Bu gün Əhməd bəy Ağaoğlunun anım günüdür
19 may 2020 12:54:47
19 may Azərbaycan və Türkiyənin milli düşüncə və mücadilə tarixində önəmli yeri olan dahi mütəfəkkir, istedadlı qəzetəçi, bənzərsiz ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anım günüdür.
M.Ə. Rəsulzadənin onun vəfatı ilə əlaqədar 1939-cu ilin mayında qələmə aldığı aşağıdakı cümlələr Əhməd bəyin ömür və mübarizə yolunu, fikrimizcə, tam dolğun əks etdirir:
“Əhməd bəyin şəxsində biz, türk təfəkkür və yazısnın ən canlı və həyəcanlı bir simasını, Avropa qəzetəçiliyinin Şərqdə çox qüvvətli bir nümayəndəsini və Yaxın Şərqdəki tarixi Avropalaşma hərəkatının ən səmimi ideoloqunu qayb etdik.
Onunla əməkdaşlıq etmiş bir adam sifətilə, mərhumun əsrin başlanğıcındakı qəhrəmancasına çalışmalarına yaxından aşına bir adam sifətilə söyləyə bilərəm ki, o zamankı qızğın sənələrdə Əhməd Ağaoğlu qədər heç bir adam milli hərəkat və milli dava cəbhəsinin atəş xəttində bulunmamışdır.
Bütün düşmən propaqandaçılarının o dövrdə ən çox vurduqları və hər türlü ittihama hədəf aldıqları şəxsiyyət – Əhməd Ağaoğlu idi”.
1894-ci ildə Parisdə təhsilini başa vurub vətənə dönən Əhməd bəy Ağaoğlu öncə Tiflisdə yaşamağa qərar verir. O, yerli gimnaziyada fransız dilindən dərs deyir, eyni zamanda da, “Kavkaz” qəzeti ilə əməkdaşlığını davam etdirir. Maraqlıdır, o dönəmin görkəmli filosof və şərqşünaslarından biri olan Ernest Renan tələbəsi Əhməd bəyə təhsilini başa vurduqdan sonra həmişəlik Avropada qalmağı məsləhət görür:
“Sən dünya miqyaslı alim olmaq imkanına malik bir insansan, məmləkətinə qayıtma. Şərq səni udacaq”.
Ə.Ağaoğlunun sevimli müəlliminin bu təklifinə cavabı isə qısa və qəti olmuşdu: “Şərqin də oxumuş insanlara ehtiyacı var. Sizdən öyrəndiklərimi məmləkətimdəki soydaşlarıma öyrədəcəyəm”.
Bu baxımdan Tiflis, Qafqazın siyasi və mədəni mərkəzi olsa da, Azərbaycanın hüdudlarından kənarda yerləşirdi. Əhməd bəy isə vətəninə xidmət etmək istəyi ilə geri dönmüşdü. Bunun üçün isə xalq kütlələrinin içində, onlarla birbaşa təmasda olmaq gərək idi. Görünür ki, elə bu səbəbdən də, o, iki il Tiflisdə yaşadıqdan sonra, 1896-cı ildə doğma Şuşaya qayıtmaq qərarına gəli.
Əhməd bəy Şuşada, yerli realnı məktəbdə müəllimlik etməyə başlayır. Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminli də həmin illərdə bu məktəbdə təhsil alırdı. O xatırlayır ki, təhsil müəssisəsində “direktor və bütün müəllimlər rus idi. Yalnız fransız dilindən Əhməd bəy, alman dilindən isə bir erməni müəllim dərs deyirdi. Müəllimlərin arasında erməninin olması tamamilə təbii idi, çünki onlara icazə verilirdi, türklər isə belə bir hüquqa malik deyildilər. Bu səbəbdən, Əhməd bəyin müəllimliyi istisna idi”.
