə atəş açmağa başladı. Elə bu zaman cəbhə xəttindən düşmən mövqeyinə açılan artilleriya atəşi əməliyyatın başlanmasından xəbər verirdi. Səngərdə əlverişli mövqe tutan dəstə düşmənə ağır itkilər verdi. Komandir İlham Ağalarov bununla kifayətlənməyib hücumun effektliyini artırmaq məqsədilə ərazidə manevr etməyi qərara aldı. Çünki düşmənin arxadan gələn ehtiyat qüvvələri sayca çox olsaydı, desant qrupumuzu asanlıqla üstələyə bilərdi. Digər tərəfdən az sayda canlı qüvvə ilə bir neçə istiqamətdən hücuma keçmək qarşı tərəfdə büyük bir ordunun hücumu təsəvvürü yarada bilərdi.
Saat 8:30-da 20 nəfərlik dəstə ilə o Horadizdəki pambıq zavoduna doğru hücum əmri verdi. Dəstənin 100 nəfərlik Zəngilan bölüyü isə səngərdə qalıb, düşmənin hücumunu dəf etməkdə davam edirdi. Manevr edən 20 nəfərlik dəstə qəsəbədəki PMK deyilən istehsalat sahəsini keçərək suvarma kanalına yaxınlaşanda yolboyu düşmənin cəbhə xəttinə göndərmək üçün cəmləşdirdiyi döyüşçülərlə dolu avomobil karvanını gördü. Düşmən karvanının içində 1 ədəd QRAD qurğusu da var idi. Dayanmadan hücuma keçən dəstənin qəfil həmləsi düşmən qüvvələrini pərən-pərən saldı və yenidən şiddətli döyüş başladı.
Saat 11:00 radələrində kəşfiyyat qrupu qəsəbədəki dəmiryoluna doğru istiqamət götürdü. Burada onlar arama-tarama əməliyyatları ilə pusquda gizlənən düşmən qüvvələrini zərərsizləşdirməkdə davam edirdilər. Cəbhə xəttindən hücuma keçəcək qüvvələrimizin hələ də döyüş mövqeyinə gəlib çatmaması düşmən arxasında döyüşən hər üç desant qrupundan dayanmadan manevr edərək düşməni panikaya salmağı və bacardıqca onlara daha çox itki verməyi tələb edirdi.
Saat 13:00-da düşmən qüvvələri Horadiz-Mollaməhərrəmli xətti boyunca müdafiə məntəqələri qurmaq üçün qruplaşma aparmağa başladı. Lakin desant qruplarımızın ciddi müqaviməti və çevik manevrləri sayəsində bunun qarşısı alındı. Düşmən tərəfindən müqavimətin dayandığını görən kəşfiyyat komandiri İlham Ağalarov geriyə - Mollaməhərrəmli kəndi istiqamətində hücum əmri verdi.
Şükürbəyli kəndindəki 90 nəfərlik dəstə isə səhər saat 6:00 radələrində yüksəklikdə mövqe tutan düşmənin artilleriya dəstəsini məhv etmiş, onlardan 2 ədəd top, 2 ədəd top dartqısı, 1 ədəd qumbaraatan və bir neçə avtomat qənimət olaraq ələ keçirmişdilər. Düşmənin arxa cəbhəsindən kömək üçün göndərdiyi 1 ədəd tank və kamaz maşını dəstənin gənc kəşfiyyatçısı Cümşüd İbrahimov tərəfindən qumbaraatanla vuruldu. Qarşı tərəfin ciddi müqavimətini görən düşmən Şükürbəyli istiqamətində ön cəbhəyə ehtiyat qüvvə göndərmək fikrindən əl çəkdi. Lakin az sonra kəşfiyyat dəstəsi Bəhmənli kəndində itki verərək geri çəkilən düşmən qruplaşmasının hücumuna məruz qaldı. Nəticədə dəstədən 7 nəfər həlak oldu. Vəziyyətdən çıxış yolu kimi Kamal Zülfüqarov geriyə deyil, irəli əmri verərək öz dəstəsi ilə Horadizdəki Zəngilan bölüyünün müdafiə mövqelərinə gəldi. Təxminən günorta saat 12:00-da onlar Zəngilan bölüyü ilə birlikdə qəsəbə üstündəki səngərlərdə mövqe tutdular.
