“Ermənistanda müharibədə ölənlərə mənzil, avtomobil verilir?”
19 may 2020 19:57:20
“Biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur”.
Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu sahədə də Azərbaycan liderlik göstərir: “Çünki dünyanın bir çox yerlərində müharibələr olub, münaqişələr, insan itkisi olub. Mən, əlbəttə, Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəməzdim, ancaq həqiqət ondan ibarətdir ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir.
İndi bir daha demək istəyirəm ki, heç kimlə müqayisə aparmaq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur. Mənim şəhid ailələri ilə çoxsaylı görüşlərim əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşısında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, - bu il onların sayı 9 minə çatacaq,- bizim əməli işlərimizin gözəl nəticəsidir”.(Qafqazinfo)