Milli Məclisin komitəsindəbu məsələlərə baxıldı
22 may 2020 15:04:55
Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Zəfər.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Komitə sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi Azərbaycanla Türkiyə arasında imzalanmış ən mühüm sənədlərdən biridir. 2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4.5 milyard dollara çatmışdır. Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq 2.9 milyard dollar təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1.2 milyard dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8.5 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb.
Qeyd olunub ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.
Sonra İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.
Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək. Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.
Deputatlar Əli Məsimli, Vüqar Bayramov Preferensial Saziş barədə öz fikirlərini açıqladılar, sənədin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətindən danışdılar.
Növbəti məsələ ilə bağlı bildirildi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb. Bu Protokol Sazişin ayrılmaz hissəsidir və tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Protokol Sazişlə eyni vaxtda qüvvədən düşür.
Sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, sənəd “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
Həmin qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” qanunun 18.62.2-ci və 18.62.3-cü maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında” qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcəkdir.
Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Layihələrin müzakirəsindən sonra komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi apardılar. Komitə sədri Tahir Mirkişili, deputatlar Rüfət Quliyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev ölkədəki ictimai-siyasi durum, iqtisadi inkişaf, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mülahizələrini bölüşdülər.(Modern.az)