Günortadan bir az sonra milli ordu hissələrinin, Daxili Qoşunların və Sərhəd Qoşunlarının piyada bölükləri cəbhə xəttində düşmənin müqavimətini qıraraq Füzuli rayonunun içərilərinə doğru irəliləməyə başladılar. Onların hücum istiqaməti belə idi:
--702-ci briqadanın 1-ci batalyonu – komandir Elnur Məmmədov, istiqamət Şükürbəyli kəndi;
--702-ci briqadanın 2-ci batalyonu – komandir Zahir Həsənov, istiqamət Horadiz qəsəbəsi;
--702-ci briqadanın 3-cü batalyonu – komandir Məzahir Əliyev, istiqamət Aşağı Əbdürrəhmanlı kəndi;
--702-ci briqadanın 4-cü batalyonu – komandir Zakir Vəlişov, istiqamət Yuxarı Kürdmahmudlu, Alxanlı və Aşağı Seyidəhmədli kəndləri.
--704-cü briqadanın 1-ci batalyonu - komandir Rufulla Babayev, istiqamət Kərimbəyli, Şükürbəyli və Qorqan kəndləri
--DQ-nin Ağdam alayı - komandir Məmməd Hacıyev, istiqamət Horadiz qəsəbəsi
--DQ-nin Biləcəri alayı - komandir Akif Cəfərov, istiqamət Horadiz qəsəbəsi
--Sərhəd Qoşunlarının yığma dəstəsi - komandir Atəş Həsənov, istiqamət Kürdmahmudlu, Alxanlı və Yuxarı Seyidəhmədli kəndləri
Qeyd edək ki, 702-ci briqadanın 4-cü batalyonu Sərhəd Qoşunları ilə birlikdə hücum əməliyyatına girmişdi. Daxili Qoşunların isə Ağdam (komandir - Məmməd Hacıyev) və Biləcəri alayı (komandir - Akif Cəfərov) Arazboyu hücuma keçən batalyonlarla birlikdə hərəkət edirdi. Onlarla birlikdə Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Xocavənd rayonlarının polis bölmələri, həmçinin Sumqayıt şəhər yanğınsöndürən bölüyü də hücuma keçmişdi. Hücum əməliyyatında 704-cü briqadanın 1-ci taborundan başqa tank, artilleriya və kəşfiyyat bölmələri, eləcə də 1 PDM ekipajı da iştirak edirdi. Desant qrupları arama-tarama əməliyyatları ilə pusquda gizlənən düşmən qüvvələrini zərərsizləşdirdiyindən və onların artilleriyasını sıradan çıxardığından qüvvələrimiz Füzuli rayonunun içərilərinə doğru ciddi müqavimətlə qarşılaşmadan irəliləyirdi. Təxminən günorta saat 15:00-da qoşunlarımız Horadiz qəsəbəsinə daxil oldu, onların bir hissəsi Horadiz kəndi istiqamətində hücumu davam etdirərək Cəbrayıl rayonunun Mərcanlı kəndinə qədər irəliləyə bildilər.
Lakin hərbi qüvvələrimizin Qorqan-Qaraxanbəyli-Əbdürr
Horadiz qəsəbəsi azad ediləndən sonra desant qrupları geriyə, Daşburun stansiyasına qayıtdı və hücum əməliyyatı dayandırıldı. Əməliyyat uğurla başa çatdı. Əməliyyatdan sonra Füzuli rayonununda yeni cəbhə xətti Qaraxanbəyli –Aşağı Əbdürrəhmanlı – Kürdlər – Pirəhmədli – Horadiz boyu keçirdi.