BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

I sinfə qəbulla bağlı yeni mərhələ başladı

18 may 2020 17:35:19

Bu gündən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün təşkil edilmiş müsahibələrdə iştirak edə bilməyən uşaqların 1-ci sinfə qəbulu üçün növbəti mərhələ başlayır.

 

Təhsil Nazirliyindən Zəfər.az-a verilən məlumata görə, bu gündən etibarən valideyn (qanuni nümayəndə) şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir. Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək. Onlayn müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək.

 

Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq. Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək. Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

 

2020-2021-ci dərs ili üçün tədris digər dildə aparılan bölmə üzrə müraciət etmiş uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir?

 

Valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.

 

Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyunun 3-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək.

 

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

 

Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.