Ə.Ağaoğlu pedaqoji fəaliyyətlə kifayətlənməyərək, şəhərin ictimai-mədəni həyatında fəal iştirak edir, imkanı daxilində xalq kütlələrinin maarıflənməsinə və yerli müsəlman toplumunun tərəqqisinə yardım göstərməyə çalışır. Məsələn, Şuşanın türklər yaşayan hissəsində ilk qiraətxana və kitabxananın əsasını 1896-cı ildə Əhməd bəy qoymuşdu. Bu fəaliyyətinə görə həmyerliləri onu “Firəng Əhməd” deyə çağırırdılar.
Aydındır ki, Ə. Ağaoğlunun bu fəaliyyəti patriarxal adət-ənənələrin hələ də hökmranlıq etdiyi Şüşa kimi bir əyalət şəhərində müəyyən dairələri açıq-aşkar qıcıqlandırırdı. Xüsusilə də ona görə ki, Avropada təhsili almış Əhməd bəy, eyni zamanda, islam dini “bilici” və “mütəxəssis”lərinə dərs vermək fürsətini də əldən qaçırmırdı. Üstəlik, Əhməd bəy sadəcə savadlı və zəkalı deyildi, həm də istəniklən situasiyada özünü müdafiə etmək iqtidarında olan fiziki cəhətdən güclü bir insan idi.
Y.V. Çəmənzəminli yazır ki, Əhməd bəy “islam və türk tarixinə hər kəsdən artıq vaqif idi... Məclisdə danışanda hеç bir mоlla cəsarət еdib оnun fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt və əsəbi bir adamdı, bilxassə bəylərin qudurğanlıqlarına dözə bilməzdi, оnlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı, həmişə də tapançasını hazır saxlardı”.
Bu bəylər əqli, mənəvi və fiziki baxımdan özlərindən qat-qat üstün olan Əhməd bəylə açıq və təkbətək qarşıdurmada gücsüz olduqlarını yaxşı anlayır və müxtəlif iyrənc üsüllarla ondan intiqam almağa çalışırdılar. Belə ki, bir gün оnu təhqir еtmək məqsədilə klubdan şapkasını və paltоsunu оğurlatmışdılar və o, еvinə başıaçıq dönməyə məcbur оlmuşdu.
Əhməd bəy Qarabağın tanınmış nəsillərindən birinin nümayəndəsi olan Əbdürrəhman Vəzirovun qızı Sitarə xanımı məhz Şuşada görüb sevmişdi. Lakin Sitarə xanımın olduqca tərs və şıltaq qadın olan anası öz qızını adət-ənənələrə, eləcə də, mövcud dini normalara qarşı çıxan “Firəng Əhməd”ə verməkdən qətiyyətlə imtina etmişdi.
Bu izdivac yalnız Sitarə xanımın anasının vəfatından sonra, 1902-ci ildə baş tutdu. Sitarə xanım ömrünün sonunadək Əhməd bəyə sadiq və vəfalı həyat yoldaşı oldu. Baxmayaraq ki, Səməd Ağaoğlunun da qeyd etdiyi kimi, valideynləri tamamilə fərqli xarakterlərə malik idilər. Sərt, əsəbi, şıltaq xasiyyətli Əhməd bəydən fərqli olaraq, Sitarə xanım yumşaq və üzüyola təbiətə sahib idi, öz hiss və həyəcanlarını cilovlamağı bacarırdı. Sitarə xanım məhz bu keyfiyyətləri sayəsində, ərinin mürəkkəb təbiəti səbəbindən mütəmadi olaraq ortaya çıxan problemləri yoluna qoymağı, ailədə rahatlıq və hüzuru təmin etməyi bacarırdı. Üstəlik, Səməd Ağaoğlunun vurğuladığı kimi, “otuz üç sənəlik yoldaşlığında, ta gözlərini əbədi olaraq qapamasından yarım saat əvvəlinə qədər, ərinin ən qüvvətli mücadilə dayağı oldu”. Səməd Ağaoğlu yazır ki, “anam, hamımız üçün fırtınalı dənizlərdən qaçaraq sığındığımız xoşbəxtlik və dincəlmə limanıydı”.(Modern.az)
Aydın Balayev,
tarixçi