Prezidentdən Ramazan təbriki
22 may 2020 16:41:18
Prezident İlham Əliyev mübarək Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı təbrik edib.
Modern.az xəbər verir ki, dövlətimizin başçısı ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayının insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət etdiyini vurğulayıb. Bildirib ki, bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
Təbrikdə daha sonra deyilir:
“Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır”.
Təbrikdə qeyd edilir ki, orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar: “Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm”.
Prezident İlham Əliyev oruc və ibadətlərin Allah dərgahında qəbul olunması diləyi ilə hər kəsə möhkəm cansağlığı, ailələrinə xoşbəxtlik, süfrələrinə xeyir-bərəkət arzulayıb.