5 il keçdi...
19 may 2020 11:21:42
Bu gün Binəqədi rayonunda 4-ü uşaq olmaqla, 11 nəfərin ölümünə səbəb olan yanğından 5 il ötür.
2015-ci il mayın 19-da səhər saatlarında Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında yanğın başladı. Binanın penoplast materialla üzlənməsi qısa zamanda yanğının güclənməsinə və bütün binanın alovlar içində qalmasına səbəb oldu. Xilasedicilər tərəfindən onlarla sakin binadan təxliyə olunsa da, 15 nəfər vəfat etdi. Onlardan 4-ü də azyaşlı idi.
Yanğın nəticəsində 3 yaşlı Fərəh, 5 yaşlı Ayan, 2 yaşlı Ayxan və 1 yaşlı Ömər dünyasını dəyişdi. 16 yaşlı Davud Eyvazov da yanğın zamanı vəfat etdi. Bina sakinləri olan Bağırova Firəngiz Rəhim qızı (60 yaş), onun qardaşı Bağırov Sahib Rəhim oğlu (49 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Həsənova Alla Antonovna (58 yaş), Utuyevsil Yuri Vladimiroviç (67 yaş), Boykova Lyubov Viktorovna (87 yaş), Yəhyayeva Elmira Əliağa qızı (68 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Kərimova Nazilə Malik qızı (39 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş) yanğında həyatlarını itirdilər.
Bu yanğına görə binanı üzləyən şirkətin vəzifəli şəxsləri, penoplast materialla bağlı ekspertiza rəyi verən ekspertlər və icra strukturlarından bir neçə şəxs həbs olundu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə binanın üzləməsini həyata keçirən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Miryusif Mahmudov 8 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, “Global Stone” MMC-nin direktoru Uğur Bəşirov 5 il, direktor müavini Ələkbər Əsgərov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova şərti cəza verilib.
2019-cu ilin iyul ayında Miryusif Mahmudov və Ələkbər Əsgərov şərti cəza ilə azadlığa buraxılıb.(Qafqazinfo)