BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycanlı əhalinin Ermənistan SSR-dən deportasiyası - (1948-1953) 

25 may 2020 14:32:05

70 illik sovet imperiyasında da ermənilər zaman-zaman Azərbaycanın tarixi torpaqlarında möhkəmlənməyə davam edirdilər. Rus şovinizminin erməni siyasəti hələ sovetləşmənin ilk illərində özünü biruzə verməyə başladı. 1923-cü il İyulun 7-də Azərbaycan SSR MİK-nin dekreti ilə Qarabağda mərkəzi Xankəndi şəhəri olmaqla DQMV yaradıldı. Bu, Azərbaycanda yaşayan erməni əhalisinə bir növ muxtariyyət haqqı tanımaq idi.

 

1930-cu illərdə kollektivləşdirmə və kütləvi repressiyalar dövründə Azərbaycan SSR rəhbərliyində məsul vəzifələrdə işləyən kommunistlərin əksəriyyəti milliyətcə erməni və digər etniklər idi. Həmçinin imperiyanın paytaxtı Moskvada siyasi dairələrdə yüksək vəzifələrdə çoxlu sayda erməni çalışırdı. Hətta 1930-cu illərdə Qarabağın Ermənistana birləşdirilməsi barədə Mərkəzi Komitədə ermənilərin təşəbbüsü ilə bir neçə dəfə müzakirə baş tutmuşdu. 1947-ci il Dekabrın 23-də Sovet İttifaqı KP MK-nin baş katibi İ.Stalinin sərəncamı ilə Ermənistan SSR-dən azərbaycanlı əhalinin kütləvi şəkildə Azərbaycan SSR-nin aran rayonlarına köçürülməsinə başlanıldı.

 

1948-1953-cü illərdə minlərlə azərbaycanlı öz doğma atayurdundan didərgin salındı və Azərbaycan SSR-ə pənah gətirdi. Yüksək dağ şəraitinin iqliminə uyğunlaşan soydaşlarımızın əksəriyyəti aran rayonlarının iqliminə dözə bilməyib dünyasını dəyişdi. Rus şovinizminin növbəti deportasiya siyasəti 1980-ci illərdə yekunlaşacaq və azərbaycanlılarsız Ermənistanın yaradılması başa çatdırılacaqdı.

Ardı var...

 

Elbrus Vahidov